01 aprel 2024 13:41
1011

COP29 Yer kürəsinin gələcək taleyinin müzakirə olunacağı qlobal platformadır - Pərvanə Vəliyeva

COP-lar çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri okeanlar və onların hazırki problemləridir

İqlim dəyişikliyinin fəsadları su hövzələrində, okeanlarda əhəmiyyətli dərəcədə hiss olunur. Okeandakı vəziyyətin səhiyyə böhranına yol açması və okean biomüxtəlifliyinin itməsi əsas təsirlərdən biridir

“İnsan fəaliyyətinin nəticəsi olan karbon emissiyaları okeana ciddi şəkildə təsir edir, temperaturun dəyişməsinə, suyun turşulaşmasına və dəniz biomüxtəlifliyinin azalmasına səbəb olur. Müxtəlif dəniz növlərinin populyasiyaları 1970-ci ildən bəri əhəmiyyətli dərəcədə azalıb. Okeanlardakı pozulmalar sahilyanı yaşayış yerlərinə də təsir edərək, dəniz səviyyəsinin yüksəlməsinə və təbii fəlakətlərin tezliyinin artmasına səbəb olur. Bu, sahilyanı ərazilərdən məcburi köçə və daşqınlara qarşı həssaslığın artmasına səbəb olur. İqlim dəyişikliyinin əsas nəticələrindən biri də miqrasiyanı tətikləyir.”

Bu fikirləri “Sağlamlığa Xidmət” İctimai birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında bildirdi.

Okean idarəçiliyinin təkmilləşdirilməsinə böyük ehtiyac var

Pərvanə Vəliyevanın sözlərinə görə, okeanın böyük hissəsinin tədqiq edilməmiş qaldığını nəzərə alaraq, davamlı okean sağlamlığını təmin etmək üçün tədqiqatın və ekspert məsləhətinin təşviq edilməsi vacibdir. Mavi iqtisadiyyat təşviq edilsə də, okean ekosisteminə zərər verməmək üçün davamlı və dayanıqlı iqtisadi inkişaf lazımdır. İstismar yerinə dayanıqlılığa üstünlük vermək okean sağlamlığını qorumaq üçün çox vacibdir. Bu baxımdan okean idarəçiliyinin təkmilləşdirilməsinə böyük ehtiyac var.

COP29 Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, COP-lar çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri okeanlar və onların hazırki problemləridir. Okeanologiya elmi və okeanoloq ixtisası daha çox inkişaf etmiş ölkələrdə geniş yayılıb. Bu istiqamətdə müxtəlif hərəkatlar da mövcuddur. BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) yanında QHT Komitələrindən biri - YOUNGO daxilində eyni missiya və dəyərlərə malik 60-dan çox ölkədən 350-dən çox üzvün iştirakı ilə “Okeanın səsi” (Ocean's Voice) adlı hərəkat yaradılmışdır. "Bir Planet, Bir Okean, Bir Səs" prinsipi altında fəaliyyət göstərən “Okeanın səsi” hərəkatı UNFCCC prosesi çərçivəsində okeanların gələcəyi barədə danışıqları artırmaq üçün fəal işləyir və iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşması üçün həllər hazırlayır.

Dünyanın su hövzələrində yaranan problemlər Xəzər dənizində də yaşanır

Həmsöhbətimiz diqqətə çatdırdı ki, ölkəmiz okeana çıxışı olmayan ölkə olmasına baxmayaraq dünyanın su hövzələrinin eyni adlı problemlərini Xəzər dənizində də yaşamaqdayıq. Quraqlıq çay sularının, xüsusilə Volqa çayında suyun azalmasına və nəticədə Xəzərdə suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Səviyyənin kəskin aşağı düşməsi sahil landşaftının deqradasiyasına və ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər.

Pərvanə Vəliyeva qeyd etdi ki, COP29 ətraf mühit problemlərinin müzakirə olunacağı mötəbər tədbir olmaqla yanaşı, əlverişli qlobal platformadır ki, burada Yer kürəsinin gələcək taleyi həll olunur. İqlim dəyişikliyinin fəsadları hər ərazidə fərqli şəkildə hiss olunsa da, problemin özəyində qlobal istiləşmə dayanır.

Sülh üçün Su

Müsahibimiz vurğuladı ki, Ümumdünya Su Gününün builki şüarı “Sülh üçün Su” olmuşdur. İnsanları susuz qoymaqla, su hövzələrini çirkləndirməklə edilən zorakılıq, insan hüquqların pozulması hallarına son qoymaq bu ilin əsas mövzusudur. Təbii ki, ekologiyanı siyasiləşdirmək olmaz, münaqişə şəraitində suya zərər vurulmamalıdır. BMT su ehtiyatlarına çıxışı əsas insan hüququ kimi tanıyır və bu, Dayanıqlı İnkişaf Məqsədlərinin mərkəzində dayanan bir məsələdir.

P. Vəliyevanın sözlərinə görə, ölkəmizin su ehtiyatları uzun illərdir ki, Ermənistan tərəfindən transsərhəd çaylarımıza axıdılan kimyəvi tullantılarla zəhərlənir. Dağ-mədən sənayesinin ağır metal tullantıları ilə zəngin çirkab suları, eləcə də Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları Araz çayına axıdılır. Vətəndaş cəmiyyəti təşkilatlarının bütün müraciətlərinə baxmayaraq, çirkləndirmə illərdir ki, davam etdirilir. Su hövzələrinin qəsdən çirkləndirilərək həmsərhəd ölkəyə, onun əhalisinə, kənd təsərrüfatına, eləcə də ekosisteminə ziyan vurulmasının qarşısını almaq üçün mexanizm, beynəlxalq hüquqi çərçivələr olsa belə, görünən odur ki, təəssüf ki, belə ciddi məsələyə dünyanın aparıcı ölkələri tərəfindən lazımi diqqəti ayrılmır.

Yaqut Ağaşahqızı, “İki sahil”