03 aprel 2024 00:36
366

Dövlət siyasətinin mərkəzində insan amili, vətəndaşların rifahı dayanır

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə ölkəmizdə uğurla reallaşdırılan sosial siyasətin əsas istiqamətlərindən biri vətətəndaş rifahının təminatı, həssas əhali qruplarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itimiş vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsidir. Bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Respublikamızda son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında sosial islahatlar proqramı davam etdirilib, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin edilib.

Minimum pensiya və əməkhaqqının artırılması davam edəcək

 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev aprelin 2-də DOST TV-nin “Sosial saat” verilişinin canlı yayımında bildirib ki, bütövlükdə sosial islahatlar paketi ümumilikdə 4 milyon insanı, əhalinin 40 faizini əhatə edib. Onların cəmi məbləği illik 7 milyard manata yaxındır: “Yəni, bir il ərzində əlavə əməkhaqqı və sosial ödənişlərə dövlət büdcəsindən və dövlət qurumlarından yönələn vəsait 7 milyard manata bərabərdir. Cəmi 5 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artıb. Eyni zamanda, əməkhaqqı fondu 2,8 dəfə artıb. Bu, böyük bir leqallaşmadır. 500 mindən çox əmək müqaviləsi leqallaşıb ki, bunun da 400 mindən artığı özəl sektorun payına düşür. Orta əməkhaqqı 73 faiz artıb. Əhalinin kasıb və həssas təbəqələrini maraqlandıran median əməkhaqqı 2,2 dəfə artıb. Minimum pensiya 2,5 dəfə artaraq 280 manata çatıb. Orta aylıq pensiya 2,4 dəfə artıb”. Nazir, həmçinin vurğulayıb ki, minimum pensiya və əməkhaqqının artırılması yenə davam edəcək.

Respublikamızda sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2024-ci ildə də davam edib. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli Sərəncamı bunun bariz ifadəsidir. Sərəncama əsasən, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

 Hazırda ölkəmizdə ilk dəfə olaraq yaşa görə pensiya 500 manatı keçərək 530 manata bərabər olub. Bütün bu artımlar 1 milyondan çox pensiyaçını, 2 milyondan çox əmək müqaviləsi ilə çalışanları əhatə edib. Sosial müavinətlərdə 3 dəfədən çox artım olub və bu müavinəti alan 450 min nəfəri əhatə edib. Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri 6 dəfədən çox artıb. 2018-ci ildə sosial müavinət və təqaüdlərə yönəldilən vəsaitin ümumi məbləği 300 milyondan bir az artıq idi. Hazırda bu rəqəm 1,6 milyarddan artıqdır. 5 il ərzində 1 milyon 300 min nəfərə aktiv məşğulluq proqramları ilə dəstək göstərilib. 500 mindən çox vətəndaş daimi işlə təmin edilib. 78 mindən çox ailəyə özünüməşğulluq proqramı çərçivəsində özlərinin kiçik və mikro biznesini yaratmaq üçün aktivlər verilib.

Ünvanlı sosial yardımla bağlı qaydalar sadələşdirilib

Ölkə başçısının tapşırığına uyğun olaraq sosial islahatlar proqramının uğurla davam etdirilməsi sayəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin edilib. Həmçinin həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb. Bu gün ünvanlı sosial yardımın orta məbləği təxminən 450 manatdır.

Sahil Babayev DOST TV-yə müsahibəsində qeyd edib ki, ünvanlı sosial yardımla bağlı qaydalar sadələşdirilib. O, həmçinin qeyd edib ki, bu sahədə orta aylıq vəsait artırılıb, müraciət forması sadələşdirilib. hazırda 300 minə yaxın insan bu cür yardım alır.

Bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq. Artıq Qarabağ Regional DOST Mərkəzinin əhatə etdiyi 7 rayon üzrə filialların açılması üçün hazırlıqlara başlanılıb

Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edən DOST şəbəkəsi də getdikcə genişlənir. Hazırda Naxçıvan, Şuşa, Sabirabad, Gəncə, Sumqayıt, Masallı və Şəkidə Regional DOST mərkəzlərinin tikilməsi işləri aparılır. Nazir S.Babayevin sözlərinə görə, 2026-cı ilə qədər regional mərkəzlərin, həmin ilin sonuna isə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Beləliklə, bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq: “Regional mərkəzlərlə yanaşı, ətraf rayonlar üçün onun filial şəbəkəsi də yaradılır. Məsələn, Qarabağ Regional DOST Mərkəzinin əhatə etdiyi 7 rayon üzrə filialların açılması üçün hazırlıqlara başlanılıb. 17 yeni Regional DOST Mərkəzimiz olacaq, onlardan artıq 7-si var, növbəti iki ildə 10-nun da yekunlaşdırılması planlaşdırılıb. 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində artıq regional şəbəkəni tam yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda, 55 DOST filialı olacaq. Yəni, Regional DOST mərkəzlərinin yerləşmədiyi rayonlarda o filiallar təmin olunacaq. Nazirliyin bir xidməti də tənha yaşayan ahıl şəxslərə evlərdə xidmətin göstərilməsidir. Bu sosial xidmətçilər hər gün bir rayondan başqasına gedə bilməz. Ona görə hər rayonda olacaq 20-yə yaxın sosial xidmətçi də həmin DOST filialları vasitəsilə əlaqələndiriləcək. 2 il ərzində, yəni 2026-cı ilədək bu şəbəkəni yekunlaşdırmağı düşünürük. Bununla da struktur islahatları yekunlaşacaq”.

Göründüyü kimi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında sosial islahatlar proqramı uğurla davam etdirilir. Sosial müdafiə və fəal məşğulluq proqramlarının icrası, daha da genişləndirilməsi təmin edilir. Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.

Zahid Rza, “İki sahil”