02 aprel 2024 23:19
251

Qəzzanın infrastrukturuna 18,5 milyard dollar ziyan dəyib

2023-cü ilin oktyabrından bu ilin yanvarına kimi Qəzza zolağının infrastrukturuna dəyən ziyanı 18,5 milyard dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu məlumat BMT və Dünya Bankının birgə hesabatında təqdim olunub.

Sənəddə qeyd edilir ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 %-nə bərabərdir.

Ən çox mənzil sektoru zərər çəkib. Dəymiş ziyanın beşdə dördündən çoxu yaşayış binalarının (ümumi məbləğin 72 %-i) payına düşür.

Ticarət, sənaye və xidmət sahələrinə dəyən ziyan ümumi məbləğin 9 %-ni təşkil edir.

Dağıntılar ən çox Qəzzanın şimalında və Xan Yunis əyalətində qeydə alınıb.

Birgə məlumatda deyilir ki, davam edən qarşıdurmadan Qəzza iqtisadiyyatı da ziyan çəkib. Qəzza zolağının əhalisinin 74 %-i işsizdir.