03 aprel 2024 16:04
451

Aprel döyüşləri Vətən müharibəsində Qələbə qazanmağımıza təkan oldu

“İşğal altında olan ərazilərimizin azad olunması prosesi olduqca uzun və mərhələli formada həyata keçdi. Buna qədər Azərbaycan iqtisadi imkanlarını səfərbər etməyi bacardı, paralel olaraq hərbi imkanlarımız da gücləndi. Azərbaycan ilk dəfə 2016-cı ilin Aprel döyüşləri ilə öz hərbi gücünü təkcə Ermənistana deyil, həm də bütün dünyaya və xüsusən də Ermənistanı dəstəkləyən qüvvələrə nümayiş etdirə bildi. Təbii ki,  bu proses olduqca çətin oldu və Aprel döyüşlərində Azərbaycan Ordusu taktiki əhəmiyyət kəsb edən  məntəqələri azad etməklə gələcəkdə Vətən müharibəsi dövründə strateji hədəflərimizə çatmaq üçün Aprel döyüşləri olduqca əhəmiyyətli oldu".

Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafını da burada xüsusi qeyd etmək lazımdır. Ordumuz öz silah texnika parkını gücləndirməklə yanaşı, döyüş hazırlığının yüksəldilməsi məqsədilə kadr potensialını da gücləndirdi və Azərbaycan Ordusunun zabit və gizir heyəti dünyanın ən müasir döyüş aparmaq sənətinə yiyələndi. Qırx dörd günlük müharibədə də biz bunun şahidi olduq.

R.Məmmədlinin sözlərinə görə, Azərbaycan dövləti bu işlərin həyata keçirilməsi üçün siyasi-diplomatik tədbirləri də yüksək səviyyədə reallaşdırdı. Müharibə, hərbi əməliyyatların siyasi dəstək olmadan aparılması olduqca çətindir. Bu baxımdan Azərbaycan  diplomatiyasının da qələbəsini xüsusi qeyd etmək lazımdır. Bu gün də Azərbaycanın Ermənistan üzərində üstünlüyü təkcə hərbi kontekstdə deyil, həm də diplomatik  kontekstə də özünü açıq şəkildə göstərir. 2016-cı ilin Aprel döyüşləri Vətən müharibəsində Qələbə qazanmağımıza təkan oldu. Bugünkü  üstünlüyümüz, regionda güclü dövlətə çevrilməyimiz üçün əsas səbəblərdən biri oldu.

Yaqut Ağaşahqızı, “İki sahil”