08 aprel 2024 11:15
343

Brüsseldə hazırlanan MƏXFİ PLAN: Regionda proseslər çox təhlükəli istiqamətdə gedəcək

Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etmələri Azərbaycanın haqlı narahatlığını əsaslandıran komponentlərdəndir. Çünki Qərb de-fakto şəkildə Ermənistana nüfuz etməsini və orada möhkəmlənməyə çalışmasını artıq gizlətmir, buna iqtisadi don geyindirmək üçün İrəvana maliyyə yardımı ayırır. Bu da regiondakı siyasi ab-havaya mənfi təsir edir, Azərbaycan-Ermənistan sülh müzakirələrinə zərbə vurur.   

Antoni Blinkenin və Ursula Fon der Lyayenin telefon zəngləri zamanı ABŞ və Aİ Azərbaycanı inandırmaq istəyirdi ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Halbuki bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Birincisi, Azərbaycanla Ermənistan arasında başladılan normallaşma müzakirələrində istər dövlətlər, istərsə də XİN başçıları səviyyəsində Qərb daha fəallıq göstərərək, hətta ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib, buna nail də olub. Lakin vasitəçilik etmək üçün, ilk növbədə, neytral davranmaq lazım gələndə biz bunun xüsusiyyətlərini üçüncü tərəflərdə müşahidə etmədiyimiz üçün onlar verilən şanları da itirdilər. Paralel olaraq da həmin dairələr Ermənistanı öz məqsədləri üçün dəstəkləyərək qərəzli yanaşma sərgiləyirlər.  

Hər kəsə aydındır ki, Ermənistanın sülh müzakirələrindən uzaqlaşması, bu qədər rahat davranması ona verilən şirin vədlərin  və edilən yardımların məntiqi nəticəsidir. Bu cür birtərəfli yardımlar regionda qüvvələr balansının bərabərləşdirilməsinə hesablanıb. İrəvan da zaman uzatmaqla ordusundakı boşluqları ABŞ-ın, Fransanın, Aİ-nin səyləri ilə kompensasiya edir, Qərbin kəşfiyyat orqanlarının məlumatları ilə şərti sərhəddə üstünlüyə yiyələnməyə çalışır, bəlkə də bunun üçün uyğun zaman gözləyir. Bütün bunlar isə regiondakı prosesləri çox təhlükəli istiqamətdə doğru aparır.

Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu ilə görüşündə mövcud reallıqları diqqətə çatdıraraq ölkəmizə qarşı artan təzyiqlərin istiqamətini göstərdi.  Görünən odur ki, ölkəmizə qarşı durmadan artan təzyiqlər Vətən müharibəsində qazandığımız Qələbədən, əsasən də ötən ilin sentyabr əməliyyatından sonra kəskin vüsət alıb.

Burada sual yaranır, özünü hər zaman demokratiyanın beşiyi, insan haqlarının qoruyucusu qismində göstərən Avropa niyə Azərbaycan torpaqlarını işğal edən, minlərlə mülki insanı qətlə yetirən, onları yaşamaq hüququndan məhrum edib qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistanı açıq şəkildə dəstəkləyir?. Qeyd etmək yerinə düşər ki, bu dəstək və Ermənistanın cinayətlərini görməzdən gəlmək yeni tendensiya deyil. Əgər müsbət düşünərək, İrəvana dəstəyin Rusiya ilə bağlı olduğunu desək, yanılarıq. Çünki regionda Ermənistanın düşmən gördüyü ölkə Azərbaycandır, eyni zamanda, özünü müdafiə qabiliyyətinin artırılmasının da təkcə ölkəmizə qarşı olduğu aydındır.

Rusiya və İranın maraqlarının təmin olunması baxımından Ermənistandan istifadə ediblər. Regionun problemlərini region dövlətləri özləri həll etməlidir ki, tezisini özünə sərf edən formada işlədən İran düşmən gördüyü Qərbin Ermənistana nüfuz etməsinə səssiz yanaşır...

Brüssül müzakirələrindən əvvəl Azərbaycan və Türkiyə rəsmilərinin açıqlamalarının konteksti ona deməyə əsas verir ki, görüşdə məxfi komponentlərin olması ehtimalı böyükdür. Çünki Ermənistan ictimaiyyəti də etiraf edir ki, görüşdən daha çox şey gözləyirdilər. Məlum məsələdir ki, Ermənistan bu gün böyük ölçüdə Rusiyadan asılıdır, İrəvana edilən maddi yardımlar isə bunu qısa müddətdə aradan qaldırmaq üçün yetərli deyil.

Tarixə nəzər salsaq, deyə bilərik ki, Ermənistan himayə olunan dövlət olması səbəbindən indiyə qədər hər hansı ciddi aqressiya ilə qarşılaşmayıb və hərbi arsenalı da bəlli ölkələr tərəfindən  qurulub.  Bu gün də eyni tendensiya davam edir. Belə ki, terror qruplaşmalarının arxasındakı güclərin böyük dövlətlər olması məntiqi baxımdan da real olduğunu demək olar. Gedişata nəzər salsaq, Ermənistanın ərazisinə terrorçu və muzdlu döyüşçülər də gətirildiyini ehtimal etmək mümkündür. O zaman ayrılan vəsait həm də həmin qrupların saxlanılmasına və onların zəruri ehtiyaclarının qarşılamasına xərclənir.  Bundan əlavə, məlumdur ki, beynəlxalq terrorizmin bir parçası da ermənilərin də təmsil olunduğu erməni terror təşkilatlarının Qərb ölkələrinə bağlılığı şübhə doğurmur.  Məsələn, Orli Qrupu 1981-ci ildə Fransadan olan erməni gənclər tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilə qədər dünyanın müxtəlif hava limanlarında 10-dan çox terror aktı törədib.

Baş verən proseslər fonunda Zəngəzur istiqamətində, istərsə də digər mövqelərdə Ermənistanın ciddi hazırlıqlar gördüyü, müdafiə və hücum imkanlarını artırdığı müşahidə olunur. Həmçinin Avropa İttifaqının missiyası, ABŞ-ın  hazırlıqlı bölmələri Ermənistan ordusu müharibəyə hazırlaşdırılır. Ermənistan tərəfinin bu cür hazırlığı isə Qərbin planları üzrə davam edir və atacağı addımlar da ona uyğun olacaq.

Elmir Səftərov,
Siyasi şərhçi