09 aprel 2024 00:58
307

“Zəngəzur dəhlizi” sözündən qıcıqlanan Qərbin utopiyası

Brüsseldə siyasi məzhəkəni xatırladan ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransının əsas məqsədlərindən biri də türk dövlətlərini birləşdirəcək bu dəhlizin bərpasına mane olmaqdır

Belçikanın paytaxtı Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü özlərinə sərf edən tərzdə açıqlayan təşəbbüskarlar, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel kimilər əsl məqsədi gizlədirlər. Əslində Ermənistanı silahlandırmaq cəhdinin, «mini NATO», yəni, Şimali Atlantika Alyansının Ermənistan variantının detalları açıqlanmasa da əsl məramın nəyə xidmət edəcəyi Brüssel konfransı iştirakçılarının tərkibindən də bəlli olur. Ötən ilin son aylarında rəsmi Bakının icazəsi olmadan Xankəndiyə « humanitar yardım» adı altında silah-sursat daşıyan konvoyların qarşısını qətiyyətlə alan Azərbaycan ermənipərəstlərə göstərdi ki, müstəqil, qüdrətli dövlət olan ölkəmizin daxili işlərinə müdaxiləyə yol verilməyəcək.

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən, bir günlük lokal xarakterli antiterror əməliyyatından sonra siyasi, iqtisadi, müdafiə qüdrəti artan Azərbaycanın gücünü bir daha hiss edən ermənipərəst ABŞ administrasiyası, Qərbin Fransa da daxil olmaqla bəzi dövlətləri Cənubi Qafqaz ideyalarını gerçəkləşdirmək üçün ən çirkin vasitələrə əl ataraq niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Bu baxımdan Brüssel konfransı anti-Azərbaycan ssenarilərindən biri idi.

Konfransın məram və mahiyyətini açıqlayan beynəlxalq politoloqların bildirdikləri kimi, məqsəd Rusiya ilə Ermənistan arasındakı münasibətləri birdəfəlik pozmaq, Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Qərbin , ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı düşmən mövqeləri bəllidir. Ukraynanı yalan vədlərlə aldadaraq Rusiya ilə hərbi toqquşmaya cəlb edən Qərblə ABŞ hələ ki, niyyətlərinə çata bilməyiblər. Hər iki tərəfdə xeyli insan həlak olub şəhərlər, kəndlər, strateji obyektlər dağıdılsa da müharibənin nə ilə bitəcəyi bəlli deyil. 1941- 1945-ci illərin Böyük Vətən müharibəsində Hitler faşizmini məhv etmək üçün ABŞ-ın ikinci cəbhə açmaq variantının təkrarı üçün Ermənistanın seçilməsinin işğalçı ölkəyə hansı sürprizlər yaşadacağı da müəmmalıdır.

Konfransın məkrli, xəyanətkar məqsədlərindən biri isə güclənən türkçülüyün qarşısını almaqdır. Başqa sözlə deyilsə, türk dövlətləri arasında həmrəyliyi gücləndirəcək Zəngəzur dəhlizinin bərpasına yol verməməkdir. 2020-ci noyabrın 10- da Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda yer alan kommunikasiyaların bərpası ilə bağlı öhdəliyin qarşısına «qırmızı xətt» çəkməkdir . Başqa sözlə deyilsə Türkiyə ilə Azərbaycanı, bütünlükdə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına əngəl törətməkdir. Amma tarixi həqiqətlər, zamanın hökmü, geosiyasi vəziyyət, Azərbaycanın dəhlizin açılmasında israrlı olması bütün maneələrdən daha üstün və realdır. Azərbaycan və Türkiyə kimi dövlətlərlə sərhədləri bağlı olan Ermənistanı onların dili ilə deyilsə iqtisadi böhrandan çıxarmaq baş tutan deyil. Hər iki qardaş ölkə ilə əsrlərdən bəri düşmən olan, Qərbin təsiri ilə illərdən bəri qabağında qul kimi əyildiyi rəsmi Kremlə qapı arxasını göstərən, bu ölkə ilə əlaqələrini kəsməyə, Rusiyanın Gümrüdəki hərbi bazasını öz ərazisindən çıxarmağa çalışan Ermənistan çıxış yolu olmayan dalana sürüklənir.

Konfransla bağlı bəzi açıqlamalarda qeyd olunduğu kimi, ABŞ-ın guya Ermənistandakı «iqtisadi islahatları dəstəkləmək» üçün ayıracağı 65 milyon dollar vasitəsilə iqtisadiyyatı İrandan və Rusiyadan birbaşa asılı olan Ermənistanın «dirçələcəyini» düşünmək sadəlövhlükdür. Çünki, oyuncaq kimi istifadə olunan Ermənistanın böhrandan çıxması, Cənubi Qafqazda sabitliyin yaranması, bölgə dövlətləri ilə qarşılıqlı əməkdaşlıq münasibətlər qurmasından asılıdır. Bu kimi reallıqları nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, konfransın əsas məqsədi Cənubi Qafqazda hələ də közərən münaqişə ocağını qızışdırmaq, anti-Azərbaycan, anti-Türkiyə siyasətini gücləndirməkdir. Maraqlıdır ki, Nikol Paşinyanın sərsəm «sülh kəsişməsi”» layihəsini dəstəkləyənlər, rəsmi Bakının ədalətli sülh təkliflərinə etinasız yanaşanlar, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını ləngidən Paşinyana heç bir təsir göstərmirlər.

Bu kimi məqamlar belə bir qənaət yaradır ki, Brüssel konfransının məqsədi Cənubi Qafqazda yenidən qarşıdurma mühiti yaratmaqdır. Ötən aylarda Qərbin ölkəmiz əleyhinə apardığı təxribatlar, AŞPA ilə yaranan narahatlıqlar, səlahiyyətləri çatmayan beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın daxili işlərinə müdaxilə kimi əsassız bəyanatların qəbulu bu reallığı təsdiq edir. Qərbin aldadıcı vədlərinin heç bir ölkəyə firavanlıq gətirmədiyini 2008-ci ildə Gürcüstan hadisələrı, 2022-ci ildə başlayan Rusiya- Ukrayna müharibəsi də təsdiqləyir.

ABŞ, Qərb həqiqətən Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etmək istəiyrsə ilk növbədə dünyanın siyasi xəritəsində mövqeyi möhkəmlənən, diplomatiyası dəstəklənən, müəllifi olduğu enerji və nəqliyyat layihələrini gerçəkləşdirən Azərbaycan amilinə diqqətlə yanaşmalı, bölgə ilə bağlı məsələlərdə rəsmi Bakı ilə hesablaşmalıdır. Bu əminliyi siyasi, iqtisadi, diplomatik uğurları ilə Cənubi Qafqazın lider dövləti, uğurlu, balanslaşdırılmış və praqmatik xarici siyasəti ilə dünyada mövqeyini möhkəmləndirən Azərbaycanla bağlı reallıqlar da təsdiqləyir. Respublikamız regionun ən mühüm aktoruna çevrilməklə, xalqının təhlükəsiz və xoşbəxt gələcəyinin təminatı etibarlı əllərdədir.

Hazırda Qərbi, ABŞ-ı narahat edən Zəngəzur dəhlizi də bu qüdrətin gücü, Türkiyə –Azərbaycan qardaşlığının həmrəyliyi ilə bərpa olunacaq. «Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyini «unudur.» Bu həqiqəti «Ona görə bunu pərdələmək, eyni zamanda, «Zəngəzur dəhlizi»” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, «Zəngəzur dəhlizi”» sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu «sülh yol kəsişməsi»” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil» sözləri ilə bəyan edən Prezident İlham Əliyevin sözləri ilə deyilsə, Brüssel konfransı Azərbaycanın tərpətdiyi layların altında qalan ermənipərəstlərin son xəyanəti, nəfəsi olacaq.

Dünyada güclənən turançılıq ideyasından xoflananlar bilməlidirlər ki, türk, İslam həmrəyliyinin möhkəmlənməsində xüsusi rolu olacaq Zəngəzur dəhlizi bütün maneələrə baxmayaraq açılacaq. Dövlətlərarası kommunikasiyaları birləşdirən, Orta Dəhlizin nəqliyyat mərkəzinə çevrilən, bütün maneləri gücü, qüdəri ilə aradan qaldıran, 30 il Ermənistanın işğalı altında qalaq torpaqları öz gücünə azad edən Azərbaycan Zəngəzur dəhlizinin bərpasına da nail olacaq. Bir çox dünya dövlətləri üçün strateji əhəmiyyətə malik bu layihənin bərpası tarixi zərurətdir. Bu baxımdan harada görüş keçirsələr də, danışıqlar aparsalar da, anti-Azərbaycan təxribatlarını genişləndirsələr də Azərbaycanın siyasətinə mane ola bilməyəcəklər. Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq.

Xuraman İsmayılqızı, «İki sahil»