13 aprel 2024 14:30
550

İŞİD-lə, ASALA ilə işbirliyində olan Fransanın beynəlxalq terrorizmlə əlaqələri yenilik deyil - RƏY

Moskva terrorunun sifarişçisi Makrondur, Fransadır 

Moskva vilayətində martın 22-də törədilmiş dəhşətli terror aktının arxasında Fransanın və Makronun olması Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dimitri Medvedev tərəfindən rəsmi qaydada bəyan edilib. Bu əsla təsadüfi səsləndirilmiş fikirlər deyil. Çünki Rusiyanın aidiyyəti strukturlarının bu haqda daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir. Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Bununla Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq idi. Şübhəsiz, bu istiqamətdə aparılan araşdırmalar daha bir çox mətləblərə aydınlıq gətirəcək. Bu kimi çirkin addımlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə əsla xələl gətirə bilməz. Çünki iki ölkə arasında həm siyasi, həm də iqtisadi müstəvidə yüksək səviyyədə əməkdaşlıq mövcuddur və iki ölkə arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Elə bu səbəbdən iki ölkə bir-birini  strateji tərəfdaşlar adlandırırlar. Görünür, Rusiyanın, xüsusilə də ölkəmizin apardığı neokolonizm siyasəti Afrikadan əli üzülməkdə olan Makronu kəskin narahat edib. Odur ki, Makron Fransası belə terror aktını sifariş verib.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirdi. 

Fransa öz irticaçılıq və müstəmləkəçilik siyasətini həyata keçirmək üçün terror aktlarından Afrikada geniş formada istifadə edib

Cavid Osmanov qeyd etdi ki, Fransa öz irticaçılıq və müstəmləkəçilik siyasətini həyata keçirmək üçün terror aktlarından Afrikada geniş formada istifadə edib. Təkcə Əlcəzairdə fransız ordusu 1,5 milyon insanı qətlə yetirib. Elə bu gün də rəsmi Paris bu siyasətini həyata keçirməkdə davam edir. Yəni, dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Dini ayrı-seçkiliyini davam etdirir. Lakin rəsmi Parisin Afrika səhnəsindən  gedəcəyi gün də o qədər uzaqda deyil və Afrika ölkələri artıq bu prosesə start veriblər. Fransa isə sadəcə münaqişə ocaqları yaratmaqla öz varlığını qoruyub saxlamağa çalışır.

İŞİD və ASALA ilə əməkdaşlıq edən Fransa...

Ümumiyyətlə, Fransanın beynəlxalq terrorizmlə əlaqələri yenilik deyil və bununla bağlı çoxsaylı faktları qeyd etmək mümkündür. Fransanın İŞİD terror təşkilatı  ilə də çox sıx əlaqələrinin olması, bu təşkilatı maliyyələşdirilməsi faktları mövcuddur. Belə ki, Fransanın Lafarge şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodu və onun İŞİD-lə əlaqələri, onu maliyyələşdirilməsi üzə çıxmışdır. Onu da qeyd etmək lazımdır ki, terrorizmə xidmət göstərən bu sement zavodu bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən darmadağın edilib. Fransanın terrora dəstək verməsi İŞİD-lə yekunlaşmır. Bu ölkənin erməni terrorizminə dəstəyi və ASALA-nın əsas ocaqlarından biri olması gün kimi bəllidir. ASALA son 53 ildə 31 türk diplomatı və onların yaxınlarını qətlə yetirmişdir. Hətta türklərin, azərbaycanlıların haqq mövqeyini müdafiə edənlər bu təşkilat tərəfindən təhdid edilir. Həmçinin Fransada “Erməni azadlıq hərəkatı”, “Orli qrupu”, “Gənc ermənilər ittifaqı”, “İntiharçılar eskadronu” kimi terror təşkilatları da yaradılıb. Bu isə o deməkdir ki, ASALA Fransada fəaliyyətini davam etdirir. İndi də  Fransa Qarabağ ermənilərindən ibarət legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə çalışır.

Şübhəsiz, XXI əsrdə beynəlxalq səviyyədə terror təşkilatları kimi tanınan İŞİD və ASALA ilə əməkdaşlıq edən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir. Çünki bu, terrora açıq dəstək göstərmək deməkdir. Korporativ maraqları üçün bəşəri dəyərləri ayaqlar altına almaqdan çəkinməyən, terror təşkilatları ilə işbirliyi quran Fransa elə bilirdi ki, bu addımları daim gizli qalacaq. Lakin tarix heç nəyi gizli saxlamır.

Orxan Vahidoğlu, "İki sahil"