24 iyul 2026 19:18
101

“Erməni soyqırımı” necə ifşa edildi?..

Uydurma “erməni soyqırımı” ortalığa atılandan sonra Türkiyəni zəiflətməyə cəhd göstərən Qərb dövlətləri ondan yapışaraq I Dünya müharibəsindən məğlub durumda çıxmış bu türk-müsəlman ölkəsinə təzyiqi artırdılar. Onlar hər vəchlə çalışırdılar ki, siyasi təzyiq vasitəsi əldə edərək Türkiyəni böyük təzminat ödəməyə məcbur etsinlər və özlərindən asılı vəziyyətə salsınlar. Əslində bu, “səlib yürüşü”nün müasir forması idi. Beynəlxalq mühitdə özbaşınalıqlar və təhdidlər o həddə çatdırıldı ki, İngiltərənin hakimiyyət orqanları Maltada guya erməniləri soyqırıma məruz qoymuş türk hərbçilərini və dövlət məmurlarını ittiham etmək və cəzalandırmaq məqsədi ilə yalançı məhkəmə qurdular.  İngiltərə polisi və hərbi tribunalı məhkəmə araşdırmaları zamanı türk-müsəlman əhaliyə qarşı cinayət törətmiş erməniləri istintaqdan uzaqlaşdırır, alacaqları cəzadan xilas edirdilər.

Böyük Britaniya Osmanlı İmperiyasında “Müharibə əsirləri ilə pis rəftar və ermənilərə qarşı qırğınlara görə” təhqiqatlar apardı, əsassız hökmlərlə 147 məmur və yüksək rütbəli zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edildi və qəribədir ki, Böyük Britaniyanın qanunları əsasında onların üzərində mühakimə quruldu. Səbəb guya türklərin 300 min ermənini soyqırımına məruz qoyması idi. Sonralar uydurulmuş 300 min rəqəmi süni surətdə 1,5 milyona qaldırıldı. Halbuki həmin dövrdə Türkiyədə 900 min erməni yaşayırdı. İstintaqı əsasən İngiltərənin Baş Prokurorluğu aparırdı. Lakin müstəntiqlər işi sona çatdıra bilmədilər. Səbəb isə “soyqırım məsələsinə” dair heç bir sübutun tapılmaması idi. Yəni, Osmanlı rəhbərlərinin “bütün erməniləri məhv edin” şəklində nə yazılı, nə də şifahi heç bir əmri tapılmamışdı. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın görkəmli ictimai xadimlərindən biri olan Əhməd Ağaoğlu istintaqa cəlb edilən dövlət məmurları sırasında Malta adasına sürgün edilmişdi.

Məhkəmə iclaslarında bəlli oldu ki, mövcud olan bütün sənədlər, əksinə, ermənilərə dəyə biləcək hər hansı ziyanın qarşısının alınmasını tələb edirdi. Buna baxmayaraq, “türkləri cəzalandırmaq”da qərarlı olan ingilislər rəsmi şəkildə Amerika Birləşmiş Ştatlarına müraciət edərək, “türklərə qarşı sübutlar” tapılmasını istədilər. Lakin Britaniya səfirinin ABŞ-dakı səyləri də nəticə vermədi. 23 iyul 1921-ci ildə səfir Kreyq Londona Amerika tərəfinin rəsmi cavabını bildirdi: “Amerika arxivlərində türklərə qarşı heç bir sübut aşkar edilməmişdir”.

Maltada 32 ay davam edən prosesdən sonra həmin şəxslərə bəraət verildi və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlindi. 29 iyul 1921-ci ildə belə qərar verildi: “Bu günə qədər məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmayıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş Prokurorluğu “kütləvi öldürmə” iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübutların dəyəri olmadığını, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.

 Məhkəmə oyunlarının düzməcə olduğu barədə Azərbaycanın tarixçi alimi Zaur Əliyevin əlində qiymətli arxiv materialları var. Materiallardakı mötəbər faktlar “erməni soyqırımı”nın saxtalığını tamamilə açıq göstərir və ifşa edir. Digər faktlar da var ki, “soyqırım”ın olmadığını acıq göstərir.

1916-cı ilin 23-26 mayında Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirilib. Burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Qurultayda 97 siyasi-ictimai təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmayıb.

1917-ci ilin may ayının əvvəllərində İrəvan şəhərində də bir yığıncaq, belə deyək ki, “ermənilərin birinci qurultayı” keçirilib. Onun gündəliyindəki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi. Məruzə və çıxışlarda da bu barədə danışılmayıb. Halbuki iddia olunan “qırğınlarla” qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi.

Digər bir tədbir 6 oktyabr 1917-ci ildə Tiflis şəhərində olub. Orada “Ümumerməni qurultayı” işə başlayıb və bir neçə gün davam edib. Tiflislə “1,5 milyon erməni qırılan” yer arasındakı məsafə cəmi 40-45 kilometr idi. Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmayıb. Əksinə, ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi əsassız tələblər irəli sürüblər. Faktlar deyir ki, haqqında danışdığımız saxta soyqırımının müəllifi və hərəkətverici qüvvəsi Sovet hökumətinin ideoloqları olub. Bu isə başqa bir məqalənin mövzusudur.

Bir neçə il əvvəl bəzi Avropa ölkələri quraşdırma “soyqırım” məsələsini gündəmə gətirəndə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan onların qarşısına qətiyyətlə tələb qoydu ki, gəlin arxivləri açaq, dünya görsün ki, soyqırımı olub, yoxsa bu, kimlərinsə ortalığa atdığı yalandır. Bu tələbdən sonra həmin ölkələr səslərini bir daha çıxarmadılar.

Xatırladaq ki, həmin ərəfədə Azərbaycan Demokratik Respublikasının ilk daxili işlər naziri olmuş Behbud xan Cavanşir 1921-ci ildə Almaniyaya neft avadanlıqları gətirmək üçün gedərkən Maltada erməni terrorçu Mişek Toplaqyan tərəfindən izlənərək küçədə güllələnib öldürüldü. İngiltərə tribunalı gecə ikən qatili həbsdən buraxıb ABŞ-a qaçmasına şərait yaratdı.

29 iyul 1921-ci il məhkəmə qərarı ilə saxta soyqırımına nöqtə qoyuldu. 1965-ci il aprelin 24-də Sovet hökumətinin təşkilatçılığı ilə yenidən ortalığa atıldı və türklərə nifrət yenidən qızışdırıldı. Lakin bu düşmənçilik nə Sovet dövlətinə, nə də davakar ermənilərə xeyir gətirmədi.

Vəli İlyasov, “İki sahil”