15 aprel 2024 15:00
450

“Yaşıl enerji”yə keçid enerji siyasətinin əsas istiqamətlərindən biridir

Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir 

“Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Energetika Nazirliyi ilə Anlaşma Memorandumları imzalanır. 2020-ci ildə Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə Günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığı genişlənərək qısa bir dönəmdə “Masdar”, “ACWA Power”, “bp”, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə yaşıl enerji layihələrinin reallaşdırılması istiqamətində müqavilələrin imzalanması ilə davam etdirilmişdir.”

Bu məlumatı “İki sahil”in sorğusuna cavab olaraq Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.

570 min Günəş paneli quraşdırılıb

Agentlikdən bildirilib ki, 26 oktyabr 2023-cü il tarixində qeyd olunan əməkdaşlıqların uğurlu nəticəsi olaraq Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib: “Sözügedən Günəş elektrik stansiyasında 570 min Günəş paneli quraşdırılmışdır. Stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılmasına imkan yaradır. 

Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt gücündə Günəş elektrik stansiyaları və Qobustanda 240 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur

Həmçinin “Masdar” şirkəti ilə quruda 1 QVt gücündə Günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir. Bu çərçivədə Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt gücündə Günəş elektrik stansiyaları və Qobustanda 240 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. Bu il bp şirkəti tərəfindən Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının təməlinin qoyulması da planlaşdırılır.”

Qurumdan o da bildirilib ki, BOEM sahəsinin inkişafı ilə bağlı bir sıra beynəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilir: “Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi, Asiya İnkişaf Bankı ilə isə “Üzən Günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi, Dünya Bankı ilə "Bərpa Olunan Enerji Mənbələrinin Azərbaycan Respublikasının Enerji Sisteminə İnteqrasiyası” üzrə tədbirlər davam etdirilməkdədir.

Göründüyü kimi, hazırda ölkəmizin enerji strategiyasına uyğun olaraq bu istiqamətdə inamla işlər aparılır və Azərbaycanın yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təchizatında mühüm tərəfdaşı olması planlaşdırılır.”

Orxan Vahidoğlu, “İki sahil”