15 aprel 2024 23:57
222

İftixar mənbəyimiz, qürur yerimiz...

44 gün davam edən Vətən müharibəsində son damla qanınadək döyüşən şəhidlərimiz elə bir tarix yazdılar ki, heç zaman unudulmayacaq.  1997-ci ildə Lerik rayonunun Piran kəndində dünyaya gələn Vidadi Cəbrayıl oğlu Cabbarov da ölümsüzlüyə qovuşan bu qəhrəmanların cərgəsindədir.  O, Ermənistan  işğalı altında olan ərazilərin  azad  edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk gündən səngərdə öz yerini almaqla  düşmənə qan uddurub.  Vətən sevdalısı Cəbrayılda, Qubadlıda   üçrəngli qələbə bayrağımızı yüksəldənlərdən olub. Ölüm ayağında da erməni dığalarına sarsıdıcı zərbə vurmaqla  ürəyə əbədi dayanıb.

Vətəni canında üstün tutan  Vidadi Cabbarov  milyonların könlünə köç etməklə, həm də  dövlət tərəfindən  ölümündən sonra  “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görülüb.

Piran camaatı  ulu bir xalqın qəhrəmanlıq tarixinə adını öz rəşadəti və qani ilə yazan Vidadi  Cabbarovu özlərinə cəsurluq, igidlik məktəbi bilməklə ehtiramını həmişə uc tuturlar, heç vaxt onu unutmurlar.  Vətən sevdalısının 27 yaşı tamam oldu.  Bu münasibətlə doğma kəndində tədbir keçirildi.  Ziyarətçilər  əvvəlcə  kənddə  yerləşən şəhidlər bulağına gəldilər,  şəhid ailələri, müharibə veteranları çıxışlar edərək bildirdilər ki, İkinci Qarabağ müharibəsində  qeyrətli  övladlarımız Vətən, torpaq yolunda şüurlu  surətdə canlarını fəda etdilər. Məhz Vidadi də belə bir müqəddəsliyin sahibidir. Vidadi kiçik yaşlardan   vətənpərvər böyümüşdü. O, təmiz ürəkli, vicdanlı və olduqca qeyrətli  bir oğul  idi. Qərinələr ötsə belə Vidadi də başqa şəhidlər kimi heç vaxt unudulmaz... Ardınca məktəblilərin  ifasında  qəhrəmanlığı tərənnüm edən Vətən məhəbbətli şerlər səsləndi.

Sonda ziyarətçilər şəhidin məzarına baş çəkdilər, ona təzə güllərdən  çələng  hördülər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü