16 aprel 2024 00:58
227

Dövlət proqramları regionların inkişafına necə təsir edir?

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, ölkəmizin iqtisadi rayonlarının bölgüsü təsdiq edilmişdir. Yeni bölgü 14 iqtisadi rayonu əhatə edir.

Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə və Qəbələyə son səfərləri zamanı da şahidi olduq. Bu səfərlər zamanı açılışı keçirilən və ya təməli qoyulan obyektlərin sayı, həmçinin onların əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafında tutduğu yer bölgələrə diqqət və qayğının bariz təzahürüdür.

Prezident İlham Əliyevin bölgələrə son səfərlərinə nəzər salaq. Dövlətimizin başçısı Hacıqabulda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Göründüyü kimi, bütün obyektlər sosial və iqtisadi təyinatlı olmaqla, həmin rayonların sakinlərinin sağlam, firavan yaşayışına xidmət edəcək.

Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.

Respublikamızın bölgələrinin inkişafında regionların inkişafı üzrə Dövlət proqramlarının da xüsusi əhəmiyyəti var. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Nəticədə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın çoxalıb. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb. Bu rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə ötən 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.

Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında Çindən ABŞ-a qədər dünyanın bir çox dövlətlərinə ixrac edilir. 2023-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard ABŞ dollarına çatması bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir. Göründüyü kimi, istehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir.

Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün sadaladığımız faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə hər hansı sahədə ölkənin ümumi inkişafından kənarda qalmır.

Cavid Əkbərov, “İki sahil”