16 aprel 2024 01:16
291

Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır - İlham Əliyev

Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur

«Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur.» Dövlət başçısı İlham Əliyev cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə və uğurlu nəticələrinə yönəldərək bildirmişdir ki, öz hədəfimizə doğru gedirdik. İndi keçmiş hadisələri yeni prizmadan təhlil edərkən görürəm ki, yəqin bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək ki, başımız buna qarışsın, gecə-gündüz özümüzü müdafiə edək, yaxud da gedək onların qabağında baş əyək.

Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə böyük uğurlara imza atdığını görərik. Ən əsası bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapdı.

Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe gözlədi, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllinə səy göstərdi. Son illərdə görünən bu idi ki, münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin mümkün olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. 

44 günlük İkinci Qarabağ müharibəsi haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin isə şərin, işğalçı dövlətin yanında olduğu bir daha təsdiqləndi. 30 illik işğal dövründə ikili standartlara əsaslanan siyasətləri ilə diqqətdə olan dünya gücləri bu yanaşmanı istər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də tarixi Zəfərimizdən sonra nümayiş etdirdilər. Bütün bunların fonunda Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, öz missiyasını şərəflə yerinə yetirməyə qadir olan ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində tarixinin Zəfər səhifəsini yazdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən “dəmir yumruq” öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.

Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu daha da artdı. Azərbaycan ən yüksək tribunalardan haqlı mövqeyini beynəlxalq ictimaiyyət çatdırdı. Tarixi Zəfərimizdən sonra əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirdik.

Ötən ilin sentyabr ayında lokal antiterror tədbirlərinin həyata keçirilməsini zərurətə çevirən səbəblər məlumdur. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək istəmirdi, mütamadi olaraq hərbi təxribatları ilə diqqətdə idi. Lakin dünya gücləri yenə də susmağa üstünlük verdi. Təbii ki, vəziyyət bu şəkildə davam edə bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri birgünlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi.

Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın tarixi Zəfərindən böyük qürur hissi ilə bəhs edərkən bu mühüm məqamı da xüsusi vurğulayır ki, müharibə olmaya da bilərdi. Təbii ki, bu çağırış özündə bütün məqamları ehtiva edir. 28 il vasitəçilik missiyasına laqeyd yanaşmaları ilə diqqətdə olan, neytral deyil, birtərəflilik prinsipi ilə vasitəçilik missiyalarını yerinə yetirən dünya gücləri zamanında işğalçı dövlətə sanksiyalar tətbiq edib BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına səy göstərsəydilər münaqişə sülh danışıqları əsasında həllini tapar, müharibə baş verməzdi.

Tarixi Zəfərimizdən sonra günümüzün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz regionda sülh istəyirik. Təbii ki, seçim Ermənistanındır. Qeyd etdiyimiz kimi, Azərbaycan 30 illik işğal dövründə də eyni vəziyyəti yaşadı. Tərəflər sülh danışıqlarına qatıldı, müəyyən məsələlər ətrafında razılığa gəldikləri halda görüşdən sonra himayədarlarından gələn təpkilər Ermənistanın tamamilə fərqli bir yanaşma ortaya qoymasına səbəb olurdu. İşğalçı dövlətin yeni müharibə planları hazırlaması və bununla da 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda atılan addımlar oldu. Bəzi dünya gücləri bir tərəfdən münaqişənin ədalətli həllində maraqlı olduqlarını, digər tərəfdən isə işğalçını adı ilə çağırmağın məsələnin nizamlanması prosesinə maneə olacağını bildirdilər. Bu yanaşma ilə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri 28 il icrasını gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu hədəfə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Lakin Ermənistanın bu gün də siyasətində müstəqil olmaması, hələ bir qədər də irəli gedərək yeni himayəçı axtarışna çıxması regionda vəziyyətin gərginləşməsinə səbəb olur. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır və atdığı addımların arxasında bu prinsiplərin dayanması diplomatik uğurlarının biri-birini əvəzləməsinə səbəb olur.

Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT Xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz dünya güclərinin vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı. Eynilə antiterror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən əl çəkmək haqqında düşünməsələr də Azərbaycan haqqın, ədalətin hər zaman zəfər çaldığını önə çəkərək real həqiqətlərə, tarixi faktlara söykənən təbliğatını uğurla davam etdirir. İnformasiya mübarizəsi bütün dövrlər üçün aktuallığını qoruyur.

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri uğurlarının davamlılığında, yeni dostlar, tərəfdaşlar qazanmasında öz sözünü deyir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işlərinə müdaxilə etmir və özünün daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. «Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq» söyləyən cənab İlham Əliyev onu da bildirir ki, hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmırdıq: «Hətta işğal dövründə onların daxili proseslərinə də heç vaxt qarışmırdıq. Halbuki bizim kifayət qədər imkanlarımız var idi. Bu gün də var, bu gün də qarışmırıq. Baxın, bizim daxili işlərimizə nə qədər qarışma cəhdləri olub. Nə qədər məkrli planlar qurulub bizə qarşı… Hələ 1990-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırıq. Axı, bizim torpaqlarımız işğala məruz qalıb, biz necə blokadada saxlaya bilərik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda var idi. Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı və ondan sonra biz nə qədər belə əsassız ittihamlara məruz qalmışdıq. Tamamilə əsassız.»

Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili, belə qərəzli yanaşmaların mövcudluğu fonunda özlüyündə yaranan «Biz nə etdik» sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Azərbaycan bu hücumlara qarşı öz mövqeyini ortaya qoydu. Tarix faktlara, real həqiqətlərə əsaslanır. Tarixi inkar etməklə, öz maraqları naminə ədaləti və beynəlxalq hüququ arxa plana keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Qarabağ münaqişəsinin tarixin arxivinə atılmasından sonra da Azərbaycan qərəzli yanaşmalarla, qeyri-ciddi təbliğatla üz-üzə qaldı. Bunun da səbəb bəllidir. Cənab İlham Əliyev bu cəhdləri belə əsaslandırır ki, Qarabağı azad etməyimizi də ona görə bizə bağışlamırlar ki, onların əlindən bu rıçaq çıxdı: «Azərbaycan, məcazi mənada desək, bu qarmaqdan çıxdı. Artıq bu amil yoxdur. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atmışdılar ki, yenə də burunlarını oraya soxa bilsinlər. Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edirdilər ki, yenə də vəziyyəti qarışdırsınlar. O rıçaq da əllərindən çıxdı. Ona görə indi yeni bir mövzu axtaracaqlar.»

İşğalçıya dövlətə havadarlıq edən dövlətlər indi də belə bir ittiham səsləndirirlər ki, guya Azərbaycan Ermənistana hücum etmək istəyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, lap axıra qədər gedərdik: «Cermuk şəhəri - bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik… Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.»

Dövlət başçısı İlham Əliyev daim Azərbaycanın dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldığını əsaslı şəkildə diqqətə çatdırır. Bunu yalnız tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində deyil, Azərbaycanın demokratik inkişafına yanaşmada da aydın şəkildə görürük. Ölkəmizin demokratik inkişafı göz qabağındadır. Yeni dövrə qədəm qoyan Azərbaycanın bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral növbədənkənar prezident seçkilərində nümayiş etdirdiyi demokratiya təcrübəsi ölkəmizə qarşı aparılan qərəzli təbliğatlara tutarlı cavabdır. Ölkəmizdə insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar göz önündədir. Ümumilikdə insan amili dövlət siyasətinin əsasını təşkil edir. Bu günlərdə Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sorğusuna cavabında da bu məsələyə xüsusi diqqət yönəldildi. ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulduğu xüsusi vurğulandı. Prezident İlham Əliyev tərəfindən bildirildi ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir.

AZƏRTAC-ın sorğusuna cavabda o da qeyd olundu ki, dövlətimizin başçısı telefon danışığı zamanı, həmçinin vurğuladı ki, bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Prezident İlham Əliyev Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd etdi.

Dünya güclərinin ikili yanaşmalarına işıq salan məqamları xeyli sayda sadalamaq olar. Bütün bunlar öz növbəsində etimad mühitinə öz mənfi təsirini göstərir. Bu nöqteyi-nəzərdən aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanının məştərək görüşünün keçirilməsi hazırkı dövrdə sual doğuran bəzi məsələlərə işıq saldı. Rusiyalı politoloq Sergey Markovun müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan Prezidentinin qəti, sərt bəyanatları ABŞ və Avropa İttifaqının rəhbərliyini qorxuya salıb. Vaşinqtondan, Brüsseldən Bakıya Azərbaycan Pezidentinə zənglər oldu və o, o qədər qəti mövqe tutdu ki, ABŞ və Avropa İttifaqı daha da irəli getməyə qorxdular. Onlar açıq şəkildə Ermənistana xüsusi heç nə vəd etmədilər. Bu reallıq da təsdiqlənir ki, indi Qərbin Cənubi Qafqazda ən mühüm məqsədi var. Böyük dövlətlər regionda sabitliyi pozmağa çalışırlar. 

Günümüzün reallıqları fonunda görünən budur ki, Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasını istəyir, kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq «dərsi» keçən, amma özləri bu prinsiplərdən xəbərsiz olan dövlətlər açıq-aşkar vəziyyətin gərginləşməsində, yeni münaqişə ocaqlarının yaranmasında maraqlıdırlar. Dövlət başçısı İlham Əliyev ötən il yerli televiziya kanallarına müsahibəsində bu reallığı xüsusi olaraq diqqətə çatdırmışdır ki, indi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır. Birinci Dünya müharibəsindən də İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, dünya qütbləşib və qarşıdurma dərinləşir.

Yeganə Əliyeva, «İki sahil»