16 aprel 2024 00:25
288

Fuad Qəhrəmanlı baş trolluğa iddialıdır

Şəxsi “Facebook” səhifəsində yazdığı statusda soyadı Qəhrəmanlı olsa da əməllərində qəhrəmanlıqdan əsər-əlamət olmayan bu antimilli ünsür yenə təəssüf ki, Azərbaycan dövlətini gülünc bəhanələrlə ittiham etməkdə davam edir

İctimai rəydə dağıdıcı müxalif ünsürlər milli maraqlarımıza zidd fəaliyyətlərinə görə davamlı olaraq qınaq obyekti olur, ittiham edilirlər. Lakin islah olunmurlar, ətəklərindəki daşları yerə atıb, haqq yoluna qayıtmırlar. Əksinə, görünən odur ki, hər bir dağıdıcı müxalif ünsür və xaricdəki antimilli məxluq daha geniş şəkildə öz pozuculuq əməllərini davam etdirir. Xüsusilə də AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, AXCP-dəki trollar Fuad Qəhrəmanlının, Seymur Həzinin, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin və digərlərinin davranışlarına və hərəkətlərinə nəzər yetirilsə, bu məxluqların həddindən artıq təhlükəli xəstəliyə düçar olduqlarını görmək olar. Bu ünsürlər hər şeyə ləkə atırlar, gözlərinə görünən istənilən məsələni hədəfə alıb, təhqir edirlər. Onların yanaşmasına görə, cəmiyyətdə müsbət heç nə yoxdur, uğurlar, qələbələr mövcud deyil. Hətta bu üzdəniraq ünsürlər Qarabağ Zəfərinə ləkə atmağa, xalqın qələbə sevincini, qürur hisslərini pərdələməyə cəhd edirlər.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının düşmən maraqlarına xidmət etdiyi hər kəsə məlumdur. Şəxsi “Facebook” səhifəsində yazdığı statusda soyadı Qəhrəmanlı olsa da əməllərində qəhrəmanlıqdan əsər-əlamət olmayan bu antimilli ünsür yenə təəssüf ki, Azərbaycan dövlətini gülünc bəhanələrlə ittiham etməkdə davam edir. Ölkəmizə qarşı təzyiqlərin artması, çirkin planların praktik addımlarla əvəzlənməsi ilə təxminən eyni vaxtdan başlayaraq başda AXCP sədri Əli Kərimli olmaqla bütün komandası, xüsusilə onun müavini Fuad Qəhrəmanlı Qərbin ruporu rolunda çıxış edir. Məqsəd bəlli olduğu kimi, sifarişin də haradan gəldiyi bəllidir. Ancaq böyük oyunların bu kiçik oyuncaqları hərdən elə ifrata varırlar ki, yazdıqları, dedikləri radikal ermənilərdən də betər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur.

Məsələn, Fuad Qəhrəmanlı özünün sosial şəbəkə hesabında 65 yaşa çatmamış kişilərin vəfat etməsini özünəməxsus şəkildə əsaslandırıb: “Bu məmləkətdə kişilər onların ölümlərinə yol açan problemlərə, gündən-günə ağırlaşan həyat şərtlərinə ona görə etiraz etmirlər ki, özlərini heç bir təhlükəyə məruz qoymasınlar. Bu da nəticə, onlar görməzdən gəldikləri problemlərə, səssiz qaldıqları korrupsiya və seçki saxtakarlıqlara görə başqa ölkələrin vətəndaşlarından fərqli olaraq həyatdan daha tez köçürlər, öz susqunluqlarının bədəlini həyatları ilə ödəyirlər”. Bütün bunlara etiraz əlaməti olaraq F.Qəhrəmanlı aprelin 21-də təyin edilən mitinqə çağırış da edib. Deyib ki, qoşulun dəstək verin ki, ömrünüzü yeməsinlər.

Məlumdur ki, F.Qəhrəmanlı “sosial problemlər”in qabardılmasını özü üçün perspektivlər vəd edən taktiki gediş hesab edir. Hər dəfəsində də mitinqlərinin uğursuzluğa düçar olması onların bu düşüncələrinin həmişəki kimi səhv olduğunu göstərir. Müxalifətin hətta azsaylı tərəfdarları mitinqə bir əyləncə kimi yanaşır. Hava yaxşı olanda gəlirlər, necə deyərlər, təmiz hava alırlar. Hava şəraiti pis olduqda isə özlərinə əziyyət vermək istəmirlər. Bu cür təfəkkür və əqidə sahiblərindən insanlar nə gözləsin. Məsələnin mahiyyətinə gəldikdə isə söhbət ondan gedir ki, insanlar iqtisadi və sosial sahədə mövcüd olan problemlərin həllini müxalifətdən deyil, iqtidardan gözləyir. Prezidentin yeni iqtisadi və sosial islahatlar strateqiyası özünün ən uğurlu dövrünü yaşayır.

Beynəlxalq praktikaya əsasən, pensiya təminatı sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Həmin prinsiplərə əsasən, vətəndaşlar işlədiyi dövrlər ərzində öz sığorta öhdəliklərini yerinə yetirməklə pensiya kapitalına yığdıqları vəsaitləri hesabına öz gələcək pensiya təminatlarını həll edirlər. Azərbaycanda hazırda tətbiq edilən pensiya sistemi də məhz həmin beynəlxalq təcrübəyə əsaslanır. Ölkəmizdə pensiya hüququnun əldə edilməsi və pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanuna əsasən təyin edilir. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya vətəndaşın 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Pensiya kapitalının formalaşması üçün hər bir kəs 12 il müddətində məcburi dövlət sığorta haqqı ödəməlidir. 12 il 12 aya vurulur və orta pensiya müddəti 144 ay müəyyən edilir. Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da ( 144*200 = 28,8 min manat) 28 min manata bərabər olur. Beləliklə, vətəndaş 28 min 800 manat pensiya kapitalını fərdi hesabına topladıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Onu da qeyd edək ki, hər il minimum pensiyanın məbləği artdığından bu alqoritm də dəyişir və pensiya kapitalı üçün tələb olunan məbləğ də artır. Beləliklə, Azərbaycanın pensiya sistemi təkmilləşdirilərək beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda, xüsusilə də, sığorta ödənişlərinin vətəndaşlar üçün daha sərfəli və daha münasib dövrlərdə əlçatanlığın təmin edilməsinə doğru  istiqamətlənib. Yeri gəlmişkən, Azərbaycanda hazırda güzəştli şərtlərlə pensiya hüququ əldəetmə mövcuddur. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərərli işdə işləyənlər və s.) 5-20 il daha tez hüquq əldə edirlər. Həmçinin hüquq mühafizə orqanlarında işləyənlər – müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt bu hüququ qazanırlar. Bu da beynəlxalq təcrübədən qaynaqlanan bir mexanizmdir.

Baş trol olmağa iddialı F.Qəhrəmanlının paylaşdığı statusdan belə anlaşılır ki, xarici məkrli şəbəkə Azərbaycan dövlətinin prinsipial və qətiyyətli daxili və xarici siyasətindən ciddi narahatdır. Bunu Əli Kərimlinin və trol dəstəsinin açıqladığı cəfəng fikirlərlə də ortaya qoyurlar. Bu üzdəniraqlar hələ də qanmırlar ki, özlərini kimə və neçəyə satırlarsa özləri bilərlər, ancaq Azərbaycan dövlətinin apardığı düzgün və əsaslı siyasət dəyişməzdir.

Sevinc Azadi, “İki sahil”