15 aprel 2024 21:42
502

Şiə təriqət deyil

Aləmlərin Rəbbi olan Allahın hökmü ilə əzəldən cəmi bir din mövcud olmuş və o İslamdır. İslam ideologiyasını bəşərdə təbliğ etmək üçün Allah (c.c) hər qövm üçün onların öz dillərində danışan peyğəmbərlər göndərmişdir. Və nəhayət, Hz. Musa-ya “Tövrat”ı, Hz. Davud-a “Zəbur”u, Hz. İsa-ya “İncil”i və sonuncu peyğəmbər Hz. Məhəmmədə (s.a.s) “Qurani Kərim”i nazil etmişdir. Nuh peyğəmbərlə başlanan din (İslam) Məhəmməd peyğəmbərlə tamamlanmışdır. Beləliklə, bütün peyğəmbərlər, Hz.İbrahim (Avraam), Hz.Musa, Hz.İsa və Hz.Məhəmməd (s.a.v) olmaqla, hər biri ayrı-ayrılıqda və ayrı-ayrı dövlərdə, Allahın eyni missiyasını – İslam ideologiyasını yerinə yetirmişlər.

“Qurani-Kərim”, “Əş-Şura” surəsi (42) 13-cü ayədə Allah (c.c), Cənabi-Cəbrail vasitəsi ilə Məhəmməd peyğəmbərə (s.a.s) vəhy edir: “Nuh-a qanun bildiyini sizə də din olaraq buyurmuş Allah. “Dininizdə bütöv olun, bölünməyin!” deyə Sən-ə vəhy elədiyimizi, buyurduq İbrahim-ə, Musa-ya və İsa-ya....”.

Lakin İsrail oğulları, həsəd və paxıllıqları ucbatından Allah-təalanın bu göstərişini, əllərindəki “Tövrat”dan oxuyub bildikləri halda, az bir qismi istisna olmaqla, əhdlərinə düz çıxmadılar və yəhudi deyildir  deyə, (onların düşüncəsi ilə peğəmbər yalnız yəhudilərdən olmalı idi) Məhəmməd peyğəmbəri (s.a.v) və ona nazil olanı (Quranı) qəbul etmədilər və firqələrə bölündülər. Əks halda, Məhəmməd peyğəmbərin (s.a.v) İslam dinində liderliyini qəbul etmiş olardılar.

“Az bir qismi istisna olmaqla” ifadəsi ona işarədir ki, Hz.Musa  peyğəmbərin dövründə yəhudilər, Hz.Musanı peyğəmbər olaraq (az bir qismi - Musəvilər) qəbul etmişlər.

Beləliklə, Hz.Musa peyğəmbərin dövründə yəhudilər iki qrupa bölündülər; Musəvilər və onun peyğəmbərliyini qəbul etməyib özlərinə “qızıl öküz”ü Allah qəbul edənlər. “Qurani-Kərim”də buyurulur ki, yəhudilərin kiçik bir qismi Hz.Musa peyğəmbərin ardınca getdilər. “Qurani-Kərim”, Yunis surəsi (10), 83-cü ayə: “Bir bölük cavan inandı, qalanları inanmadı Musa-ya, Fironun və adamlarının işgəncəsindən qorxurdu bunlar. ...”.

Hz.İsanın peyğəmbərliyi dövründə də xristianlar iki qrupa bölündülər. Birinci qrup Hz.İsanı özlərinə peyğəmbər qəbul  edənlər, yəni, Allaha şərik qoşmayan xaçpərəstlər, hansılar ki, İsa peyğəmbərin çarmıxa çəkildiyini zənn edir, xaç çevirərək ona itaət edirlər və ikinci qrup isə “İncil”də dəyişiklik edib İsanı, Məsih (Xilaskar), Allahın oğlu kimi qəbul edənlərdir, yəni Allaha şərik qoşanlardır.

Belə ki, IV əsrin I yarısında (təxminən 325-50-ci illərdə) özünün bütpərəst olmasına baxmayaraq, Böyük Konstantin insanların kilsə və xramlara getmədiyini və bununla da onların əsarətdən çıxdığını və nəticə etibarilə xristianlıqda hakimiyyətin başsız qaldığını görüb xristianlığı ələ alır və bir gecənin içərisində bütün kilsə keşişlərini yığıb, öz təşəbbüsü ilə, az bir səs çoxluğu əldə edərək Hz.İsanın Allahın oğlu elan edilməsinə nail olur. Və beləliklə, xristianlıqda hakimiyyətini əldə saxlamaq üçün “İncil”də bu barədə dəyişiklik edir. O məqsədlə ki,  Hz. İsanı Allahın (c.c) oğlu olduğunu zənn edən insanlar kilsələrə, xramlara axışacaq və onların itaətində olacaq. Bu nöqteyi-nəzərdən, öz maliyyəsi hesabına yeni təhrif olunmuş “İncil”i çapdan çıxartdırır və köhnə - orjinal “İncil”ləri yandırıb yox edir və nəticə etibarilə xristian dininə hakim olur. Bununla da o, həm də öz inancını da, yəni bütpərəstliyi də davam etdirir. Belə ki, fikir versəniz görərsiniz ki, bu günə qədər bütün xristian dünyası hələ də Hz.İsaya Allah deyə ona itaət edir, əslində İsa peyğəmbərin çarmıxa çəkilmiş təsviri olan bütlərə sitayiş edir və bunun heç fərqinə də varmırlar. Ancaq xristianlar içərisində İsa peyğəmbərin peyğəmbərliyini qəbul edənlər, məhz ona xaç çevrirərək itaət edən “xaçpərəstlər” olaraq İsa Məsihi Allah qəbul edən cəmi xristianlardan fərqlənirlər.

Ona görə də “Qurani-Kərim”də Allah-təala xaçpərəsrtləri, yəni Hz.İsanı tanrı kimi yox, peyğəmbər olaraq qəbul edənləri, Hz.İsanı Allah kimi qəbul edənlərdən fərqləndirir. Belə ki, “Qurani-Kərim”, “Əl-Maidə” surəsi (5), 82-ci ayədə buyurulur: “Möminlərlə ən çox ədavətdə olan insanalar arasında yəhudilərə və ALLAH-a şərik qoşanlara (Məkkə müşriklərinə) rast gələcəksən. Möminlərə ən çox sevgi bəsləyən insanlar arasında “Biz xaçpərəstik” deyənləri görəcəksən. ...”.

Çox maraqlıdır, sual olunur, bu ayədə “xristianlar” sözü əvəzinə, niyə məhz “biz xaçpərəstik” deyənləri» ifadəsi yazılıb? Deməli, “biz xaçpərəstlər” deyənlər o kəslərdir ki, onlar Allaha şərik  qoşmurlar, Hz.İsanı peyğəmbər olaraq qəbul edirlər, yəni, bütün peyğəmbərlərin ardıcılları müsəlman olduqları kimi, bunlar da müsəlmandırlar.

“Qurani Kərim” Əzhab surəsi (61), ayə 6: “Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdir: “Ey İsrail oğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş “Tövratı” təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!...”.

Məhəmməd peyğəmbərin (s.a.s) dövründə də onu qəbul edənlər – müsəlman, qəbul etməyənlər isə kafirlər (Məkkə müşrikləri) olaraq iki qrupa bölündülər. Buradan belə bir nəticəyə gəlinir ki, Yer üzündə insanlar iki qrupa bölünürlər. Tək Allahı qəbul edənlər və etməyənlər. Yəni, müsəlmanlar və kafirlər. Çünki Allah qatında hamı bərabərdir, heç kim milliyyətinə, dilinə, cinsinə, irqinə görə bir-birindən fərqləndirilmir. Onlar yalnız təqvalıqlarına görə fərqlənirlər. Çünki İslam dini bütün bəşər üçündür. Allah qatında din İslamdır. Kim başqa din dalınca gedərsə, o, Allah tərəfindən qəbul olunmur. Yer üzü yaradılandan bəri yalnız bir din mövcud olub, onun da adı İslamdır. Məhəmməd peyğəmbərdən (s.a.s) tutmuş Hz.Adəm peyğəmbərə qədər bütün peyğəmbərlər müsəlmandırlar. Bu peyğəmbərlərə tabe olan Yer üzündə olan bütün insanlar Allahın bəndəsi, peyğəmbərlərə qarşı çıxanlar isə şeytanın yolunu gedən məxluqlardır.

 İsrail Hibri Universitetinin professoru (bu gün də həmin universitetdə kafedra müdiri işləyir), dini tədqiqatçı alim Moşe Şaron yazır: “...İslam və onun tarixdəki yeri barədə müxtəlif rəylər mövcuddur. Müzakirələr nəticəsində biz bu nəticəyə gəlirik ki, tarixin özü, əslində, elə İslamın tarixidir. Bu, o deməkdir ki, Adəmdən tutmuş bugünədək tarixin bütün əhəmiyyətli simaları faktiki olaraq, müsəlmandırlar. Beləliklə, xristianlar və yəhudilər çar Davidin (Davud peyğəmbər - red.) və ya çar Solomonun (Süleyman peyğəmbərin - red.), eyni zamanda Musa və İsa peyğəmbərlərin real şəxs olmasın əsaslandıraraq, nəyəsə nail olmaq istəyirlərsə, o zaman, əlbəttə ki, onlar həqiqi yolda deyillər. Əslində, onlar bilmirlər ki, faktiki olaraq bütün bu şəxsiyyətlər müsəlmanlar olublar. Faktiki olaraq özəldən cəmi bir din mövcud olub və bu din İslamdır. Bu baxımdan, kimsə Solomonun yaşadığı yerlə bağlı nəsə söyləyərsə və ya orada Solomonun məbədinin olduğunu deyərsə, o zaman əsl müsəlman cavabında bildirəcək: Bəli, siz haqlısınız, amma unutmayın ki. Süleyman da, Davud da, İshaq da, İbrahim də, İsa da müsəlman olub. Elə ona görə müsəlmanların bu tarixinə İslam tarixi adı verirlər. Buradan aydın olur ki, tarixin islamlaşdırması nəticəsində coğrafiya da islamlaşır. Bu müsəlman peyğəmbərlərin yaşayıb fəaliyyət göstərdikləri bütün torpaqlar da İslam ərazisidir. Məhəmmədi (s.ə.s) gələnə qədər (o isə mütləq gəlməli idi) İslam öz adı altında fəaliyyət göstərmədiyi yerlər deyəndə isə, mən Yaxın Şərqi və ona yaxın əraziləri, indi müsəlmanların olduqları torpaqları nəzərdə tuturam, bütün bu ərazilər işğal yox, məhz azad olunmalı idi. Beləcə, İslam Məhəmmədin (s.ə.s) vaxtında gəldi, daha doğrusu xilaskar kimi geri döndü. Beləliklə, tarixdə heç bir müsəlman işğalı yoxdur. Bu torpaqları işğal edənlər isə qətiyyən müsəlman olmayıblar. Təkrar edirəm. İslam işğalı deyilən bir şey yoxdur. İslam işğal yox, xilas eləyib...”

Məhəmməd peyğəmbər (s.a.s) bütün bəşəri, aləmlərin Rəbbi Allahın tək dini İslama dəvət edərək buyurmuşdur: “Ey insanlar! Siz istəsəniz də, istəməsiniz də qardaşlarsınız. Çünki biz hamımız bir kökdən – Adəmdən yaranmışıq. Allahımız bir, dinimiz bir, kitabımız da birdir”.

Allahın (c.c)  bütün səmavi kitabları (“Tövrat”, “Zəbur”, “İncil”, “Qurani-Kərim”) ayrı-ayrı peyğəmbərlərə (Musaya, Davuda, İsaya və Məhəmməd (s.a.s) peyğəmbərlərə) nazil edilən və eyni ideologiyanı özündə təsbit edən 4 cilddən ibarət bir kitabdır. Ona görə də Allahın Rəsulu çox gözəl ifadə edir ki, kitabımız da birdir, dinimiz də birdir, Allahımız da birdir.

Allah qatında din İslamdır. (Ali-İmran surəsi (3), 19-cu ayə). Bütün bəşərə aid olan İslam dini Nuh peyğəmbərdən balşayıb Məhəmməd (s.a.s) peyğəmbərlə tamamlanmışdır. “Qurani-Kərim”, əş-Şurə şurəsi 42, 13-cü ayə: “Nuh-a qanun bildiyini sizə də din olaraq buyurmuş Allah. “Dininizdə bütöv olun, bölünməyin!” deyə Sən-ə vəhy elədiyimizi, buyurduq İbrahim-ə, Musa-ya və İsa-ya....”.

 Təəssüflər olsun ki, Allah (c.c) səmavi kitablarda “Dininizdə bütöv olun, bölünməyin” deyə Yer üzündə yaratdığı bütün insanlara çağırış etdiyi halda, nankor insanlar (“Qurani-Kərim”, İbrahim surəsi 14 34-cü ayə: “Hər nə istəmişsiniz, vermiş sizə, Allah, saymaq istəsəniz də, saya bilməzsiniz Allahın nemətlərini. Bununla belə, yenə də çox zalımdır, naşükürdür insan...”.) nankorluq edib firqələrə bölünürlər.

  Bütün təriqətlər bidətdir və İslama ziddir. Təriqətlər, əslində, İslam dinindən ayrılmış və onun parçalanmasında maraqlı olan düşmən qüvvələrə xidmət edən dini cərəyandır. Məhəmməd peyğəmbərin (s.a.s) qoyub getdiyi İslamın yolunda bir maneəyə çevrilmiş və İslama qarşı ciddi-cəhdlə fəaliyyətdədirlər.

Belə ki, bunların fəaliyyətini ciddi araşdıranda görürsən ki, bu cərəyanların hamısı birləşib şiəliyə qarşı çıxırlar. Sual olunur, əgər bu təriqətlərin niyyətləri safdırsa, bütün təriqətlər Məhəmməd peyğəmbərin (s.a.s) davamçıları olaraq yaxşı əməlləri ilə bir-biri ilə rəqabətə girərlər. Lakin belə deyil. Bütün təriqətlər birləşib yalnız şiələrə qarşı çıxırlar. Belə ki, onlar belə yanlış təbliğat aparırlar ki, məhz dini Peyğəmbərin (s.a.s) öyrətdiyi kimi yaşamaq üçün Qurana və dini ehkamlara insanlar özü başa düşdüyü tərzdə yox, Allah Rəsulunun (s.a.s) və onun yolunu gedən səhabələrinin (səhabələri deyəndə, özlərini nəzərdə tuturlar) izah etdiyi tərzdə əməl etməlidir və bu vacibdir deyə əlavə edirlər ki, Allah Rəsulunun (s.a.s) əmrləri isə səhih hədislərdə öz əksini tapmışdır.

Halbuki, Qurani- kərim, Qəmər surəsi (54), 22, 32, 40-cı ayələrdə təkrar- təkrar buyurulur: “Biz Quran-ı yaddaş üçün asan elədik, sadə elədik. Kim barınmaq istəyir bu Qurandan?” (Heç gör xatırlayan var?)

Sual olunur, Qurana zidd olmayan hədislərə səhih hədislər deyilirsə, niyə bəs Quran ola-ola, hansısa hədislərə istinad edilməlidir? Hansı ki, o hədislər Məhəmməd peğəmbərin (s.a.s) özünün elm şəhərinin qapısı adlandırdığı, 13 yaşından ilk kişi olaraq onun peyğəmbərliyini qəbul edib ona beyət edən və bütün müharibələrdə də qalibiyyət sahibi olan, xüsusilə də, “Xəndək” savaşındakı qalibiyyətindən sonra “Əlinin Xəndək döyüşündəki vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür!” – deyə fəxr etdiyi Əli əleyhissalama yox, peyğəmbərin (s.a.s) ölümündən-632-ci ildən sonra (Səhihi-Buxari, 810-870; Səhihi-Müslim, 821-875; İbn-Teymiyyə 1263-1328) peyda olmuş və peyğəmbərin dilindən uydurduqları, isbata ehtiyacı olan hədislərə istinad edilir?

(Əməvilər və Abbasilər öz hakimiyyətlərini qorumaq üçün özləri “alim” yetişdirmiş, özləri hədis yazdırmışlar. Bu din adamlarının Qurandan kənar dediklərini Allahın (c.c) buyurduğu kimi qəbul etmək, o adamları Rəbb kimi qəbul etmək Allaha (c.c) şərik qoşmaq deməkdir. Hz. Əli (ə), özlərini Allaha şərik bilib əks fətva verən belə alimləri, üləmaları məzəmmət edərək demişdir: “Allah-təala natamam bir din göndəribmi ki, onu tamamlamaq üçün onlardan kömək istəyib?”)

Niyə Ömər ibn Xəttabın qatilindən söhbət gedəndə deyirlər ki, o kafir idi? Niyə Allah Rəsulunun səhabələrini öldürənlərə, Əmmarı öldürən Müaviyəyə söz çatanda isə “Allah ondan razı olsun, o ictihad etdi (dini vəzifəsini yerinə yetirdi), sadəcə, səhv etdi. O, islah etmək istəyirdi” deyirlər?

Niyə İbn Teymiyyə, Əli ibn Əbu Talibin qatili İbn Mülcəmdən söz düşəndə deyirlər ki, İbn Mülcəm elə təsəvvür etdi ki, Əli əleyhissalamı öldürməklə Allaha yaxınlaşacaq, amma Ömər ibn Xəttabın qatilindən söz açılanda isə, deyirlər ki, o Allahın düşməni idi, kafir idi?” Bax, bunlar heç bir məntiqə sığmır.

         Ona görə də buradan aydın olur ki, əslində şiə təriqət yox, Məhəmməd peyğəmbərin (s.a.s) yolunu gedənlərdir. Məzhəbçilik bütün hallarda bidətdir. Allaha, onun peyğəmbərinə və dininə qarşı çıxmaqdır. Hər bir məzhəb onun banisinin adını daşıyır. Əgər şiə məzhəbdirsə, bəs banisinin adı nədir? Kimdir onun banisi? Şiə sözünün mənasından da bəllidir ki, şiə tərəfdar, ardıcıl deməkdir. Bu söz ilk dəfə “Qurani-Kərim”də Allah (c.c) tərəfindən Hz.İbrahim peyğəmbər haqqında deyilmişdir.

“Qurani-Kərim” Əs-Səffat surəsi 37/75-ci ayə: “Həqiqətən Nuh (öz tayfasının məhv edilməsi barədə) bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdur!”. 37/82: “Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.” 37/83: “Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi”. Bu, o deməkdir ki, Hz.İbrahim peyğəmbər Hz.Nuh peyğəmbərin ardıcılı idi, yəni şiə idi. Deməli, “Qurani-Kərim”də “şiə” sözü ilk dəfə İbrahim  peyğəmbərin (ə) vaxtında meydana gəlib. Sonralar isə Məhəmməd peyğəmbərin (s.a.s) vaxtında Onun tərəfdarları olaraq 4 nəfər də - Salman ibn Farsi, Əbuzər Ğəbbari, Miqdad ibn Əsvəd və Əmmar Yasir şiə adlandırılmışlar. Deməli, Allahın və onun peğəmbərlərinin yolunu gedənlər şiədirlər, yəni, Allahın və onun peyğəmbərinin tərəfdarıdırlar.

 Ona görə də şiəliyi məzhəb adlandırmaq və onu Hz.Əlinin (ə) adına bağlamaq ədalətsizlik, qərəzçilik və nəhayət savadsızlıqdır. Allah-təala tərəfindən gizlin elmə sahib olan Hz.Əlinin (ə) kiminsə dəstəyinə ehtiyacı yox idi. Necə ki, özündən əvvəl xəlifəliyi qəsb edənlər qarşısında öz haqqını tələb etmək qüdrətinə malik olduğunu bilə-bilə susub və bu susqunluğu belə ifadə edib: “Sükut etməyim isə qorxudan deyil, qərq olduğum gizli elmə görədir...”.

 Hz. Əli (ə) bu barədə belə buyurmuşdur: “Allahın Rəsuluna (s) elə bir ayə nazil olmamışdı, Allah-təala tərəfindən ona halal-haram, əmr və vəhy, itaət və asilik, olmuş və olacaqlar barəsində elə bir şey öyrətməmişdir ki, o da onu mənə öyrətməsin və mənə oxutdurmasın, mənə imla etməsin və mən də onu öz xəttimlə yazmayım. O, bütün bunların təvilini, zahirini və batinini mənə xəbər vermiş, mən də yadda saxlamışam. Sonra ondan bir hərfi belə unutmamışam.”

Sonra buyurur: “Allahın Rəsulu (s) halal-haram olanlar və Qiyamət gününədək olmuş və olacaqlar barəsində mənə min növ (bilik) öyrətmişdir ki, hər biri min növ biliyə qapı açır və hər qapı min-min biliyə yol göstərir və bəndələri imtahana çəkmək üçün olacaqlar elmini (ilmül-mənaya-vəl-bəlaya) – fəsahəti öyrəndim.”

Bunun təsdiqini Hz. peyğəmbərin (s) hədislərində görürük. Bir hədisdə peyğəmbər (s.a.s) Hz. Əliyə (ə) xitabən buyurur: “Mən Allahdan nə diləmişəmsə ... - verib. Ondan diləmişəm ki, səni mənim varisim və elmimin xəzinədarı etsin. O da edib”.

Məhəmməd peyğəmbər (s.a.s) məşhur bir hədəsində bütün müsəlmanlara xəbərdarlıq edir: “Mən elmin şəhəriyəm, Əli isə onun (şəhərin) qapısıdır – şəhərə girmək istəyən qapıya gəlsin”.

Bu, həm də ona işarədir ki, İslamın yolu Hz. Əlidən (ə) keçir. Lakin mühüm vəzifələrdə yerləşmiş Müaviyə sülaləsinin təsiri altında olan rəşidi xəlifələr Hz. Əlinin (ə) yolunu getmədilər, ona qarşı çıxıb, onu təklədilər. Xəlifə olanda da belə, təqiblərə məruz qalan  Hz. Əli (ə) bu məqamı belə ifadə edir: “Allaha and olsun! Hz. Peyğəmbər (s) vəfat edəndən bu günə qədər işimdə tənha qalmışam. Məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar...”.

Beləliklə, rəşidi xəlifə dövründən Hz. Əlinin (ə) qətlindən sonra 661-ci ildə hakimiyyəti ələ keçirən Müaviyə İslam dini pərdəsi altında öz sülalə hakimiyytini qurdu və bu 89 il davam elədi.

Əməvilər xilafəti

41-132/661-750

41/661 -  Müaviyə ibn Əbu Süfyan

60/680 - I Yezid

64/683 - II Müaviyə

64/684 - I Mərvan ibn əl-Xəkəm

65/685 - Abd əl-Malik

86/705 - I əl-Valid

96/715 - Süleyman

99/717 - Ömər ibn Abd-əl Əziz

101/720 - II Yezid

105/724 - Xişam

125/743 - II əl-Valid

126/744 - III Yezid

126/744 - İbrahim

127/-132/744-750 - II Mərvan əl-Ximar

 

Abbasilər xilafəti

İraq və Bağdadda 132-656/749-1258-ci illər

Buradan aydın olur ki, Allahın və onun Rəsulunun tərəfdarları “şiə-lər”, onlara qarşı çıxanlar Əməvilər (Məkkə müşrikləri) peyğəmbərin sağlığında onun ordusu ilə əvvəldən-axıra vuruşduğu kimi, sonralar da onun tərəfdarlarını, davamçılarını, ardıcıllarını – “şiələri təqibə məruz qoymuşlar və bu gün də həmin məsum müsəlmanlar Müaviyənin ardıcılları tərəfindən təqib olunmaqdadır.

         İslam pərdəsi altında öz dindən uzaq hakimiyyətlərini quran Əməvilər (Əbu Ləhəb, Əbu Süfyan, Müaviyə ibn Əbu Süfyan, Yezid ibn Müaviyə) öz sülalə hakimiyyətlərini 89 il davam etdirmiş və bütün bu müddət ərzində də Hz.peyğəmbərdən və bütün tərəfdarlarından qisas almış və bu qisasçılıq siyasətlərini axıra qədər də davam etdirmişlər. Bu gün də İslama və onun peyğəmbərinə qarşı ədalətsiz mövqe tutan qüvvələr Əməvilərin davamçıları olaraq fəaliyyətdədirlər və həqiqətə uyğun olmayan yanlış dilini mülahizələri saytlarda və vikipediyalarda bir həqiqət kimi vikiləşdirirlər. Ona görə də kitabxanalardan və mütaliədən uzaq düşmüş bugünkü gənclərimiz telefon saytları ilə özlərini məlumatlanmış güman edərək yanlış yola düşür, həqiqətdən uzaq olurlar.

Müsasir texnika əsrindəyik biz,

Oxuyub yazırıq kitab, qələmsiz...

Ayrıldıq “Əxalqi-Nasiri”mizdən,

Köhnəldi ruhumuz mütaliəsiz.

Hz. Əli (ə) Əməvilər haqqında demişdir: “Əməvilər İslam libasını geydilər, ancaq çevirib tərsinə geydilər”.

 Bununla da Hz. Əli (ə) Əməvilərin bütün çirkin niyyətlərini de-şifrə etmişdir. Beləliklə, Müaviyə sülalə hakimiyyətinin davamçıları olan bugünkü təriqətçilər özləri Məhəmməd peyğəmbərin (s.a.s) qoyub getdiyi İslamın yolu ilə getmədikləri halda, əslində, İslamın yolu ilə gedən şiələrin düz yolda olmadıqlarını iddia edilər.

Bununla belə, rəşidi xəlifələr dövrünə və bir az da ondan əvvələ tarixi ekskursiya etsək, gün kimi aydın olur ki, “şiə” təriqət deyil. Ona görə də sünni adı altında sionizmin yaratdığı təriqətlər, cəhənnəmə gedən özünə yoldaş axtarırmış kimi, Məhəmməd peyğəmbərin (s.a.s) yolu ilə gedənləri, yəni şiələri də təriqət adlandırmaqla bu təriqətləri də legitimləşdirir və guya haqq yolunda mübarizə apardıqlarına inam yaradırlar. Necə ki, min illərdir bir-biri ilə düşmənçilik edən Papa və Kiril, türkə qarşı gələndə, “qardaşlıq müqaviləsi” bağlayıb birləşirlər, bu təriqətlər də şiələrə qarşı gələndə birləşib bir olurlar və bütün müsəlmanların guya 85%-ni təşkil etdiklərini güman edir və bunu da özlərinin haqlı olduqlarının dəlili kimi şərh edirlər. Di gəl ki, bu təriqətlər bir-birləri ilə yola gedirlər? Əlbəttə yox. Hər kəs özünü haqlı bilir və başqasını kafir adlandırır.

Ancaq bütün hallarda ədalətsizlik içində boğulan ədaləti qorumaq, insani ləyaqət tələb edir. “İMAM ƏLİ - İnsan ədalətinin səsi” kitabının müəllifi livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordaqda olan ləyaqət kimi. Alqışlar olsun ki, xristian olan bir insan, Hz. Əlini (ə) bir ədalət rəmzi kimi insanlığın səsidir deyə qələmə alır.

O nöqteyi-nəzərdən Əbu Hənifə (İmam Azam) (Allah ondan razı olsun) də, ədalət uğrunda mübarizə aparıb. Onun müəllifi olduğu Hənəfi təriqəti, əslində təriqətçilik yox, dövrünün zalım hökmdarlarına qarşı barışmaz mövqedən çıxış edən müxalifətçilik idi. Ona görə də Əbu Hənifə (İmam Azam) (Allah ondan razı olsun) Müaviyə və Abbasilər hökmdarlarına tabe olmayıb, onlara baş əyməyib. Bu səbəbdən də onu zindana salıb işgəncələr vermiş və nəhayət zəhərləyib öldürmüşlər. Niyə? Ona görə ki, Müaviyənin sülalə hakimiyyəti İslamdan kənar olub, peyğəmbərə və onun Əhli-Beytinə qarşı zalım olmuş və onların tərəfdarlarını təqib edərək qılıncdan keçirmişlər.

İndi sual olunur, İmam Səccaddan dərs almış, haqqın tərəfində dayanıb Əhli-Beyti müdafiə edən və Əhli-Beytə qarşı qisasçılıq siyasəti yürüdən Əməvilər və Abbasilər hökmdarlarına baş əyməyən Əbu Hənifə (İmam Azam) (Allah ondan razı olsun) şiədir, yoxsa sünni? Əlbəttə, şiədir. Belə olan halda,  “sünnidir” deyə Əbu Hənifəni təhqir edən “şiələr” hansı vicdanla özlərini “şiə” adlandırırlar? İkinci bir sual meydana çıxır. Görəsən, sünnilərin 56%-ni təşkil edən Hənəfi təriqətinin hamısımı Əbu Hənifənin yolunu gedirlər? Əgər elədirsə, onlar da Hz. Əli (ə) başda olmaqla Əhli Beytə rəğbət bəsləyərlər. Bəsləmirlərsə, deməli, o hənifəlilər “sünni” adı altında sionistlərin o təriqətə yerləşdirdikləri yad ünsürlərdir. Əslində, Əbu Hənifənin yolunu gedənlər Əhli-Beyt tərəfdarları olan, yəni Əbu Hənifənin yolunu gedən cəfərilər olublar, hansılar ki, Hənəfi təriqətinin bir qolu kimi adlandırılırlar. Bəlkə elə Əbu Hənifənin yolunu gedənlərin cəmini cəfərilər təşkil edir, qalanları Əbu Hənifədən deyillər? Söz yox ki, Hənifədən olanlar Hənifənin yolu ilə gedənlərdir, yəni cəfərilərdir.

         Ümumiyyətlə, məsum şiə və sünnilərdən fərqli olaraq radikal şiə də, radikal sünni də İslamdankənar xaricin xüsusi kəşfiyyat orqanlarının təsiri altına düşmüş yazıq məxluqlardır. Sual olunur, Məhəmməd peyğəmbər (s.a.s) hansı təriqətdəndir? O hansı təriqətdəndirsə, mən də o təriqətdənəm. Onun İslamdan başqa ikinci bir dini, məzhəbi, təriqəti olmayıb. O, Allahın seçilmiş, sevimli bəndəsidir, müsəlmandır. Müsəlman müsəlmanın qardaşıdır. Mən də müsəlmanam. Müsəlman insanlığın rəmzidir. İnsan olmaq üçün hər şeydən əvvəl gərək müsəlman olasan və əksinə, müsəlman olmaq üçün gərək insan olasan.

Hz. Əli: “Məxluqat arasında Allahın ən pis düşmən bilidyi iki şəxsdir: 1. Allahın boşladığı şəxs; 2. Nadan camaatı yolundan azdıran şəxsdir”.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Allahın salamı və salavatı olsun Məhəmməd peyğəmbərə (s.a.s) və onun Əhli-Beytinə.

Allahın salamı və salavatı olsun Hz. Əliyə (ə) və on iki imama.

Allahın salamı və salavatı olsun İmam Hüseynə (ə) və onunla şəhid olanlara!

Allahın salamı və salavatı olsun ALLAH YOLUNDA CƏMİ ŞƏHİD OLANLARA!

Allahın salamı və salavatı olsun cəmi iman gətirənlərə.

Allahın salamı və salavatı olsun Məhəmməd peyğəmbərə (s.a.s) və ona qədərki bütün peyğəmbərlərə!

Həsən,
Qızıl qələm mükafatı laureatı