16 aprel 2024 11:10
272

İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” şəbəkəsi yaradılır - EKSKLÜZİV

"Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edilmiş və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” müəyyənləşdirilmişdir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Ötən illərdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir."

Bu məlumatı “İki sahil”in sorğusuna cavab olaraq Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildiriblər.

İşğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox Günəş, 2000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur

Agentlikdən vurğulayıblar ki, işğaldan azad edilmiş ərazilərimiz bərpaolunan enerji mənbələri ilə olduqca zəngindir: "İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox Günəş, 2000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Bu potensialdan istifadə məqsədilə bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Belə ki,  2021-ci il 3 iyun tarixində bp şirkəti ilə “Cəbrayıl rayonunda 240 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır. Bu layihənin reallaşdırılması hesabına təqribi olaraq illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilə biləcəyi ehtimal edilir. 3 iyul 2023-cü il tarixində “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunun icrası çərçivəsində, həmçinin Cəbrayıl rayonu ərazisində 100 MVt gücündə GES-in tikintisi üçün hazırda ərazilər razılaşdırılır. 

İlin sonuna qədər stansiyaların sayı 32-yə, ümumi güc...

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə ümumi gücü 164.8 MVt olan 20 su elektrik stansiyası artıq istifadəyə verilib və ümumi gücü 104.8 MVt olan 12 stansiyada tikinti-quraşdırma işləri davam etdirilir.  2024-cü ilin sonuna qədər stansiyaların sayı 32-yə, ümumi güc 270 MVt-a çatacaq. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi davam etdirilir. Təbii ki, adıçəkilən stansiyaların yenidən qurulması və ya bərpa edilməsi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Qeyd olunan layihələrin reallaşdırılması şəbəkənin balanslı və dayanıqlı inkişafı üçün əsasdır.

Orxan Vahidoğlu, “İki sahil”