16 aprel 2024 14:41
308

Sifarişli mitinq - Sabitliyi pozmaq planı xalqa düşmənçilikdir

Xalqımız anti-Azərbaycan dairələrin məkrli niyyətlərinin reallaşmasına heç vaxt imkan verməyəcək

Xarici fondlar musiqini sifariş edirlər, radikallar isə aldığı pula görə musiqini ifa etməyə çalışırlar. Bu baxımdan radikal müxalifətin 21 aprel tarixli mitinq açıqlaması da onların sifarişçilərinin növbəti məkrli planının tərkib hissəsidir. Planlaşdırılan mitinq ölkəmizdə yaradılan siyasi sabitliyin pozulmasına və xalqı hakimiyyətə qarşı çıxarmağa hesablanıb. Bu gün radikallıqla məşğul olanlara təklif olunmuş siyasi dialoqdan imtina etməsi də onların ağalarının tələbidir. Çünki onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizə yox, radikallıq və cəmiyyətin parçalanması maraqlıdır. Bu baxımdan radikalların cəmiyyətə müraciət etməyə və siyasi mövcudluğuna dair mənəvi haqqı yoxdur.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Radikalların çağırışlarına qoşulan olmayacaq 

Deputat bildirib ki, dünyada gedən prosesləri görə-görə xalqı meydanlara çağırmaqla ölkədəki sabitliyi pozmağa cəhd edilməsi xainlik və düşmənçilikdir. Amma xalqımız çox müdrikdir və dünyada baş verən prosesləri yaxşı dəyərləndirə bilir. Belə ki, Qərbin məkrli planlarının reallaşdırılmasına nail olan ölkələrdəki xalqların həyatlarının necə məhv edildiyini də görürük.

Azər Badamov qeyd edib ki, xalqımız qazanılmış uğurları yüksək dəyərləndirir və hakimiyyətin həyata keçirdiyi müstəqil siyasəti dəstəkləyir. Bu baxımdan radikalların çağırışlarına qoşulanlar olmayacaq. Onu da qeyd etmək istəyirəm ki, öz ərazilərində suverenliyini və ərazi bütövlüyünü tam təmin edərək sabitlik adasına çevrilmiş Azərbaycan Respublikasının bu uğurlarından narahat olan dairələr var. Onlar müxtəlif hesabatlarda Azərbaycana qarşı qərəzli açıqlamalar verirlər, ölkə daxilində təmin olunmuş sabitliyi pozmağa çalışırlar və öz müstəqil siyasətini yürüdən dövlətimizi özlərinin əlaltısına çevirməyə cəhd istəyirlər. Amma onların bu arzusu gözlərində qalacaq. Xalqımız anti-Azərbaycan dairələrin məkrli niyyətlərinin reallaşmasına heç vaxt imkan verməyəcək.

Cavid Əkbərov, "İki sahil"