17 aprel 2024 15:20
274

Radikalların mitinq keçirməsi üçün heç bir sosial sifariş yoxdur, xalq onları dəstəkləmir - POLİTOLOQDAN AÇIQLAMA

Radikal müxalifət Azərbaycan cəmiyyəti üçün ancaq neqativliklərdən başqa heç nə ifadə etmir. Bu gün “Milli Şura” cəbhəsində təmsil olunanların nə hansısa müsbət bir imici var, nə  də hörməti. Bu düşərgədə təmsil olunanlar daim ən həssas məsələlərdə Azərbaycan xalqı ilə, ictimai rəylə tamam əks mövqedə dayanıblar. Bu gün hamıya bəllidir ki, dövlətimizin başçısı İlham Əliyev türk dünyasının tarixini dəyişmiş siyasi liderdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzur işğaldan azad edib. Cənab İlham Əliyev bu gün Azərbaycanın mövqeyini beynəlxalq münasibətlər sistemində ən yüksək pillələrə çatdırmış bir rəhbərdir. Xalq üçün bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi adamlar ümumiyyətlə, cəmiyyətdə heç bir assosiasiyaya yaratmayan, ancaq mənfilik, xaos, qarışıqlıq və qalmaqallı, qara səhifələri olan bir illik AXC-Müsavat hakimiyyəti dövrü ilə bağlı qaranlığı ehtiva edirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, indi bu adamların Zəfər qazanmış, Qarabağda və Şərqi Zəngəzurda abadlıq və quruculuq işləri həyata keçirən inkişaf etmiş bir dövlətin ictimai rəyində çaşqınlıq yaratmaq üçün hansısa mitinqə cəhd etməsi özü birincisi absurddur. Əvvəla Azərbaycanda xüsusi karantin rejimi hələ də davam edir. Karantin rejiminin müddəti növbəti dövr üçün uzadılıb. İkincisi, bu gün cəmiyyətdən belə bir mitinqin keçirilməsi ilə bağlı heç bir sosial sifariş yoxdur. Üçüncüsü , bu adamlar şəhərin ən işlək yerlərini dırnaqarası mitinq üçün ünvan kimi seçərək müraciət ediblər. Ümumiyyətlə, bunların nə haqqı var ki, Nərimanov, 28 may metrostansiyalarının qarşısını özlərinin hansı absurd tamaşalarına alət etsinlər. Ondan əlavə, bu gün bu tip adamların ancaq sosial şəbəkə üzərində 5-10 özü kimi düşünən adamlardan başqa heç bir çevrəsi mövcud deyil. Əlbəttə ki, bütün bunlar da sadəcə olaraq acı bir mənzərə formalaşdırır.

Cavid Əkbərov, "İki sahil"