14 avqust 2026 15:14
95

SpaceX Polşanı Avropanın rouminq zonasına qaytarıb

"SpaceX" bu həftə Polşanı "Starlink" peyk rabitəsinin Avropa regionundan çıxarıb. Polşanın xarici işlər naziri Radoslav Sikorski "SpaceX" rəhbəri İlon Maskı Varşavanın "Starlink" terminallarının haqqını ödəməyi dayandıracağı ilə hədələyib. Nəticədə ABŞ şirkəti Polşanı yenidən Avropa rouminq zonasına qaytarıb. Bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşıştof Qavkovski məlumat verib.

“İki sahil” xəbər verir ki,  avqustun 11-də Polşanın "Rzeczpospolita" qəzeti "SpaceX"in peyk interneti xidmətlərinin şərtlərinə dəyişiklik etdiyini bildirmişdi. Nəticədə Polşa Avropanın mobil rabitə regionundan kənarlaşdırılmışdı. Bu isə səyahət zamanı terminallardan istifadə edən Polşa vətəndaşları üçün xərclərin artması demək idi. Yeni qaydalara əsasən, standart tarif istifadəçiləri öz avadanlıqları ilə ölkəni yalnız 30 günlük tərk edə bilərdilər. Bundan sonra onlar "məkan sayğacını sıfırlamaq" üçün Polşaya qayıtmalı, xeyli baha paketə keçməli və ya qeydiyyat ölkəsini dəyişməli idilər.

Şirkət bu qərarının səbəbini açıqlamamışdı.  Qavkovski dəqiqləşdirib ki, yeni tariflər avqustun 17-də qüvvəyə minməli idi. O da "SpaceX" təsisçisinə X şəbəkəsində müraciət edərək polşalı müştərilərə "ədalətli və bərabər şərtlərlə" yanaşmağa çağırmışdı. Bu gün nazir şirkətdən cavab aldığını bəyan edib. "Polşa Starlink-in Avropadaxili rouminq zonasına daxil ediləcək. Polşalı müştərilər heç bir yeni məhdudiyyətə məruz qalmayacaqlar", — deyə Kşıştof Qavkovski yazıb.