19 aprel 2024 23:58
766

Vətən sevgisinin simvolu...

Astara Pedaqoji Kollecində Vətənin bütövlüyü, dövlətin suverenliyi uğrunda canını fəda edən şəhidlərin adlarını uca tutması və xatirəsinin daim əziz saxlaması ənənə şəklini almışdır. Bu da olduqca nəcib, müqəddəs bir əməldir. Kollecdə hər bir kəs bildirir ki, milli birlik və bərabərliyi ilə Vətən sevgisinin simvolu olan şəhidləri hər zaman canlı saxlamaq bizim vətəndaşlıq borcumuz. Bu günlər kollecin direktoru şəhid atası, professor Kamran Kazımov başda olmaqla bir qrup müəllim, işçi heyəti 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalan mayor Kamran Fərəcovun, çavuş Nurlan Rəhimovun və Arif Qeybiyevin məzarlarını ziyarət edib, önünə güllər düzüblər.

Ziyarət zamanı professor K. Kazımov deyib ki, Kamran, Nurlan, Arif kimi qeyrətli oğulların qanı bahasına İkinci Qarabağ müharibəsi Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. 30 il həsrətində olduğumuz Vətən torpaqları azad edib bizə qələbə sevincini yaşadan mərd, cəsur, qəhrəman oğullarla xalq haqlı olaraq fəxr edir, qürur duyur. Vətən sevgisinin simvoluna dönən şəhidlərin həyat yolları gələcək nəsillər üçün də örnək olacaq.

Məlumat üçün bildirək ki, 1978-ci ildə Astaranın Səncərədi kəndində anadan olan Kamran Fərəcov Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsini bitirib. 1999-cu ildə leytenant rütbəsində Bakıda taqım komandiri olub. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində Vətənin keşiyində durub. O, 20 sentyabr 2020-ci ildən könüllü təlimlərə qatılıb, şəxsi heyəti döyüşə hazırlayıb. Vətən müharibəsində Cəbrayılın, Qubadlının azadlığı uğrunda böyük şücaət göstərib. 20 oktyabrda Vətənə bağlı ürəyi düşmən gülləsinə tuş gəlib. Dövlət tərəfindən təltif olunduğu çoxlu sayda medallarla bərabər, həm də şəhidimizin Dəniz, Şəms adında qızları yadigar qalıb. 1981-ci ildə Astara şəhərində dünyaya göz açan Nurlan Rəhimov 44 günlük haqq savaşımızda Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 30 sentyabr 2020-ci ildə Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Nurlan evli idi. İki övladı- Əlövsət, Səidə ataları kimi Vətənə ləyaqətli böyüyürlər. Astara rayonu, Səncərədi kəndinin qəhrəman oğlu Arif Qeybiyev 2012-2016-ci illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb, idmanın kross qaçışına maraq göstərib. O, kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika çempionu olub. 1 qız övladını bizlərə yadigar saxlayan Zəfər şəhidimiz Vətən müharibəsi zamanı sentyabrın 27-də Füzuli döyüşlərində şəhadətə ucalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü