19 aprel 2024 17:49
273

COP29 Bakıda: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə liderlik estafetini götürür

Ölkəmizin COP29-a ev sahibliyi etməsi iqlim dəyişikliyi məsələlərində qlobal həmrəyliyin gücləndirilməsi üçün güclü katalizator olacaq

COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək. Bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq.

COP29-un Bakıda keçirilməsi unikal platformadır

COP29 Təşkilat Komitəsinin üzvü, Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova mövzu ilə bağlı “İki sahil”ə  açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi Prezident Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin milli və beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədəki rolunun əhəmiyyətli etirafıdır. Bu tədbir beynəlxalq ictimaiyyətin Azərbaycanın davamlı inkişaf məqsədlərinə sadiqliyinə və qlobal ekoloji problemlərin həlli yollarının tapılmasında fəal roluna inamını nümayiş etdirir.

Gülşən Axundova  sözügedən mövzu ilə bağlı bir sıra mühüm məqamlara nəzər salaraq qeyd etdi ki, Azərbaycan qalıq yanacaqların əsas istehsalçısı kimi ekoloji cəhətdən təmiz iqtisadi modelə keçid üçün məsuliyyət daşıyır.  Ölkəmiz artıq bərpaolunan enerji, istixana qazları emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsi sahəsində mühüm irəliləyiş əldə edib.  COP29-un Bakıda keçirilməsi Azərbaycana digər ölkələrlə təcrübə mübadiləsi aparmaq, nailiyyətlərini nümayiş etdirmək və iqlim dəyişikliyinə qarşı yeni həll yollarının hazırlanmasına töhfə vermək üçün unikal platforma təqdim edəcək. Ümumiyyətlə, COP29-un Azərbaycanda keçirilməsi planetimizin davamlı gələcəyinin təmin edilməsində məsuliyyətli və etibarlı tərəfdaş kimi ölkənin beynəlxalq aləmdə imicini gücləndirəcək tarixi hadisədir. Azərbaycanın COP29-a sədrliyi və bu möhtəşəm tədbirə ev sahibliyi etməsi iqlim dəyişikliyi məsələlərində qlobal həmrəyliyin gücləndirilməsi üçün güclü katalizator olacaq.

İqlim dəyişikliyi ilə mübarizədə tarixi mərhələ

Həmsöhbətimiz vurğuladı ki, ölkəmiz bir sıra mühüm vasitələrdən istifadə etməklə  bu məsələdə fəal mövqeyini nümayiş etdirmək niyyətindədir: “Bunlar iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni layihələrin və əməkdaşlığın təşəbbüskarı olmaq, ölkələr, təşkilatlar və ekspertlər arasında dialoqun və təcrübə mübadiləsinin təşviqi, istixana qazı emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün innovativ həllər və texnologiyaların təşviqi, iqlim dəyişikliyi problemlərinə dair məlumatlılığın artırılması və bu prosesə geniş ictimaiyyətin cəlb edilməsidir. Azərbaycan iqlim dəyişikliyinin qlobal həllini tələb edən qlobal problem olduğunu qəbul edir. COP29 sədrlik ölkəmiz üçün liderliyi ələ keçirmək və planetimizi xilas etmək üçün dünyanın bütün ölkələrinin səylərini birləşdirmək üçün unikal imkan olacaq. Bakıda keçiriləcək COP29-un hamı üçün daha davamlı və ədalətli gələcəyin əsaslarını qoyaraq iqlim dəyişikliyi ilə mübarizədə tarixi bir mərhələ olacağı gözlənilir”.

Yaşıl enerjiyə qlobal keçid

COP29 Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, COP29 yaşıl enerjiyə keçidi sürətləndirmək üçün müzakirə və fəaliyyət üçün kritik platforma olacaq. Tədbirdə  dünyanın hər yerindən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri,  iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlı inkişaf üzrə ekspertlərin iştirakı gözlənilir. COP29-a  iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı əsas məsələlərin müzakirə ediləcəyi plenar iclaslar, iqlim maliyyəsi, bərpa olunan enerji texnologiyasının inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma kimi spesifik məsələlərə fokuslanan tematik sessiyalar, müxtəlif maraqlı tərəflər tərəfindən təşkil edilən yan tədbirlər daxildir.  Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bu tədbirin mümkün qədər məhsuldar və səmərəli keçirilməsi üçün hər cür səy göstərəcək. COP29-un yaşıl enerjiyə qlobal keçid, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin azaldılması üçün güclü stimul olacağı gözlənilir.

COP29-un loqosu iqlim böhranı ilə mübarizədə ümid və birlik mesajı verir

COP29-un loqosunun əhəmiyyətindən söz açan həmsöhbətimiz diqqətə çatdırdı ki, COP29 loqosu iqlim böhranı ilə mübarizənin ümumi işində ümid və birlik mesajı verir. Bu, planetimizi gələcək nəsillər üçün qorumaq üçün bütün dünya ölkələrinin birgə fəaliyyətinə çağırış kimi xidmət edir. Loqonun rəng palitrası da dərin məna daşıyır. Belə ki, mavi rəng səma və təmizliklə əlaqələndirilir, davamlı gələcək arzusunu simvollaşdırır. Yaşıl rəng təbiəti və inkişafı təmsil edir, ətraf mühitin qorunmasının vacibliyini vurğulayır. Ağ rəng sülh, birlik və əməkdaşlığı simvollaşdırır. COP29 loqosu Azərbaycanın ətraf mühitin mühafizəsi və davamlı inkişafa sadiqliyinin parlaq obrazı kimi insanların yaddaşında silinməz iz qoyaraq konfransın tanınan simvoluna çevriləcək.Qeyd  edək ki, loqo beynəlxalq müsabiqənin qalibi olmuş azərbaycanlı dizayner Elvin Mehdiyev tərəfindən hazırlanıb. Onun işi münsiflər heyəti tərəfindən orijinallığına, məna dərinliyinə və COP29 mövzusuna uyğunluğuna görə yüksək qiymətləndirilib. COP29 loqosu sadəcə vizual görüntü deyil, həm də dünyadakı insanları ümumi gələcəyimiz uğrunda ümumi mübarizədə birləşdirən güclü mesajdır.

Yaqut Ağaşahqızı, “İki sahil”