23 aprel 2024 17:17
341

Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir - Elman Nəsirov

Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Bunun nəticəsidir ki, tarixi uğurlara imza atırıq, Vətən müharibəsində Zəfər qazanmışıq, bir sutkalıq anti-terror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Eyni zamanda Qazaxın işğal altında olan və qeyri-anklav 4 kəndini bir güllə belə atmadan dinc yolla geri qaytarmışıq. Paralel olaraq Rusiyanın sülhməramlı kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Bunlar tarixi nailiyyətlərdir. Bu nailiyyətləri Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi müstəqil milli mənafeyə söykənən siyasət nəticəsində əldə edə bilib. 

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat bildirdi ki, Deputat dövlət başçımızın  Rusiya səfərini şərh edərək bildirib ki, bu səfər bir daha göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyət bəyannaməsinə uyğun inkişaf etdirilir. İkitərəfli danışıqlar prosesində Rusiya Prezidenti Vladimir Putin də vurğuladı ki, bu gün iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar səviyyəsini aşıb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollara bərabərdir. Cənab İlham Əliyev də vurğuladı ki, bu səfəri Baykal-Amur Magistralının tikilməsinin 50 illik yubileyi dövrünə təsadüf edir. Cənab Prezident Rusiya Prezidenti Valdimir Putinin bu ittifaq miqyaslı tikintinin həyata keçirilməsində göstərdiyi misilsiz fəaliyyətə görə Ulu Öndər Heydər Əliyevi xatirlaması, ona olan minnətdarlıq hissini ifada etməsi məsələsinə də toxundu. Qeyd etdi ki, həqiqətən də bu gün münasibətlərimizin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin müstəsna xidmətləri olub, indi də münasibətlərimiz dinamik inkişaf tempinə malikdir. 

Elman Nəsirov əlavə edib ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Vaşinqtonun və ya Brüsselin əleyhinə deyil. Eyni zamanda Azərbaycanın sözügedən tərəflərlə əlaqələri inkişaf etsə, bu, heç bir halda Kremlin əleyhinə yönəlməyib, heç bir üçüncü dövləti hədəf almayıb. Bu, dövlətimizin prinsipial mövqeyidir və bu mövqeyi cənab İlham Əliyev formalaşdırıb, həyata keçirir. Belə olmasaydı, 6-7 dəfə ABŞ-nin və NATO-nun hərbi rəhbərliyi ilə Rusiyanın hərbi rəhbərliyinin görüşü Bakıda keçirilməzdi.

Şəmsiyyə Əliqızı, “İki sahil”