24 aprel 2024 00:10
306

İlk sərhəd dirəyi nədən xəbər verir?

Aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Hətta dünən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Ermənistan mətbuatında da materiallar dərc olunub. Ermənistanın baş naziri Nikol Paşinyan isə  sosial şəbəkədə yazıb: “İlk sərhəd dirəyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb”. O, sərhəd dirəyinin fotosunu da paylaşıb

Şübhəsiz, bu ilk dirək növbəti sərhəd dirəklərinə vəsilə olacaq. Bu ilk dirək həm də iki ölkə arasındakı münasibətlərin artıq normallaşmaya doğru getdiyindən xəbər verir. Bu mənada bunu sülhə doğru mühüm addım   kimi dəyərləndirmək olar. Delimitasiya üzrə komissiyaların görüşü, əldə olunan razılıq, ilk sərhəd dirəyinin quraşdırılması bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib bu və ya digər məsələni həll etmək iqtidarındadırlar. Bu isə öz maraqları daxilində prosesə müdaxilə etmək istəyən Qərbin ürəyincə deyil. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda Beynəlxalq Forumda bildirdiyi kimi, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının aprelin 19-da keçirilən 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) geri qaytarılmasına razılıq vermişdir. Komissiyanın iclasında müəyyən edilmişdi ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. O da qərara alınmışdı  ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır. Şübhəsiz, əldə olunan bu növbəti nailliyyət Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Bu mənada heç bir vasitəçi olmadan, bir güllə belə atılmadan həyata keçirilən bu addım Prezident İlham Əliyevin növbəti uğurudur. Regionda və dünyada böyük nüfuza sahibi olan Azərbaycan bununla həm də bir daha sübut etdi ki, onun beynəlxalq hüquq normaları çərçivəsində apardığı haqq yolundakı mübarizəsinə heç bir qüvvə maneə ola bilməz.

Qvami Məhəbbətoğlu, “İki sahil”