14 oktyabr 2025 01:58
122

Paşinyanın Düşənbədə yeni etirafı: Sülh reallıqdır

Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi mərhələnin, daha dəqiq desək, Cənubi Qafqazda dəyişən qüvvələr balansının bir növ siyasi göstəricisinə çevrildi. Bu dəfə diqqət mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasında müşahidə olunan yumşalma, yaxud daha doğru desək illərlə davam edən düşmənçilik ritorikasından “sülh və əməkdaşlıq” mesajlarına keçid idi. Paşinyan ilk dəfə açıq şəkildə bəyan etdi ki, Ermənistan Azərbaycanla qarşılıqlı ticarəti bərpa etməyə, humanitar məsələlərin həllini sürətləndirməyə, iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməyə ümid bəsləyir. O, həmçinin MDB sammiti çərçivəsində “Tramp marşrutu” adlandırılan Zəngəzur üzərindən keçəcək 42 kilometrlik dəmir yolu xəttinin region ölkələrinə, xüsusən də Ermənistanın iqtisadi inteqrasiyasına yeni imkanlar yaradacağını vurğuladı.

Bu bəyanatlar zahirən yeni dövrün başlanğıcı kimi təqdim olunsa da siyasi reallıqlar göstərir ki, Paşinyanın bu “sülh dili” təsadüfi deyil. Həm daxili təzyiqlərin, həm də Azərbaycanın diplomatik uğurları nəticəsində dəyişən regional mənzərənin məhsuludur. Çünki artıq Ermənistan nə hərbi, nə iqtisadi, nə də diplomatik müstəvidə əvvəlki kimi manevr imkanına malik deyil. Azərbaycan Prezidentinin liderliyi ilə həyata keçirilən müstəqil xarici siyasət, 2020-ci ilin Zəfərindən sonra qurulan yeni reallıqlar və sülh müqaviləsinin imzalanması prosesi İrəvanı seçim qarşısında qoydu: ya reallığı qəbul edib regional əməkdaşlığa qoşulmaq, ya da təcrid vəziyyətində qalmaq.

İrəvanın dönüş cəhdi…

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsinin sonluğu yalnız Azərbaycanın hərbi qələbəsi deyil, həm də regionda siyasi və hüquqi nizamın tamamilə yenidən formalaşması idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə təkcə işğala son qoymadı, həm də illərlə dondurulmuş vəziyyətdə saxlanılan münaqişənin beynəlxalq hüquqa əsaslanan həll modelini reallaşdırdı. Bu prosesdə əsas fərq Azərbaycanın prinsipial mövqeyinin ardıcıl olması və sülhün məhz ədalət üzərində qurulması idi.

Paşinyanın Düşənbə çıxışında səsləndirdiyi “sülh artıq reallıqdır” fikri bir tərəfdən bu yeni vəziyyətin təsdiqidir, digər tərəfdən isə Ermənistanın müstəqil qərarvermə qabiliyyətinin azaldığını göstərir. Çünki sülhün reallığa çevrilməsi Ermənistan tərəfindən deyil Azərbaycan tərəfindən təmin edildi. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etdikdən sonra regionda ilk dəfə real barışın əsaslarını yaratdı. Bu gün Paşinyan sülhdən danışırsa bu, məhz Azərbaycanın gücü və qətiyyəti nəticəsində mümkün olub.

Paşinyanın çıxışında diqqət çəkən digər məqam “Tramp marşrutu” (TRIPP) adlandırılan yeni dəmir yolu xəttinin vurğulanması idi. Bu marşrut əslində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsini əhatə edir və onun əsas məqsədi Azərbaycanla Naxçıvan arasında, eyni zamanda, regionda vahid nəqliyyat əlaqələrinin bərpasıdır. Əgər 2020-ci il 10 noyabr Bəyanatı ilə bu məsələ hüquqi əsas qazanmışdısa, 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan “Beynəlxalq Sülh və Rifah naminə Marşrut” (TRIPP) razılaşması artıq yeni mərhələyə keçidi təmin etdi. Bu layihə yalnız Azərbaycan və Ermənistanı deyil, həm də MDB məkanında yerləşən digər ölkələri birləşdirən strateji dəhlizdir. Paşinyanın dediyi kimi, bu marşrut Ermənistanın MDB ölkələri ilə birbaşa dəmir yolu və logistika əlaqələrinə çıxışını təmin edəcək. Lakin burada vacib sual budur: Ermənistan bu şansdan real inkişaf üçün istifadə edəcək, yoxsa növbəti dəfə geosiyasi oyunların alətinə çevriləcək?

Azərbaycan üçün bu marşrut təkcə iqtisadi xətt deyil, həm də strateji suverenlik məsələsidir. Bakı üçün əsas prinsip aydın və dəyişməzdir: bütün kommunikasiya xətləri Azərbaycanın suverenliyinə, beynəlxalq hüquqa və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. “Tramp marşrutu” isə bu baxımdan Azərbaycanın regional təşəbbüslərinin uğurlu davamıdır. Çünki həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində yeni bir körpü yaradır.

Ritorika dəyişikliyi, yoxsa siyasi manevr?

Ermənistan rəhbərinin son aylarda istifadə etdiyi “sülh, əməkdaşlıq, ticarət” kimi ifadələr ilk baxışda pozitiv görünə bilər. Amma Ermənistanın daxilində “sülh ritorikası”na qarşı ciddi müqavimət var. İctimai rəyin böyük bir hissəsi hələ də revanşist düşüncələrdən qurtulmayıb. Hərbi-siyasi elita, kilsə və diasporun müəyyən hissəsi “Qarabağ məsələsi”ni siyasi alət kimi saxlamağa çalışır. Bu baxımdan Düşənbədə səsləndirdiyi “sülh reallıqdır” fikri həm də öz siyasi mövqeyini qorumaq üçün atıldığı addımdır. Azərbaycan isə bu cür bəyanatlara emosional deyil, strateji prizmadan yanaşır. Bakı üçün vacib olan söz deyil, əməl və nəticədir. Əgər Ermənistan real iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atsa bu, regionda sabitliyin dərinləşməsinə gətirib çıxarar. Əks halda sülh ritorikası yalnız beynəlxalq auditoriyaya hesablanmış formal mesaj kimi qalacaq.

MDB kontekstində yeni reallıqlar

Paşinyanın MDB Sammitində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Ermənistan artıq bu platformada təcrid vəziyyətində qalmaq istəmir. Halbuki son illərdə MDB məkanında Azərbaycan mühüm iqtisadi və siyasi təşəbbüslərin əsas təşəbbüskarı kimi çıxış edir. Enerji, nəqliyyat, humanitar və rəqəmsal inteqrasiya sahələrində Azərbaycanın artan rolu MDB-nin gələcək dinamikasına ciddi təsir göstərir. Düşənbə sammiti həm də onu nümayiş etdirdi ki, Bakı regional siyasətin mərkəzindədir. MDB-yə üzv ölkələrin əksəriyyəti Azərbaycanla əməkdaşlığı strateji səviyyədə inkişaf etdirməkdə maraqlıdır. Bu, həm Azərbaycanın iqtisadi sabitliyi, həm də beynəlxalq etibarı ilə bağlıdır. Ermənistan isə illərlə təcrid siyasəti yürüdərək bu fürsətləri itirdi. İndi Paşinyanın “MDB ilə əlaqələri gücləndirmək” çağırışı əslində həmin səhvlərin etirafıdır.

Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sülh və inkişaf gündəliyini müəyyən edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionda uzunmüddətli sülh yalnız qarşılıqlı etimad, suverenliyə hörmət və beynəlxalq hüquqa əsaslana bilər. Azərbaycan müharibədən sonra quruculuq, bərpa və iqtisadi inteqrasiya istiqamətində apardığı siyasətlə göstərdi ki, məqsəd təkcə hərbi qələbə deyil, həm də davamlı sülh modelidir. Bakı bütün regional layihələrdə – o cümlədən “Tramp marşrutu”, Şimal-Cənub, Orta Dəhliz və Rəqəmsal İpək Yolu kimi təşəbbüslərdə – dialoq və əməkdaşlıq prinsiplərini rəhbər tutur. Bu, həm Azərbaycanın strateji maraqlarına, həm də regionun ümumi rifahına xidmət edir.

Sülhün reallığa çevrilməsi Bakının diplomatik kodudur

Paşinyanın Düşənbədəki çıxışı əslində Azərbaycanın diplomatik uğurlarının dolayısı ilə etirafıdır. “Sülh reallıqdır” ifadəsi yalnız siyasi ritorika deyil, həm də regionda formalaşmış yeni güc balansının təsdiqidir. Bu gün reallıq ondan ibarətdir ki, sülhün memarı Azərbaycandır. Ermənistan isə bu reallığa uyğunlaşmağa məcburdur. Əgər İrəvan bu dəfə sülh şansını dəyərləndirə bilsə Cənubi Qafqazda ilk dəfə olaraq uzunmüddətli sabitlik və qarşılıqlı inam mühiti yarana bilər. Əks halda tarixin təkrarı qaçılmaz olacaq. Azərbaycanın mövqeyi aydındır: sülhün reallığı güclə, ədalətlə və diplomatik uzaqgörənliklə təmin edilib, bundan sonrakı mərhələdə isə onun qorunması üçün siyasi iradə tələb olunur.

Beləliklə, Düşənbədə səslənən sülh mesajları artıq regionda formalaşan yeni siyasi reallıqlar, yəni Azərbaycanın müəyyən etdiyi inkişaf və sabitlik modeli ilə ölçülür. Çünki regionda bütün istiqamətləri müəyyən edən əsas güc mərkəzi, diplomatik balans və strateji nizam məhz Azərbaycanla bağlıdır.

Nigar Orucova, “İki sahil”