23 aprel 2024 19:51
382

Kafedramızın 60 ildə keçdiyi şərəfli yol qarşıdakı dövrün güzgüsüdür - FOTO

Yazıya Prezident İlham Əliyevin bu fikirləri ilə başlamaq istərdik: “Neft və qaz Tanrıdan xalqımıza verilən nemətdir. Dövlətimiz bundan uğurla və məharətlə istifadə edir. Amma bu təbii nemətlər tükənə bilər, ona görə də elm və təhsilin səviyyəsini artırmaqla müstəqil Azərbaycanımızın dayanıqlı inkişafını daim təmin etmək mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirəndə məlum olur ki, o ölkələrin inkişafında öndə olan aparıcı rol neft və qaz deyil, bilikdir, təhsildir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (O vaxt M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda) 60 il öncə Yüksəkmolekullu birləşmələrin texnologiyası  (indiki Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası) kafedrasının təməli qoyulmuşdur.

1964-cü  ildən respublikamızda və onun hüdudlarından kənarda neft, qaz, kimya, neft-kimya və digər sənaye sahələrində, həmçinin məişətdə, tibbdə və tikintidə müxtəlif məqsədlər üçün istifadə olunan üzvi maddələrin, yüksəkmolekullu (oliqomerlərin, polimerlərin və elastomerlərin) birləşmələrin alınması, tədqiqi və tətbiqi ilə çoxsaylı elmi-tədqiqat işləri aparılmışdır. Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri çoxsaylı müəlliflik şəhadətnamələrində, patentlərdə, sınaq aktlarında və nüfuzlu jurnallarda əksini tapmışdır. Yüzlərlə beynəlxalq konfrans və simpoziumlarda kafedranın əməkdaşları məruzələri ilə diqqət mərkəzində olmuşlar.

1962-ci ildə Moskvada kimya elmləri doktoru elmi dərəcəsi alan Sadıx İsmayıl oğlu Sadıxzadə 1964-cü ildə kafedranın təməlini qoymuş, eyni zamanda, Azərbaycan Milli  Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstititunda Problemlərin kimyası və Sintetik kauçukun (elastomerin) kimyası laboratoriyalarına rəhbərlik etmişdir. Sadıx müəllim  1964-1967-ci illərdə kafedranın müdiri olmuşdur. 1967-ci ildə isə AMEA-nın  indiki Polimer Materialları İnstitutunun təməlini qoymuşdur.  1973-cü ilə kimi institutun  direktoru olmuşdur. Sadıx müəllim  institutun  direktoru olduğu müddətdə Epoksid  birləşmələrin kimyası laboratoriyasının da təməlini qoymuş və laboratoriyanın  müdiri vəzifəsində çalışmışdır.  Epoksid  oliqomerinin  sintezi üçün lazım olan əsas komponentin  ( epixlorhidrinin) alınma üsulunu işləyib hazırlamışdır.  Professor  Sadıx  Sadıxzadə  polifunksional  silisium  üzvi birləşmələrin, etilbenzolun dehidrogenləşməsi prosesi ilə stirolun alınmasında istifadə olunan K-93 markalı  katalizatorun da həm laboratoriya şəraitində, həm də sənaye miqyasında alınmasına nail olmuşdur. Professor göstərilən elmi-tədqiqat işləri istiqamətində Azərbayanda  ilk görkəmli  alim idi. 1973-cü ildən Sadıx müəllim tamamilə pedaqoji fəaliyyətə keçmişdir. Onun rəhbərliyi ilə 50-yə yaxın elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.

Kafedranın ikinci müdiri professor Cəbrayıl  Ələkbər oğlu Hüseynov  olmuşdur. Cəbrayıl müəllim də 1962-i ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1961-1967-i illərdə BDU-da kimya fakültəsində  dekan, həm də Kimya texnologiya kafedrasının müdiri olmuşdur.  1967-1969-u illərdə isə bizim kafedranın müdiri olmuşdur.  Onun elmi fəaliyyətinin istiqaməti Azərbayan da çıxarılan və emal olunan  neftdən sürtgü yağlarının istehsal texnologiyasının  təkmilləşdirilməsinə həsr olunmuşdur.  Cəbrayıl müəllimin vəfatından sonra kafedranın  müdiri vəzifəsini müvəqqəti olaraq dosent Feleks  Məmmədov  icra etmişdir.  Həmin vaxt  kafedranın  dosenti  Yaşar  Bilalov  İtaliyada  Nobel mükafatı laureantı olan Nattanın yanında  ixtisasartırmada  olmuşdur.  Oradan  qayıtdıqdan sonra 1972-ci ildən  2010-cu ilə kimi (38 il) kafedranın  müdiri  Yaşar Bilalov olmuşdur.  Kafedramız bu müddətdə bir çox  nailiyyətlərə imza atmışdır. Yaşar müəllim  30-dan çox elmlər namizədinin və elmlər doktorunun  rəhbəri olmuşdur.  O, 1987-i ildə doktorluq dissertasiyasını  Moskvada müdafiə etmişdir.  Yaşar müəllim, eyni zamanda, 5 il kimya-texnologiya fakültəsində dekan  vəzifəsini müvəffəqiyyətlə icra etmişdir.  Kafedranın təməli qoyulan ildən  M.V. Lomonosov adına Moskva Dövlət Universitetini, Moskva Zərif Kimya Texnologiya İnstitutunu və D.M. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunu bitirmiş (Yaşar Bilalov, Feleks Məmmədov, Əliağa Şahmaliyev, Vahid Quliyev, Tarik İsmayılov, Toğrul Qədirov və Məsumə Ağakişiyeva)  görkəmli alimlər və pedaqoqlar fəaliyyət göstərmişlər. Bu müəllimlərimi daim xatırlayır və onlardan öyrəndiklərimi  də tələbələrimə çatdırmağı  özümə borc bilirəm.

2010-2015-ci illərdə kafedraya  professor Kərəm Seygi oğlu Şıxəliyev rəhbərlik etmişdir.  Kərəm müəllim rezin sənayesinin  püxtələşmiş  mütəxəssisi olmaqla yanaşı, həm istehsalatda, həm də təhsildə kifayət qədər təcrübəyə malik professordur.

2016-cı ildən  professor Fariz  Əli oğlu Əmirli  kafedraya rəhbərlik edir və işini müasir tələblərə uyğun qurur. Tələbələrin sevimlisidir. 2016-cı ildən iki beynəlxalq konfransın  və bir forumun keçirilməsinə rəhbərlik etmişdir. Kafedrada  Kimya mühəndisliyi və Qida mühəndisliyi ixtisası üzrə magistr  hazırlığı  istiqamətində  üç dildə (Azərbaycan, rus və ingilis) tədris aparır.

Hal-hazırda Qida mühəndisliyi ixtisası üzrə magistr hazırlığı üçün proqramlar  və sillabuslar hazırlanır. Ümumiyyətlə, kafedranın təməli qoyulandan ondan çox ixtisaslaşma üzrə keçmiş SSRİ respublikaları, həmçinin Almaniya, Çexiya, Slavakiya, Bolqarıstanı, Macarıstan, Kuba, Vyetnam, Əfqanıstan, Banqladeş, Koreya, Çin, İran, Türkiyə,Suriya,İraq kimi ölkələr üçün mühəndis, bakalavr, magistr və fəlsəfə doktorları hazırlanmışdır. Hal-hazırda İran, Türkiyə və Çindən olan tələbələr həm bakalavr, həm də magstr pilləsində təhsil alırlar.Kafedranın əməkdaşları uzun müddət ərzində Efiopiya və Nigeriyada Polimerlərin texnologiyası ixtisası üzrə mütəxəssis hazırlığı üzrə məşğul olmuşlar.

Kafedranın əməkdaşları 60 ildə istər ölkəmizdə, istərsə də xarici ölkələrdə nəşr edilən elmi jurnallarda 3000-ə yaxın elmi məqalə və tezis, 150-yə yaxın müəlliflik şəhadətnaməsi çap etdirmişlər və Azərbaycan Respublikasının, Rusiya Federasiyasının patentlərini almışlar. Kafedrada tədris olunan fənlər üzrə 100-dən çox dərslik, dərs vəsaiti və metodik vəsait çap olunmuşdur. Kafedranın əməkdaşlarının uğurları dövlətimiz tərəfindən müxtəlif vaxtlarda yüksək qiymətləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin  Sərəncamı ilə  kafedranın 38 il müdiri olmuş Yaşar Bilalov “Əməkdar elm xadimi”, digər 4 əməkdaşımız Ümummilli Liderin və Prezident İlham Əliyevin sərəncamları ilə   “Əməkdar müəllim” adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif edilmişlər. Dövlətimizin  elmin inkişafına göstərdiyi diqqət və qayğıdan kənarda qalmayan kafedramızın uğurları professor-müəllim heyətimizi, tələbələrimizi sevindirir, müasir dövrün çağırışlarını daha yüksək səviyyədə cavablandırmağa stimul verir. 60 illik  yol gələcəyə daha böyük inamla addımlamağa sövq edir.

Tamilla Naibova,
Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının dosenti,
kimya elmləri üzrə fəlsəfə doktoru,
Əməkdar müəllim