26 aprel 2024 01:15
382

Azərbaycan-Qırğızıstan qardaşlığı sarsılmazdır

Tanrı türkə yar olsun,
Turan ellər var olsun!

Bu sözlərə gözəl musiqi bəstələnmiş türkünü sevməyən bir türk tapılmaz. Bu türkü oxunanda çadırdan salınmış obalarda at üstündə şahanə görkəmdə oturan, qılınc-xəncər qurşanmış, ox-yayla silahlanmış alp ərənlər (döyüşçülər) gözlərimiz qarşısında canlanır. Sanki min il əvvələ qayıdırıq.

Biz min il əvvəllər də həmişə şad  və çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. 1064-1067-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordu ilə iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında  möhkəmlənmiş işğalçı Roma imperiyasının qoşunlarını darmadağın etməsi qardaşlığımızın ən parlaq səhifəsidir. Xatırladaq ki, Alp Arslanın atası Çağrı bəy, əmisi Sultan Məsud Azərbaycan türklərinə daim qayğı və diqqət göstərmişlər. Sultanın qardaşı Ünal bəy isə xalqımızın təhlükəsizliyini qorumaq üçün uzun illər Gəncənin hakimi olmuşdur. Bəzi tarixi mənbələrdə  göstərilir ki, onların anaları azəri türküdür. O dövrdəki şəraitə uyğun olaraq vəziyyət elə gətirib ki, iki qardaşın biri Osmanlıda, digəri Azərbaycanda və ya başqa türk ölkəsində yaşamalı olub.

Bolşevik repressiyalarının tüğyan etdiyi 1920-1930-cu illərdə təqiblərdən yaxa qurtarmaq üçün öz vətənlərindən didərgin düşən azərbaycanlılar qardaş Türkiyəyə sığınırdılar. Daha aramıza girə biləcək  belə düşmən qüvvələr yoxdur, xalqlar ayılıb, dostu ilə düşmənini bir-birindən ayırır. Azərbaycan iki yüz illik imperiya əsarətindən qurtularaq öz dövlət müstəqilliyini bərpa edib. İndiki və gələcək nəsillərimiz əl-ələ verib uzun inkişaf yolu ilə irəliləyəcək, daha güclü olacaqlar. Ulu babamız Oğuz Xaqan vaxtilə demişdir: Ey türk! Silkələn, özünə qayıt, sən özünə qayıdanda böyük olursan!

Bəli, ulu babamızın vəsiyyətinə uyğun olaraq özümüzə qayıtmışıq və böyük qüvvə olmuşuq.

Son illərdə Türk Dövlətləri Təşkilatının çərçivəsində təşkil olunan sammitlər, çoxtərəfli toplantılar, ikitərəfli görüşlər, qarşılıqlı səfərlər göstərir ki, bu istiqamətdə irəliləmək üçün ortada siyasi iradə var. Əvvəlki onilliklərdən fərqli olaraq hazırda türk dövlətlərinə rəhbərlik edən şəxslər inteqrasiya və müttəfiqlik zərurətini aydın dərk edir, eyni qənaəti bölüşürlər.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşündə həmkarı ilə dostcasına söhbəti zamanı bildirib: " Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur."

Prezident İlham Əliyev sözünə davam edərək deyib: "Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir."

Qırğızıstan Prezidenti Sadır Japarovun çıxışı tədbir iştirakçıları tərəfindən böyük hörmət və məhəbbətlə qarşılanıb. Qardaş ölkənin dövlət başçısı deyib: "Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir.

Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim."

Bəli, biz uzun illər eyni kökdən olduğumuz qardaşlarımızla belə sıx birlik olmağımızı arzulamışıq. Artıq aramızda yaradılan süni ayrılıqlar aradan qalxmışdır. Ona görə də qırılan əlaqələrimizi yenidən bərpa edir və möhkəmləndiririk. Təəssüf ki, bunu qara eynəklə seyr edənlər var. Bəzən yaxın-uzaq paytaxtlarda bu inteqrasiyaya ağız büzür, “Turan birliyi” təhlükəsindən danışırlar. Amma nədənsə özlərinin imperialist planlarından, xırda xalqlara etdikləri zülmdən, müsəlmanlara qarşı dağıdıcı səlib yürüşlərindən danışmaqdan qaçırlar. Müasir Turançılıq ideyasına qarşı çıxanların özləri slavyan birliyindən, anqlo-saks qardaşlığından, Frankofoniya (fransızdilli ölkələrin birliyi) ittifaqından, antitürk əməllərindən, xristian həmrəyliyindən danışmaqdan utanmırlar, amma türk dövlətlərinn yaxınlaşmasına, birgə əməkdaşlığına təlaş hissi ilə baxırlar. Kimin necə yanaşmasından asılı olmayaraq, karvan öz yolu ilə düz gedir. Uzaq əsrlərdə İpək Yolu ilə irəliləyən və xalqlarımız arasında əlaqə yaradan karvanları indi müasir nəqliyyat logistikası əvəz edir, ünsiyyət birə min artıb, uzaqlar yaxın olub. İmperiyaların, sonda bolşeviklərin "ayır-buyur" planları puç olub, doğmalar bir-birlərinə qovuşublar. Ona görə də biz gələcəyə nikbin baxır, türk dövlətlərinin inteqrasiyasının maksimum səviyyəyə çatacağına, bütöv bir təhlükəsizlik sistemi yaradılacağına, bunun xalqlarımıza böyük fayda verəcəyinə inanırıq. Var olsun birliyimiz və qardaşlığımız!

Vəli İlyasov, "İki sahil"