25 aprel 2024 19:01
872

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və bp-nin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Eko-Parkında Qlobal Metan Azaldılması təşəbbüsü (AGMR) çərçivəsində bp və SOCAR-ın birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda SOCAR-ın, bp-nin, Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq neft-qaz şirkətlərinin, operator təşkilatların, BMT-nin Ətraf Mühit Proqramının, Avropa Komissiyasının, “Neft və Qaz İqlim Təşəbbüsü” təşkilatının, Beynəlxalq Enerji Agentliyinin, Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun, Alman Aerokosmik Mərkəzinin, “GHGSat”, “Baker Hughes”, “SLB” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndələr tərəfindən planetimiz üçün qlobal təhlükəyə çevrilmiş iqlim dəyişikliyinin yaranmasında metan emissiyalarının rolu, “Paris Sazişi” və onun müddəalarının icrası, neft-qaz əməliyyatlarının bütün dəyər zəncirində metan emissiyalarının monitorinqi, onların azaldılmasında müasir texnologiyaların rolu, dron və peyk əsaslı texnologiyaların tətbiqi, “OGMP 2.0” və onun hesabatlıq tələbləri, Azərbaycanda metan emissiyalarının azaldılması potensialı və bu sahədə texnoloji həllərin tətbiqi, ən yaxşı beynəlxalq təcrübələrə dair nümunələr, “LDAR” layihələrinin icrası, habelə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair təqdimatlar edilib.

Çıxışlarda iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də davamlı inkişafın iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərdiyi qeyd olunub. Qlobal xarakter daşıyan iqlim dəyişikliyinin qarşısını almaq üçün sənaye liderləri tərəfindən emissiyaların azaldılması həllərinin tətbiqinin, ən yaxşı təcrübələrin öyrənilməsinin, həmçinin paralel olaraq yaşıl texnologiyaların tətbiqinin mühüm önəm daşıdığı diqqətə çatdırılıb. Bu xüsusda AGMR təşəbbüsünün neft-qaz sənayesi iştirakçılarının ölkəmizdə emissiyaların azaldılması sahəsinə növbəti mühüm töhfəsi olduğu vurğulanıb.

Tədbir iştirakçıları konfransın təşkilinin COP29 ərəfəsində ölkəmizin qlobal iqlim gündəliyinə sadiqliyinin yüksək təcəssümü kimi qiymətləndiriblər.

Konfransda, həmçinin belə təşəbbüslərin operator şirkətlər üçün SOCAR və  bp kimi qabaqcıl sənaye liderlərinin təcrübəsinin öyrənilməsi baxımından yüksək əhəmiyyəti xüsusi vurğulanıb, iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, SOCAR və bp şirkətləri birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması (“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icra edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və bp tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.