25 aprel 2024 20:12
373

ABŞ öz ölkəsində insan hüquqları ilə bağlı vəziyyətə dair açıq hesabat niyə hazırlamır? - AÇIQLAMA

ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan hüquqlarına dair ənənəvi olaraq hesabat açıqlayıb. Bu cür hesabat hər il Dövlət Departamenti tərəfindən açıqlanır. Onu da qeyd etmək lazımdır ki, bu hesabatlar heç də obyektivliklə, ədalətlə və ümumiyyətlə, heç zaman fakt, sübutu ilə seçilmir. Bu dəfə də elə oldu. ABŞ guya dünya ölkələrində insan hüquqlarına dair vəziyyəti həmin hesabatda əks etdirib. Amma onu da bildirmək lazımdır ki, ümumiyyətlə, ABŞ-nin Dövlət Departamenti bu cür hesabatların tərkibinə yoxlanılmamış, internetdə yerləşdirilmiş, insan hüquqlarına aidiyyəti olmayan təşkilatların rəylərini daxil edir və onun əsasında ölkələrdə insan hüquqlarına dair vəziyyəti qiymətləndirir. Burada sual olunur ki, ümumiyyətlə, ABŞ niyə ancaq həmin dövlətlərin, yəni, dünyanın digər dövlətlərinin insan hüquqlarına dair vəziyyəti təhlil edir?

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki, bu hesabatda ABŞ-da olan neqativ hallar, insan hüquqlarının pozulması, tapdalanması ilə bağlı faktlar və məlumatlar göstərilmir. Bu da həmin hesabatın, ümumiyyətlə, ABŞ Dövlət Departamentinin qərəzini göstərir. Sanki ABŞ insan hüquqlarının carçısıdır, amma buna baxmayaraq elə insan hüquqları pozuntularının bir çoxu məhz bu ölkədə baş verir. Hər kəs indi artıq bunu anlayır və dərk edir ki, bu cür hesabatlar yalnız həmin ölkələrə siyasi təsir, siyasi təzyiq xarakteri daşıyır. Amma ABŞ onu da  bilməli və dərk etməlidir ki, Azərbaycanla bu cür rəftar etmək olmaz. Azərbaycanda olan vəziyyətlə bağlı bu cür qərəzli mövqe bəsləmək olmaz. Bu cür hesabatlar real təhlillərə, dövlətlərin, hökumətlərin müvafiq hesabatlarına əsaslanmalıdır. Amma buna baxmayaraq ildən-ilə ABŞ-nin Dövlət Departamenti məhz bu cür yolu seçərək ölkələrin daxili işlərinə qarışmaqla məşğuldur. Çünki bu cür qərəzli hesabatlar düşünürəm ki, digər dövlətlərin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil.  

Cavid Əkbər, “İki sahil”