28 aprel 2024 13:53
365

Azərbaycan və qırğız xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələri var

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar  eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malikdirlər. Həmçinin,  bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ- dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş, bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daimi qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq, eləcə də, regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir. Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi, geosiyasi vəziyyəti, eləcə də, iki türk xalqı arasında tarixən yaranmış dostluq, qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa, ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir.

Azərbaycanı güclü dövlət edən səbəblərdən biri məhz, Azərbaycanın xarici siyasətidir. Gənc dövlətin inkişaf yoluna nəzər yetirsək görərik ki, Azərbaycan artan templə xarici dövlətlər, xarici təşkilatlarla bir sıra əlaqələr qurur. Bu əlaqələrin hər biri məhz, Azərbaycan inkişafına yönəlmişdir.

Vətən müharibəsi dövrünə nəzər yetirsək görərik ki, bizə dəstək olan ölkələrlə Azərbaycanın sıx əlaqələri mövcuddur. Bu da bizə müharibə dövründə əlavə siyasi güc qatmış oldu. Bir sıra ölkələrlə etdiyimiz anlaşmalar sayəsində Azərbaycan ən müasir silahlarla təmin olunmuşdu. Müharibədən sonrakı dövrə nəzər yetirsək, Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar Qırğız Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz, strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şuranın gündəliyində təkcə ikitərəfli əlaqələr deyil, eyni zamanda beynəlxalq və regional məsələlər də müzakirə edilmişdir. Beynəlxalq və regional problemlərin mütəmadi müzakirəsi bu əməkdaşlığın səmərəliliyini artırır. Qırğızıstan və Azərbaycan hər zaman beynəlxalq arenalarda bir biri ilə tərəfdaşdır. Buna misal olaraq göstərə bilərik ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Son dövrlərdə Azərbaycanda yüklərin şimal, cənub və qərbə göndərilməsi üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Qırğızıstan üçün liman infrastrukturu hər daim açıqdır. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi vardır. Qeyd olunan istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır. Azərbaycan və Qırğızıstan arasında eyni zamanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar işlər aparılacaqdır. Bu məqsədlə Azərbaycandan nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Azərbaycan və Qırğızıstan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf etməkdədir.

Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Bu hər iki dövlətin qarşısında duran əsas vəzifədir.Azərbaycanla Qırğızıstan arasında daim dostluq, qardaşlıq münasibətləri olub, diplomatik münasibətlər isə 19 yanvar 1993-cü ildə qurulub. Münasibətlər getdikcə intensivləşib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə isəAzərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir..Bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar.

Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.

Bir sözlə, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni, idman və digər sahələrdə uğurla inkişaf etmişdir.

Hər iki ölkə arasında çox qədim zamanlardan dostluq, qardaşlıq və əməkdaşlıq olub. Bu gün də mədəniyyət, təhsil, elm, turizm, idman və bir sıra başğa sahələrdə əməkdaşlıq inkişaf edir. Bunun bariz nümunəsi olaraq Qırğızıstanın paytaxtı olan Bişkek şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına və dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına iki ümumtəhsil məktəbi açılıb. Eyni zamanda Azərbaycana böyük məhəbbətin nümunəsi olaraq Qırğızıstan-Azərbaycan parkı da açılaraq istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.   Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Effektiv əməkdaşlığın konkret nümunələri də ortadadır. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.

Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək.

Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.

Ülviyyə Hümbətova,
YAP Xətai rayon təşkilatının Araz Novruzov 31 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü