28 aprel 2024 16:08
250

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ABŞ Senatının üzvlərini sərt tənqid edib.

“İki sahil” xəbər verir ki, ABŞ-ın senatorları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə parlamentə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə əlaqədar Gürcüstan Hökumətinə iradlarını bildirib.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, ABŞ Milli Demokratiya Fondu Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır. Amerika büdcəsindən Gürcüstana gələn pulların hara və hansı məqsədlər üçün xərcləndiyi ictimaiyyətə izah olunmalıdır.

“Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bu günə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə saldığını göstərir”, - deyə, Ş.Papuaşvili vurğulayıb.

Məlumat üçün bildirək ki, ABŞ-ın 14 senatoru Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul olunarsa, ABŞ-ın Gürcüstana qarşı siyasətində fərdi sanksiyalar, maliyyə yardımına yenidən baxılması və viza qadağasının uzadılmasını əhatə edə biləcək dəyişikliyi təşviq etməyə məcbur olacaqlar.