28 aprel 2024 16:40
246

Pekin: “Tesla”nın Çindəki işi ABŞ ilə uğurlu əməkdaşlığın nümunəsinə çevrilib

“Tesla”nın Çindəki fəaliyyəti Pekin və Vaşinqton arasında uğurlu əməkdaşlıq nümunəsi sayıla bilər.

“İki sahil” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu bazar günü Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Tsyan İlon Maskla görüşündə söyləyib.

“Tesla”nın Çindəki inkişafını Çin-Amerika iqtisadi və ticarət əməkdaşlığının uğurlu nümunəsi adlandırmaq olar”, – televiziya Çin hökumətinin başçısından sitat gətirib.

Onun sözlərinə görə, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda ÇXR və ABŞ-nin fundamental maraqlarına cavab verir. Li Tsyan həmçinin Çin-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. Çin hökumətinin başçısı qeyd edib ki, Çin bundan sonra da xarici sərmayələrə qapılarını açacaq və xarici kapitallı müəssisələr üçün əlverişli şərait yaradacaq.

Öz növbəsində, İlon Mask Çindəki “Tesla” zavodunun şirkətin ən yaxşı müəssisəsi olduğunu qeyd edərək əlavə edib ki, “Tesla” “qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir”.

Xatırladaq ki, İlon Mask Çində səfərdədir.