02 may 2024 09:56
209

Dövlət Departamenti: Çin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlardan imtina edib

Çin ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı gələcək danışıqlardan imtina edib.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Semafor portalına deyib.

"Təəssüf ki, ÇXR növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara müsbət cavab vermədi", deyən ABŞ rəsmisi əlavə edib ki, prezident Co Baydenin administrasiyası nüvə və kosmik sahədə münaqişə və ya eskalasiyanın əhəmiyyətli riskləri ilə mübarizə aparmaq üçün ağlabatan addımlar təklif edib.

Dövlət Departamenti nümayəndəsinin qeyd etdiyi kimi, müzakirələrə Vaşinqton və Pekin arasında rabitənin yaxşılaşdırılması, ballistik raketlərin sınaq buraxılışları haqqında xəbərdarlıq sistemi və kosmosda gərginliyin azaldılması səyləri daxildir.

Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu da öz növbəsində portala bildirib ki, Birləşmiş Ştatlar meqafon diplomatiyasından əl çəkməlidir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında ABŞ və Çin Vaşinqtonda bu məsələlərə cavabdeh olan departamentlər səviyyəsində silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı məsləhətləşmələr keçirdilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”