02 may 2024 23:43
280

Magistraturaya qəbul: Vəziyyət ürəkaçandırmı?

Bir neçə gün öncə ölkəmizdə magistraturaya qəbul imtahanının ikinci cəhdi baş tutdu. Bu imtahanda iştirak üçün ümumilikdə 19716 nəfər qeydiyyatdan keçmişdi. Son dönəmlər magistr pilləsinə qəbul imtahanında yeniliklər tətbiq edilir.

Görəsən hazırda bu təhsil pilləsindəki vəziyyət haqqında ekspertlər nə düşünürlər? Təşkil edilən imtahan prosesi qənaətbəxşdirmi? Daha hansı yeniliklərin tətbiq edilməsinə ehtiyac var?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu il ali təhsil müəssisələrinə keçirilən iki qəbul imtahanının suallarını təhlil etdikdə, test tapşırıqlarının əvvəlki illərlə müqayisədə çətin olduğu demək olar: “Bu da imtahan iştirakçıları arasında təbii ki, həm ciddi narazılığa səbəb olur. Eyni zamanda bu, həm də bakalavrı bitirib magistr pilləsinə qəbul olmaq istəyənlərin ixtisas seçiminə öz təsirini göstərəcək. Demək olar ki, ötən il üçün orta bal göstəricisi bu ilki ilə müqayisədə kifayət qədər yuxarı idi. Təbii ki, bu müəyyən ixtisaslarda balların daha aşağı enməsini, hətta daha minimum ballarla magistraturaya qəbul olmağın mümkünlüyünü qaçılmaz edir. Bunun bir neçə səbəbi var. Fikrimcə, magistr pilləsinin plan yerlərinin tam olaraq dolması üçün bu addım atılıb. Əslində, süni şəkildə imtahanların çətinləşdirilməsi və ya asanlaşdırılması beynəlxalq təcrübədə qəbul edilməyən addımdır. Bu imtahanı keçirən qurumun ciddiyyətini, Azərbaycandakı imtahanlara inamı və bu prosesə olan etibarlılığı aşağı salır. Bu gün magistraturaya Azərbaycanda qəbul olunmaq istəyən şəxslər var. Amma onlar çətin suallara görə keçid balını müəyyən qədər az toplayıblar. Ona görə də təhsillərini davam etdirmək üçün xarici ölkəyə üz tutacaqlar. Bu da ölkədən kənara beyin və maliyyə axını deməkdir. Suallar arasında xüsusən də məntiq fənnindən təqdim olunan test tapşırıqlarının ağırlığı çox idi. İmtahan iştirakçıları bu sualları cavablamaq üçün kifayət qədər vaxt itirirdilər. Ona görə də süni şəkildə çətinləşdirilmiş suallar qəbul olanların ümumi sayına mənfi təsir edəcək. Qəbul plan yerlərinin də çox olduğunu nəzərə alsaq deyə bilərik ki, bu plan yerlərinə daha aşağı ballarla qəbulun həyata keçirilməsinə və bir çox yerin boş qalmasına gətirib çıxaracaq”.

Digər təhsil eksperti Elşən Qafarov isə qeyd etdi ki, magistratura bitirmiş şəxslər bir çox hallarda iş yerlərində onlara fərqli münasibət göstərilməsini və yüksək əmək haqqı verilməsini istəyir. Əslində, magistratura təhsilinin məqsədi elmi-pedaqoji kadr hazırlamaqdır. Bu təhsil pilləsi ali təhsil müəssisələrində, o cümlədən AMEA və digər elmi müəssisələrdə laborant, elmi işçi olaraq işləmək, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yaradır. Bütün bunları nəzərə alaraq biz magistratura təhsilinə forma və məzmun baxımından yanaşmanı dəyişməliyik.

Sayalı Abasova, “İki sahil”