04 may 2024 12:51
252

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

ABŞ-ın Əmək Departamentinin açıqlamasına görə, işəgötürənlər aprel ayında gözləniləndən daha az - 175 min iş yeri açıb. Nəticədə işsizlik səviyyəsi yenidən 3,9 faizə yüksəlib.

“İki sahil” “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Departamentin Əmək Statistikası Bürosu səhiyyə, sosial yardım, nəqliyyat və anbar sahələrində qazanc əldə olunduğunu bildirib. Kənd təsərrüfatı istisna olmaqla, əmək haqqının aprel ayındakı ümumi məbləği isə ötən ildəki orta aylıq qazancdan aşağıdır.

Fevral ayında ABŞ-da işsizlik nisbəti 3,9 faiz artaraq iki ilin ən yüksək səviyyəsinə çatmış, mart ayında bir qədər azalaraq 3,8 faizə enmişdi.

Aprel ayında qeyri-təsərrüfat sahələrində çalışan bütün işçilərin orta saatlıq qazancı 0,2 faiz artaraq 34,75 dollara yüksəlib. Son bir ildə orta saatlıq qazanc 3,9 faiz artıb.