04 may 2024 15:15
396

Minaların təmizlənməsi Azərbaycan-Aİ əməkdaşlığının ən mühüm istiqamətlərindən birinə çevrilə bilər - ŞƏRH

Rəsmi Bakı “Minaların təmizlənməsi sahəsində Azərbaycanın səylərini dəstəkləmək üçün Avropa Komandası Təşəbbüsü”nün elan edilməsini yüksək qiymətləndirir

Azərbaycanda mina qurbanlarının sayı...

Qarabağ və Şərqi Zəngəzurda təcavüzkar Ermənistan tərəfindən 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalanmış hesab olunur. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti nəticəsində indiyədək 134 min hektar sahə minalardan təmizlənib. İndiyədək 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada əleyhinədir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 1,5 milyona yaxın mina yerləşdirilib. Üstəlik, Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların dəqiq xəritələrini verməkdən imtina edir.  Bu da Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, həmçinin keçmiş  köçkünlərin yurd-yuvaların geri qayıtmalarına maneələr törətməkdədir. Yəni, həmin minalar bu gün də can almaqda davam edir. 2020-ci ildə müharibənin başa çatmasından bu il aprelin 27-dək 212 mina partlayışı hadisəsi baş verib, nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 356 şəxs bu partlayışların qurbanı olub. Ümumilikdə ötən 30 il ərzində Azərbaycandakı mina qurbanlarının sayı 3435 nəfərdir.

Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır

Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son illər  bu sahədəki imkanlarımız ciddi şəkildə artıb. Yeri gəlmişkən qeyd edək ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Ölkəmiz eyni zamanda, bir sıra xarici tərəfdaşları ilə bu sahədə səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: mü¬naqişədən sonra inkişaf və əmək¬daşlıq” mövzusunda beynəlxalq konfransda demişdir ki, hər il biz minatəmizləmə agentliyinə büdcəmizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq: “Yetərli deyil, lakin artırmırıq. Səbəbi maddi imkanımızın olmaması deyil, əslində, təlimləndirilmiş heyətin çatışmazlığıdır, çünki küçədən adam göndərə bilmirsən. Bu, təhlükəli işdir. Yaxşı hazırlıq keçməlidirlər”.

Minaların təmizlənməsi sahəsində Azərbaycanın səylərini dəstəkləmək üçün Avropa Komandası Təşəbbüsü

Bu kimi problemlər  mayın 3-də Bakıda keçirilmiş “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə bir daha gündəmə gətirilib. Həmin tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Aİ-nin digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxladığını və dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycan vətəndaşlarının münaqişə başlayandan indiyədək çox əziyyət çəkdiyini vurğulayan səfir bildirib ki, Aİ ANAMA-nın potensialının artırılmasına kömək göstərməyə, bu məsələdə maarifləndirmə işində Azərbaycana tam gücü ilə dəstəyi davam etdirməyə hazırdır: “Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq". 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, minaların təmizlənməsi Azərbaycan-Aİ əməkdaşlığının ən mühüm istiqamətlərindən birinə çevrilə bilər. Bu kontekstdə biz yüksək səviyyəli siyasi dialoqun praktiki davamı olaraq “Minaların təmizlənməsi sahəsində Azərbaycanın səylərini dəstəkləmək üçün Avropa Komandası Təşəbbüsü”nün elan edilməsini yüksək qiymətləndiririk.

Əgər kömək etmək istəyiniz varsa...

Bu mexanizm Aİ və onun üzv dövlətlərinin dəstəyini əlaqələndirmək, həmçinin səfərbər etmək üçün çərçivə kimi nəzərdə tutulub. Həqiqətən də belə bir təşəbbüsün vaxtı çoxdan çatıb: “Biz bu təşəbbüsün təfərrüatları, xüsusilə də onun maliyyə parametrləri haqqında daha çox şey öyrənməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, maliyyələşdirmənin səviyyəsi üzləşdiyimiz problemin miqyasına uyğun olacaq. Bundan başqa, biz inanırıq ki, Avropa Komandası Təşəbbüsü çərçivəsində praktik layihələr üçün prioritetlərin müəyyənləşdirilməsi ev sahibi olan dövlətin prinsiplərinə əsaslanacaq. Bizə lazım olan real minatəmizləmədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa”. Aİ-nin regionda sülh və inkişafı dəstəkləmək üçün nadir imkanı var. Ümid edirik ki, Avropa Komandası Təşəbbüsünün irəli sürülməsi Aİ-nin regiona dəstək siyasətində ədalətli yanaşmanın və keçmiş münaqişədən böyük zərər çəkmiş yeganə tərəf kimi Azərbaycanın obyektiv ehtiyaclarının təmin edilməsi istiqamətində ilk addım olacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.
 Tədbirdə, həmçinin bildirilib ki, Azərbaycanda minatəmizləmə fəaliyyətinə dair illik beynəlxalq konfransların keçirilməsi təqdirəlayiqdir. BMT-nin İnkişaf Proqramı ilə birgə təşkil olunan bu konfranslar ölkəmizi mina fəaliyyəti üzrə siyasi dialoq üçün mühüm məkana çevrilib. Növbəti konfrans bu il mayın 30-31-də Zəngilanda və Bakıda keçiriləcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”