04 may 2024 16:47
343

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Bu mühüm Ümumdünya Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Onun hər bir mövzuda ətraflı, dəqiq fikirləri hər kəsin diqqətinə səbəb olub, həmçinin O, tövsiyə və məsləhətləri ilə də auditoriyanının diqqətini çəkib. 

Prezident 110 ölkə nümayəndəsinin forumda istirakından məmnun olduğunu bildirərək, forumun çox mühüm beynəlxalq platforma olduğunu və orada mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasını vurğulayıb. Prezident forumda seyr edilən qısa videoçarxa diqqətləri çəkərək çıxışını davam etdirib : “Videoçarxda “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır. Mən burada Forumun proqramına baxdım.Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?”

Prezident İlham Əliyev 2019- cu ildən bəri dünyada baş verən hadisələrə də toxunaraq təəssüflə qeyd edib: ”Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyrisabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın. Həmin məsələlərin həllində, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Hesab edirəm, yaxşı olar ki, mən burada biz bu prosesi necə gördüyümüz haqqında bir az danışım və biz necə etməliyik ki, bu müsbət tendensiyaları gücləndirək? Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, üç ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır.” Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. “ Prezident çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq etdiyini bildirib.

Mərziyyə Nurəliyeva,
Xətai rayonu, 287 nömrəli “Zəkalar” liseyinin İbtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü