04 may 2024 18:37
592

Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir - FOTO

Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların Zirvə Görüşü Layihəsi 2024″ çərçivəsində 3-5 may 2024-cü il tarixlərində “2- ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans görkəmli alim və həkimləri bir araya gətirib. 

“İki sahil” xəbər verir ki, konfrasda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. 

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə diqqətə çatdırıb ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirilən Azərbaycan-Türkiyə qardaşlıq siyasəti ölkəmizdə milli strategiyaya çevrilib: “Azərbaycanlılar türk xalqlarının böyük ailəsinə daxildir. Vacib məqamı diqqətə çatdırım ki, 03.05.1995–ci ildən etibarən dünyada, ölkəmiz üçün çox vacib "Türkçülük günü" qeyd olunur. Həmin gün ərəfəsində təşkil olunan konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, uşaqlara tibbi yardımın təşkilinin daha da yaxşılaşmasına, təkmilləşdirilməsinə hər tərəfli töhfə verməkdir.”

T.Tağızadə qeyd edib ki, Azrəbaycanın dövlət siyastinin ən mühüm prioritetlərindən biri uşaqların sağlamlığı və onun qorunmasıdır: “Ana və uşaqlara qayğı, uşaq ölümünün azaldılması siyasəti dövlətin davamlı inkiafnın təminatıdır.  Azərbaycan Pediatrlar Assosiasiyası təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərir. Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan Azərbaycan Pediatrlar Assosiasiyası uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, qardaş ölkə ilə bu sahədə əməkdaşlığını davam etdirir, Türkiyədə fəaliyyət göstərən uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.”

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, konfransın Təşkilat Komitəsinin sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, TƏBİB-in nümayəndəsi Səkinə Əzizli, Pediatrik Uzmanlar Akademiyası Dərnəyinin rəhbəri Vefiq Arıca və digərləri bildiriblər ki, konfransda edilən çıxışlar, aparılan müzakirələr pediatriya sahəsi üçün öz müsbət təcrübələri ilə yadda qalacaq. Natiqlər gələcəkdə bu cür tədbirlərin, konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Türkiyəli qonaqlar Azərbaycan Pediatrlar Assosiasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə konfransın təşkilinə görə göstərdikləri dəstəyə görə plaket və hədiyyə təqdim ediblər.

Konfransda uşaqların xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər, həmçinin də klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunub.

Konfransda Türkiyənin nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinlənilib, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılıb, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən son yeniliklər konfrans iştirakçılarnın nəzərinə çatdırılıb. 

Azərbaycan Pediatrları Assosiasiyasının "Türk Dünyası Pediatrların-Zirvə Görüşü Layihəsi 2024" çərçivəsində təşkil edilən bu konfrans zamanı tibb içiləri üçün müntəzəm təlim-kurslarnın keçirilmsi və sertifikatlarn verilməsi nəzərdə tutulub. Eyni zamanda, konfransda iştirak edən alim- pediatrların məqalələri "Azrbaycan Pediatriya Jurnalında" ödənişsiz dərc olunacaq.