06 may 2024 12:39
702

Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib- FOTO/VİDEO

Azərbaycan nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Böyük Britaniyanın Kralı III Çarlza tanınmış heykəltəraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərin təsvir olunduğu rəsm əsərini hədiyyə edib.

Bu barədə “İki sahil”ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyətinin çıxışları uğurla başa çatıb. Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qarabağ atları, milli musiqi və Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

Yüz mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub.

Qeyd edək ki, mayın 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma Azərbaycan komandasının xeyrinə 6:4 hesabı ilə başa çatıb.