06 may 2024 19:09
286

Bu kitab Azərbaycanın siyasi fəlsəfəsini izah edən dəyərli araşdırmadır - Türkiyəli professor

Türkiyənin İbn Haldun Universitetinin rektoru, professor Atilla Arkanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı türk dilinə tərcümə edilərək oxuculara təqdim olunub. İbn Haldun Universitetində kitabın təqdimat mərasimi də  olub.

İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Yaşar Sarı Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabı haqda yazıb.

Professor Yaşar Sarı qeyd edib ki, bu kitabın nəşr olunması həm tarixi, həm də orada qeyd olunan məlumatların təhlili baxımından çox önəmlidir. Zamana uyğun olaraq ona görə əhəmiyyətlidir ki, kitab Qarabağ torpaqlarının işğaldan azad edildiyi, Ulu Öndərin uğrunda mübarizə apardığı Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunduğu bir dönəmdə yazılıb. Kitabda suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın dövlət fəlsəfəsi və idarəçilik anlayışı barədə məlumat verilib.

Y.Sarı onu da vurğulayıb ki, kitab müəllifinin şəxsi təcrübələri, Milli Məclisin deputatı olması mövzuya elmi və siyasi tərəfdən düzgün yanaşmanı ortaya qoyub.

Kitabın 4 bölmədən ibarət olduğunu qeyd edən alim həmin bölmələrdə bəhs edilən mövzular barədə məlumat verib.

Alim və siyasətçi olaraq Milli Məclisin deputatı, dosent Sadiq Qurbanovun kitabı Heydər Əliyevin idarəetmə və davamlılıq fəlsəfəsi, onun tətbiqi və siyasi kursuna dairdir. Bu baxımdan Heydər Əliyev və onun irsinin bugünkü Azərbaycan siyasi elitası tərəfindən necə qəbul edildiyini göstərmək baxımından dəyərli araşdırmadır. Bugünkü Azərbaycanın siyasi fəlsəfəsini və praktikasını anlamaq üçün maraqlı kitabdır.

Professor Yaşar Sarı Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2024-cü ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin siyahısında yer alan Sadiq Qurbanovun  “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı elmi monoqrafiyasının uğurlu nəticə qazanacağına inandığını bildirib.

Cavid Əkbər, “İki sahil”