07 may 2024 16:42
285

Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktoru Zoxid Ermatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun, eləcə də İqtisadiyyat və Maliyyə Nazirliyinin məsul şəxsləri daxildir.

“İki sahil” xəbər verir ki, görüşdə səmərəli əməkdaşlıq münasibətləri, tibb müəssisələrinin fəaliyyətinə nəzarət, xəstəxana idarəolunmasında informasiya texnologiyalarının rolu, icbari tibbi sığorta sisteminin dövlət tibb müəssisələrində tətbiqi mexanizmi və qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub. 

Keyfiyyətli tibbi yardımın təşkili, xidmət keyfiyyətinə nəzarət, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin çeşidi, maliyyə mexanizmləri barədə qonaqlara ətraflı məlumatlar təqdim olunub.

Görüşdə Özbəkistanda icbari tibbi sığortanın tətbiqinin hazırda bir neçə regionda həyata keçirildiyi, 2025-ci ildən isə Özbəkistanın bütün ərazisində tətbiqinin nəzərdə tutulduğu qeyd olunub. Bu baxımdan Azərbaycan təcrübəsindən yararlanmağın əhəmiyyətli ola biləcəyi vurğulanıb. Qonaqlar xəstəxana idarəolunmasının avtomatlaşdırılması üzrə də birgə əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıblar.

Daha sonra TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Rəqəmsal sistemlərin tətbiqi şöbəsinin baş məsləhətçisi Samir Məmmədov təqdimatla çıxış ediblər.

Sonda xəstəxana idarəetmə modeli, multidisiplinar xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, eləcə də Özbəkistandan olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birlikdə əməkdaşlığın qurulması qərara alınıb.

 Nümayəndə heyəti Yeni Klinikanı da ziyarət edib və göstərilən xidmətlərlə yerində tanış olublar.