08 may 2024 16:01
258

ADPU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci  ildönümü qeyd olunub - FOTO

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Əbədi ömrün ikinci yüzilliyi” adlı konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, şöbə, mərkəz və  kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  tədbirdən əvvəl universitet rəhbərliyi, əməkdaş və tələbələr  Fəxri xiyabanda  Ulu Öndərin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə keçirilən konfrans Ulu Öndərin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsininin yad edilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən ADPU-nun  rektoru, professor Cəfər Cəfərov qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır. O, hazırkı postsovet ölkələrinin tarixində də önəmli rol oynamış  qlobal  miqyaslı  şəxsiyyətdir.  Ulu Öndərin işləyib hazırladığı  müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün  də mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza  rolunu oynamaqdadır. Heydər Əliyevin uzun illər ərzində formalaşdırdığı möhkəm bünövrə cənab İlham Əliyevə imkan verdi ki, öz prezidentliyi dövründə Azərbaycanı sürətli  inkişaf yoluna çıxarsın, ölkənin hərbi qüdrətinin durmadan artırılmasını və beynəlxalq dəstəyi təmin etsin. Məhz belə zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət nəticəsində  30 il işğal altında qalan torpaqlarımız  silah  gücünə  düşməndən azad edildi,  ölkənin istisnasız olaraq bütün əraziləri üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərqərar olundu.

Giriş nitqinin dinlənilməsindən sonra konfrans iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər. “Qarabağ Zəfəri -  Heydər Əliyev siyasətinin davamının məntiqi nəticəsidir” mövzusunda çıxış edən ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov misilsiz qələbəni  şərtləndirən amillərdən söz açıb.

Gənc müğənni Vüqar Muradovun ifasında “Ulu bir sərkərdə, Ulu bir öndər”  mahnısının dinlənilməsindən sonra ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Taleh Mirzəyev  “Ekoloji problemlərin həlli Heydər Əliyevin çoxşaxəli fəaliyyətində prioritet istiqamətlərdən biri kimi” adlı məruzə ilə çıxış edib.

Ekranda uşaq xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısı nümayiş olunub, ardınca ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova “Heydər Əliyevin gənclər siyasəti: dünəndən bu günə” mövzusunda  çıxış edib.

Konfrans ADPU-nun “Meh” ədəbi dərnəyi üzvlərinin Zəlimxan Yaqubun “Heydər inamı” şeiri əsasında qurduğu ədəbi-bədii kompozisiyanın təqdim olunması ilə yekunlaşıb.