08 may 2024 23:48
354

Yayda vitamin qəbul etməliyikmi?

Bir çox insanlar immun sistemini gücləndirmək və xəstəliklərdən qorunmaq üçün qış aylarında A, C, D, E kimi vitaminlər qəbul edirlər. Lakin isti aylarda bu vitaminlərin qəbul edilməsinə ehtiyac olub-olmadığı insanlar üçün də maraqlıdır. Görəsən meyvə-tərəvəzlərin bol olduğu bir fəsildə daha çox hansı meyvələri insan orqanizmi üçün xeyirlidir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, immun sisteminin sadəcə dərman və ya vitamin preparatları ilə yüksəltmək lazım olduğu ilə bağlı yanlış düşüncələr var: “Ümumiyyətlə, sağlam immun sistemi üçün önəmli faktorlar arasında doğru və balanslı qidalanmaq, bədənin ehtiyacı olduğu qədər su qəbul etmək, yuxu rejiminə ciddi riayət etmək və stress faktorunu doğru idarə etməkdir. Bu qaydalara normal şəkildə riayət edən insanlarda immun sistemi demək olar ki, hər zaman güclü olur. Lakin bəzən həkim təyin etdiyi analizlərdən sonra hər hansı çatışmazlıq aşkarlanarsa, dərmanlara ehtiyac yarana bilər. Təəssüflər olsun ki, bəzi insanlar heç bir analiz vermədən müxtəlif vitaminlər qəbul edirlər. Ancaq bir insanda vitamin səviyyəsi normaldırsa, kənardan qəbul etdiyi vitamin bədənində mövcud vitamin səviyyəsini kəskin artıra bilər. Vitamin çatışmazlığı nə qədər insan üçün zərərlidirsə, həddən çox olması da bir o qədər zərərli hesab olunur. Qış aylarında Günəş şüaları olmadığı üçün bədənimizdə D vitamini sintezlənmir. Ona görə də qış fəslində bu vitaminə xüsusilə ehtiyacımız olur. Ancaq vitaminin həkim nəzarəti altında qəbul edilməsi tövsiyə edilir. Yay aylarında isə bu vitaminin qəbulu sadəcə həkim nəzərətində aparılmalıdır. Çünki kənardan qəbul edilən D vitamini ilə Günəş şüalarının dəriyə təmasının sintezlənməsi sonradan ciddi simptomlara gətirib çıxara bilər. Yay aylarında qidalanmaya gəldikdə isə deyə bilərik ki, havaların isti keçməsi ilə əlaqədar maksimum dərəcədə ağır kalorili, xüsusən də ət və xəmir yeməklərindən uzaq durmaq lazımdır. Tərkibində suyun miqdarı daha çox olan meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Yayda bədənimiz çoxlu su itirdiyi üçün mütləq maye balansını bərpa etməlidir. Çünki bədənimizdə maye balansı azalarsa, bir çox orqanlarımız və hüceyrələrimiz bundan təsirlənə bilir”.

Sayalı Abasova, “İki sahil”