09 may 2024 01:57
415

Ermənistanın basdırdığı saysız-hesabsız minalar...

Ermənistanın məqsədyönlü işğalçılıq siyasəti nəticəsində Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış 10 ölkəsindən biridir. İlkin qiymətləndirmələrə görə, 30 ilə yaxın davam edən işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb.

Hərbi silah kimi düşünülən minaların qurbanları, əslində, daha çox mülki şəxslər olub. Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən 2020-ci ilədək 3429 nəfər azərbaycanlı minalardan zərər çəkib. Onlardan 595-i həyatını itirib. Statistika göstərir ki, onların əksəriyyəti mülki şəxsdir. Rəsmi İrəvan tərəfindən davam etdirilən mina terroru nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmüharibə dövründə, yəni 2020-ci il noyabrın 10-dan indiyədək isə ümumilikdə 350 azərbaycanlı azad edilmiş ərazilərdə minaya düşüb. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub, 285 nəfər xəsarət alıb.

Bildiyimiz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edirdi. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. Lokal xarakterli antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması təhdidin miqyasını sübut edən digər bir faktdır.

Ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuvalarına təhlükəsiz dönməsini təmin etməkdə aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur.

Bu günə kimi işğaldan azad edilmiş 134 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlk növbədə nəqliyyat və enerji infrastrukturunun keçdiyi ərazilərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaşayış binalarının tikintisi nəzərdə tutulan ərazilərdə minalardan təmizləmə işləri aparılıb. Ümumilikdə 119 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib. Bu minatəmizləmə əməliyyatlarını da ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini uğurla  davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Minatəmizləmə Agentliyinin Türkiyə Respublikası, Böyük Britaniya mütəxəssisləri, ABŞ-ın Aerokosmik Mühəndislik Korporasiyası, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və digər dövlətlərin müvafiq qurumları ilə iş birliyi həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib ki, minalardan təmizləmə baxımından beynəlxalq əməkdaşlıq vacibdir. O, Avropa İttifaqına Azərbaycanın mina probleminə önəm verdiyinə görə təşəkkür edib: “Həqiqətən də, ərazilərin minalanması 30 il ərzində Ermənistan işğalı nəticəsində əmələ gələn problemdir. Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin köməyi bu sahədə vacibdir: “2024-cü ilin may ayında Zəngilanda mina ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Mədəni irsimizə də mina problemi nəticəsində ciddi problem dəyib”.

Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır. Bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən "Avropa komandasının mina əleyhinə təşəbbüsü" tədbirində deyib. Aİ Azərbaycanda minatəmizləmə sahəsində ən böyük donorlardan biridir. 2020-ci ilə qədər Avropa İttifaqı ölkəmizdə humanitar minatəmizləmə işlərinin asanlaşdırılması üçün 10 milyon avrodan çox qrant yardımı ayırıb. Ayrılan əlavə vəsait də nəzərə alınmaqla bu rəqəmin 13 milyon avroya yaxın artacağı gözlənilir.

ABŞ Fondu da minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir. Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun və Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüşündə Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb. E.Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istiqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.

Azərbaycanın mina təhlükəsi ilə bağlı etdiyi beynəlxalq əməkdaşlığa baxmayaraq, ərazilərimizin minalardan təmizlənməsi üçün xərclərin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Dövlət başçımız öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirir.

Nigar Orucova, “İki sahil”