Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Onlardan biri də Quba rayonundakı Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbininı coğrafiya müəllimi Ağadadaş Dadaşovdur. O, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalına da layiq görülüb. Beləliklə, müsahibimiz Ağadadaş Dadaşovdur.
Tanışlıq
Dadaşov Ağadadaş Emin oğlu 1994-cü ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Tam orta təhsilini Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbində almışdır. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Gənclərin çağırışaqədərki hazırlıq fakültəsində coğrafiya nüəllimliyi ixtisası üzrə təhsil almışdır. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Quba rayonunun ucqar dağ kəndində, 1200 metr dəniz səviyyəsindən yüksəklikdə və rayon mərkəzindən 70 km məsafədə yerləşən Teymur Şahbazov adına Xaltan kənd tam orta ümumtəhsil məktəbində coğrafiya müəllimi kimi işə qəbul olunmuşdur. Üç il bu kənddə fasiləsiz fəaliyyət göstərdikdən sonra 2019-cu ildə müəllimlərin yerdəyişmə müsabiqəsində uğur qazanaraq Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbinə iş yerini dəyişmişdir. Hazırda həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Ailəlidir, bir oğlu var.
-Bir könüllü kimi 44 günlük müharibədəki döyüşləri necə xatırlayırsınız?
-Düşmənin canlı qüvvəsini, rabitəçilərini və texnikasını məhv etməli idik. Görünmədən görmək bizim işimiz idi. Təlimat aldıqdan sonra Füzuli istiqamətində hərəkət etdik. Erməni hərbçiləri Tuğa gedən yolu iriçaplı minaatanlardan güclü atəşə tututrdular. Üç gün meşədə qalmalı olduq. Çünki hərəkət etmək təhlükəli idi. Orada həmkəndlim Nahid Həmidovla görüşmək imkanım oldu. O, erməni hərbi birləşmələrindən qənimət kimi ələ keçirilən yük maşınını idarə edirdi. Elə həmin ərazidən adını çəkdiyim həmkəndlim düşmənə əsir düşdü (O, 34 günlük əsirlikdən sonra Vətənə qaytarıldı). Bu hadisə düşmənə olan qəzəbimi və hiddətimi daha da artırdı. Növbəti gün Xocavəndin Dilağardı kəndi istiqamətində irəlilədik. Düşmən tərəfindən atılan qrad mərmisi bölüyümüzün yanacaq maşınının üzərinə düşdü. Həmin gün rəhbərlik etdiyim tağım düşmənin “Ural” markalı maşınını sərrast atəş ilə məhv etdi. Onu da deyim ki, döyüşlərdə snayper tağım komandiri kimi fəaliyyət göstərmişəm. Bütün bunlara rəğmən xeyli itki verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu mənada həmin anları bir daha yada salmaqda bir qədər çətinlik çəkirəm.
-Bəs illər boyu düşmən tapdağı altında olan ərazirlərimizə azad edərkən hansı hissləri keçirirdiniz?
- Təbii ki, qürur və sevinc hissləri... Həmin hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm.
-2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatla müharibəyə son qoyuldu. Bu xəbəri harada aldınız?
-Bu şad xəbəri Xocavənd istiqamətində olarkən aldıq. Sevincimizin həddi-hüdudu yox idi. Haqq savaşından qələbə ilə çıxmış bir ordunun əsgəri olmaqdan qürur duydum.
-Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizi ziyarət etmisinizmi?
-Təəssüf ki, hələ də işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etmək mənə nəsib olmayıb. Sözün düzü, bu barədə bir az gileyliyəm.
-Siz 4 günlük Aprel döyüşlərinin də iştirakçısı olmusunuz. Bu barədə nəsə demək istərdinizmi?
-2016-cı ilin Aprel döyüşlərində qəhrəman general-mayor Polad Həşimovun komandanlığı altında Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. O mənim yaddaşıma hər zaman əsgəri düşünən, qəhrəman və igid bir general kimi həkk olunub.
Bu müharibədəki təcrübəm Vətən müharibəsində də öz sözünü dedi. Hətta 44 günlük müharibədə otuz beş nəfərlik snayper tağımına rəhbərlik də mənə həvalə olunmuşdu. Onu da qeyd edim ki, mən hələ Aprel döyüşlərində kiçik çavuş rütbəsində motoatıcı manqa komandiri kimi hər bir əsgərimizdəki, zabitimizdəki çox yüksək döyüş ruhunun şahidi olmuşam. Elə bu yüksək ruh da bizə 44 günlük Vətən müharibəsində qələbə qazandırdı.
-Bir müəllim kimi döyüş yolunuzla bağlı xatirələrinizi qələmə almaq fikriniz varmı?
- Öz döyüş yolum haqqında kiçik də olsa bir kitabça nəşr etdirməyi çox istərdim. Amma hələ ki, müxtəlif qəzet və saytlara müsahibələr verməklə kifayətlənirəm. Yeri gəlmişkən, buna görə də mətbuat işçilərinə təşəkkürümü bildirirəm.
- Şagirdləriniz sizi Qarabağı işğaldan azad edənlərdən biri kimi tanıyırlar. Onlara bir döyüşçü kimi nələri təlqin etməyə çalışırsınız?
-Bir müəllim kimi gənc nəslə ölkəmizin coğrafiyasını, tarixi sərhədlərini, çağdaş tariximizi öyrətməklə yanaşı, hər zaman vətənpərvərlik ruhunu qoruyub saxlamağı, milli mənafeyimizi müdafiə etməyi aşılayıram. Şübhəsiz, bu söhbətlərimdə 44 günlük Vətən müharibəsi əsas yer tutur. Məhz buna görə də ümumtəhsil məktəblərinin 9-cu siniflərində tədris olunan və Azərbaycan tarixinin tərkib hissəsi sayılan “Zəfər tarixi” məşğələ saatları çalışdığım məktəbdə mənə həvalə olunub. Mən də həmin saatlarda “Zəfər tarixi” kitabında adı keçən qəhrəmanlarımız ilə çiyin-çiyinə döyüşən bir müəllim kimi onların hər biri haqqında daha əhatəli məlumat verir və bununla da gənc nəslin vətənpərvərlik ruhunda yetişmələrinə öz töhfəmi verirəm. Hə, bir də onlara Vətən uğrunda canından keçən şəhidlərimizi heç zaman unutmamağı tövsiyə edirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaəti bir nümunədir. Odur ki, şagirdlərimi, həmçinin sosial şəbəkələrdə fəallıq göstərərək qəhrəmanlarımızı tanıtmağa, onlar haqqında daha çox paylaşımlar etməyə çağırıram. Bir məqamı da vurğulamaq istərdim. Bu gün ölkəmizdə şəhid ailələri, qazilər, eləcə də müharibə iştirakçıları böyük nüfuza malikdirlər. Şübhəsiz, bu, dövlətimizin bu kateqoriyadan olan şəxslərə diqqət və qayğısından irəli gəlir.
- Ümumiyyətlə, 44 günlük müharibəni necə xarakterizə edərdiniz?
-2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuz illik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Yəni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Əldə etdiyimiz Qələbə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Prezident İlham Əliyevin uzaqgörənliklə və yenilməz iradə ilə apardığı siyasət nəticəsində lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi də bərpa olundu.
-Vətən müharibəsindəki Zəfərdə gənclərimizin rolu danılmazdır. Bu haqda nə demək istərdiniz?
- Bu sualla əlaqədar tarixi Qələbəmizdən sonra Qarabağa ilk səfəri zamanı Prezident İlham Əliyevin gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlıqlarını yüksək dəyərləndirərək dediyu bu sözləri xatırlatmaq istərdim: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib… Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Bəli, ordu sıralarında Vətən torpaqlarının azadlığı uğrunda döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində dünya birliyinin 30 il susduğu ədalətsizliyə son qoyuldu, əldə olunan şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, xalqımız otuz ilin həsrətindən sonra tarixi torpaqlarımıza qovuşdu. Vətənə böyük Zəfər qazandırmış Azərbaycan gəncliyinin bundan sonra da ölkəmizin möhtəşəm nailiyyətləri ilə tariximizin yeni şanlı səhifələrini yazacaqlarına şübhə etmirəm.
-44 günlük müharibədə iştirakınız qiymətləndirilib. Bəs, tədris prosesində innovativ metodlardan istifadə edən Ağadadaş müəllimin pedaqoji fəaliyyəti necə dəyərləndirilib?
- Mən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi “Fərq yaradan gənc müəllim 2022 müsabiqəsi”nin respublika üzrə 10 nəfər finalçısından biriyəm. Bu qurumun 2-ci və 3-cü Şəbəkələşmə forumlarının, həmçinin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçısı olmuşam. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təsis etdiyi “100 illik yubiley” medalı ilə təltif olunmuşam və “Qəhrəman təhsil işçiləri” kitabında haqqında da məlumat verilib. 2021-ci ildə isə Elm və Təhsil Nazirliyi tərəfindən “Zəfər ilinin müəllimi” seçilmişəm. Bir də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin bir çox təltifləri ilə mükafatlandırılmışam.
Qvami Məhəbbətoğlu, “İki sahil”