10 may 2024 02:36
266

Qlobal firmalar Banqladeşin beynəlxalq tenderinə maraq göstərir

Banqladeş Benqal körfəzindəki 24 blokda neft və qazın kəşfiyyatı üçün beynəlxalq tender elan edib.

Yeddi qlobal şirkət Banqladeşin dənizdə neft və qaz kəşfiyyatı ilə bağlı tender təklifinə maraq göstərib.

Energetika və mineral ehtiyatlar üzrə dövlət naziri Nasrul Hamid çərşənbə günü seminarda bildirib ki, hökumət gələn ilə qədər blokları tenderin qalibinə təhvil verməyə hazırlaşır.

Onun sözlərinə görə, quruda da kəşfiyyat üzrə ayrı tender keçiriləcək.

Nazir proqnozlaşdırıb ki, bütün prosesi başa çatdırdıqdan sonra qazın hasil olunması üçün daha 6-7 il lazım ola bilər.

Banqladeşin “Petrobangla” dövlət enerji şirkətinin elan etdiyi tenderdə qeyd olunan bloklardan 9-u dayaz dənizdə, 15-i isə dərin dənizdədir. Tender sənədləri üçün son təqdimetmə tarixi sentyabrın 9-dur. Sənədlər həmin gün seçilmiş nümayəndələr qarşısında açılacaqdır.

Seminarda 15 podratçı firmanın 40-dan çox nümayəndəsi iştirak etmişdir. Onların arasında Malayziyanın “Petronas”, ABŞ-ın “ExxonMobil”, “Chevron” şirkətləri, Yaponiyanın “INPEX” korporasiyası, Çinin “CNOOC” İtaliyanın “Eni” enerji şirkəti və müstəqil beynəlxalq şirkət olan “Chris Energy” də var.

Banqladeşdə neft və qaz hasilatı və kəşfiyyatı ilə əvvəldən məşğul olan böyük “Chevron” şirkəti, həmçinin regionda quyuların qazılması və biznesin aparılması təcrübəsini bölüşüb. “Bugünkü proqram insanların Banqladeşdə dənizdə neft-qaz kəşfiyyatına olan marağını sübut edir. "Burada böyük yanacaq bazarımız var və böyük qlobal firmalar maraq göstərir”, -deyə şirkət rəsmisi bildirib.

“Benqal körfəzinin təbii ehtiyatları hələ tam çıxarılmayıb. Banqladeş və Hindistanı əhatə edən bölgədə qalıq yanacaqlar üçün böyük bir bazar var. Təkcə Banqladeşin çoxlu neft və qaza ehtiyacı var. Bura həm də dünyanın digər müharibə bölgələri ilə müqayisədə nisbətən sakit yerdir”, - nazir Nasrul Hamid qeyd edib.

Nubar Süleymanova, “İki sahil”