11 avqust 2026 20:45
84

Sülh gündəliyinə sadiqlik

Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycanın Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması sadəcə nəqliyyat və logistika sahəsində texniki dəyişiklik deyil, regionun geoiqtisadi xəritəsini yenidən formallaşdırmaq potensialına malik strateji bir gedişdir

Cənubi Qafqazda post-münaqişə dövrünün ən mühüm və dönüş nöqtəsi sayıla biləcək addımlarından biri Azərbaycanın Ermənistana münasibətdə tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması oldu. Bu qərar sadəcə nəqliyyat və logistika sahəsində texniki dəyişiklik deyil, regionun geoiqtisadi xəritəsini yenidən formallaşdırmaq potensialına malik strateji bir gedişdir. Azərbaycanın bu addımı ilk növbədə regional sülh gündəliyinə verilən praktik dəstəyin göstəricisidir. İllərdir davam edən kommunikasiya blokadasının aradan qaldırılması istiqamətində birtərəfli addım atmaqla Bakı diplomatiyada təşəbbüskarlığı tam olaraq öz əlinə aldı. Beynəlxalq təcrübə də göstərir ki, siyasi ziddiyyətlərin həllində iqtisadi və logistik inteqrasiya ən effektli alətdir. Tranzit məhdudiyyətlərinin ləğvi iki ölkə arasında etimadsızlıq divarını sökən ilk addımlardandır. Azərbaycan beynəlxalq aləmə göstərdi ki, regionda eskalasiyada deyil, nəqliyyat yollarının açılmasında və sabitliyin bərqərar olunmasında maraqlıdır.

“Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin ruhuna uyğun olaraq, Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb”. Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə bəyanatında deyilir. Bəyənatda həmçinin qeyd edilir ki, bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, 2026-cı ilin ilk dörd ayında Azərbaycanın Ermənistana ixracının həcmi 9,5 milyon dolları ötüb. Bu dövrdə Ermənistana dizel yanacağı, həmçinin Aİ-92 və Aİ-95 markalı benzin göndərilib. Yay aylarına doğru Biləcərı dəmir yolu stansiyasından Ermənistana göndərilən yanacağın həcmi on minlərlə tona çatıb. Bir neçə il əvvəl Azərbaycanın Ermənistana yanacaq ixrac etməsi real görünməsə də, hazırda bu proses adi iqtisadi münasibətlər çərçivəsində həyata keçirilir. Üçüncü ölkələrdən Ermənistana gedən yüklərin bir hissəsi Azərbaycan ərazisindən keçməyə başlayıb. Azərbaycan dəmir yolları ilə Ermənistan istiqamətində 32 min tondan çox taxıl, 7 min tondan artıq gübrə və digər məhsullar daşınıb. Bu, 1990-cı illərin əvvəllərindən etibarən ilk dəfə Azərbaycan dəmir yolu vasitəsilə Ermənistana birbaşa yük daşımalarının həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

Məlumdur ki, Ermənistan uzun illərdir ki, regional layihələrdən kənarda qalaraq iqtisadi təcrid vəziyyətində yaşayırdı. Bakının birtərəfli qərarı İrəvan üçün iqtisadi bataqlıqdan çıxmaq və qonşuları ilə normal ticarət münasibətləri qurmaq üçün nadir imkandır. Azərbaycanın birtərəfli addımı Ermənistan rəhbərliyi qarşısında aydın seçim qoyur: Ya konstruktiv mövqe nümayiş etdirərək adekvat addımlar atmaq və iqtisadi inteqrasiyadan faydalanmaq, ya da regional inkişafın kənarında qalmağa davam etmək. Ermənistanın da qarşılıqlı olaraq öz ərazisindən keçən nəqliyyat xətlərinin (xüsusilə Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək marşrutun) təhlükəsizliyini və maneəsiz hərəkətini təmin etməsi prosesin tamamlayıcı halqası kimi çıxış edir. Bütün bunlar İrəvan üçün həm qısamüddətli, həm də uzunmüddətli dövrdə ciddi geoiqtisadi və sosial-struktur üstünlüklər yaradır. Belə ki, Mərkəzi Asiyadan (məsələn, Qazaxıstan taxılı) və Rusiyadan gələn yüklərin birbaşa Azərbaycan dəmir yolu şəbəkəsi vasitəsilə daşınması loqistika zəncirini qısaldır və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə endirir. Məhdudiyyətlərin ləğvi taxıl, kənd təsərrüfatı məhsulları və digər strateji xammalın ölkəyə daha tez və ucuz daxil olmasına imkan verir. Birtərəfli tranzit rejimi regionda neft, neft məhsulları və enerji daşıyıcılarının daha əlverişli şərtlərlə tədarükünə zəmin yaradır. Həmçinin regional blokadanın aradan qalxması Ermənistanın investisiya risk indeksini aşağı salır və ölkəyə xarici kapitalın axınını stimullaşdırır. Eləcə də Azərbaycanın tranzit qadağasını qaldırması Ankara-İrəvan münasibətlərinin normallaşması və Türkiyə-Ermənistan sərhədinin açılması prosesini sürətləndirən əsas amil rolunu oynayır.

Bir sözlə, Azərbaycanın bu qərarı Cənubi Qafqazda güc nisbətinə əsaslanan münaqişə mərhələsini bağlayaraq, qarşılıqlı iqtisadi asılılıq və sülh yolu ilə inkişaf dövrünün təməlini qoyub. İndi əsas məsələ regional aktorların bu tarixi şansdan nə dərəcədə səmərəli istifadə edəcəyidir.

Sevinc Azadi, “İki sahil”