09 may 2024 19:10
531

Ermənistan həmişə olduğu kimi riyakarcasına davranır - AÇIQLAMA

Rusiyanın hesabına öz iqtisadiyyatını ayaqda saxlayır, amma digər müstəvilərdə Rusiyaya xəyanət edir, eyni formada Qərblə də davranır

Burada başlıca səbəb ondan ibarətdir ki, Ermənistanda siyasi rejim Qərb tərəfindən formalaşdırılıb. Paşinyanın hakimiyyətə gətirilməsinin əsas səbəbi ondan ibarət oldu ki, o sərt anti-Rusiya mövqeyindən çıxış edirdi. Onun hakimiyyətə gəlməmişdən rəhbərlik etdiyi hərəkat da “Çıxış” adlanırdı. Yəni, Ermənistanı Rusiyanın olduğu təşkilatlardan çıxarmaq, uzaqlaşdırmaq Paşinyanın əsas ideyası idi. Ona görə də Qərb dairələri öz geosiyasi mübarizələrinin bir istiqaməti olaraq Paşinyanın hakimiyyətə gətirilməsinə dəstək oldular. 2018-ci ildə Ermənistanda dövlət çevrilişini təşkil etdilər. Paşinyan hakimiyyətə gəldi və ardınca da gördüyümüz kimi sərt anti-Rusiya mövqeyini sərgiləməyə başladı. Bu gün də bu mövqedən geri çəkilmir. Sadəcə olaraq Rusiyadan hər mənada çox asılıdır. Ayrıca olaraq Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistana çox ciddi dividendlər gətirir. Avropa İttifaqı, ümumilikdə Qərb bunu əvəzləyəcək təkliflər irəli sürə bilmirlər, bu imkanları mövcud deyil. Bildiyimiz kimi, aprelin 5-də Brüssel şəhərində keçirilən görüş zamanı Avropa İttifaqının Ermənistana 270 milyon avro, ABŞ-nin isə 65 milyon dollar yardım edəcəyi haqqında məlumatlar yayıldı. Bunu da Avropa İttifaqı qrantlar formasında 4 il müddətinə verəcək. Yəni, bu, Ermənistanı xilas edəcək məbləğ deyil.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi.

Deputat qeyd etdi ki, bu gün Ermənistan öz dəqiq yönünü tam nümayiş etdirə bilmir. Əslinə qalsa, siyasi hakimiyyət Qərb yönünü özü üçün müəyyənləşdirib. Yəni Qərblə NATO çərçivəsində sıx əməkdaşlıq edir. KTMT çərçivəsində fəaliyyətini dondurub və bu təşkilata maliyyə vəsaitini ödəmək istəmədiyini də bildirib. Məsələnin iqtisdadi tərəfinə gəldikdə isə Ermənistan həmişə olduğu kimi riyakarcasına davranır, Rusiyanın hesabına öz iqtisadiyyatını ayaqda saxlayır. Amma digər müstəvilərdə Rusiyaya xəyanət edir, zərbələr vurur. Hesab edirəm ki, eyni formada həm də Qərblə davranmaqdadır. Yəni, Ermənistan dövləti siyasi alverlə məşğul olmaqdadır. Təbii ki, belə olan halda bu dövləti heç kim ciddi tərəfdaş kimi qəbul etməyəcək və Ermənistan daha da acınacaqlı vəziyyətə düşəcək. Ayrıca olaraq bu ölkə Qərbin region üçün çox təhlükəli oyunlarının alətinə də çevrilib və özünün bütün maraqlarından getdikcə daha artıq dərəcədə imtina etmək məcburiyyətində qalacaq.

Elşad Mirbəşiroğlu vurğuladı ki, Ermənistanın müstəqil qərar qəbul etmək, müstəqil siyasət həyata keçirmək imkanları çox böyük sürətlə daralmaqdadır. Amma yenə də Qərblə Rusiya arasında hələlik müəyyən manevr imkanlarından istifadə etməyə çalışır. Bu, çox uzun sürməyəcək. Biz növbəti dəfə görürük ki, Ermənistan öz davranışlarında heç bir ciddiyət sərgiləmir. Ermənistanı idarə edənlər Qərbdən gələn təlimatlar əsasında davranmaqdadır. Hesab edirəm ki, bütün bunlar çox yaxın gələcəkdə Ermənistanın özü üçün daha da acınacaqlı nəticələri şərtləndirəcək. 

Cavid Əkbər, “İki sahil”