10 may 2024 14:00
300

COP29 çərçivəsində ağacəkmə aksiyası və fləşmob keçirilib

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmob keçirilib.

“İki sahil” bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti Media və Kommunikasiya Departamentinə istinadla xəbər verir.

İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya gəlib.

İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və zeytun ağacı əkib.

Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı ilə Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbiri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan fləşmob nümayiş etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyası və fləşmob COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkil olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər iştirak edib.