15 may 2024 15:27
497

Fransa revanşistləri və erməni kilsəsini təxribatlara təhrik edir - HƏRBİ EKSPERT

Elxan Şıxəliyev: Hadisələrin gedişatı isə göstərir ki, avantürist qüvvələrin cəhdləri mənasızdır

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri bu cəmiyyətdə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə olduğunu göstərir. Bu gün  erməni Qriqoriyan kilsəsi Ermənistan hakimiyyətinə qarşı açıq müharibəyə başladığını elan edib, bəzi radikal qüvvələr də kilsənin bu addımını dəstəkləyir və onlara yardım göstərir. 
Hazırda bölgədə baş verənlər, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanaması üçün yaranan münbit mühit, sərhədlərin demarkasiyasının və delimitasiyasının başlandığı bir məqamda erməni keşişlərin meydana atılması maraqlı tərəflərin planlaşdırdıqları ssenarinin bir motividir. Hadisələrdən əvvəl Tavuşa gələn, yerli sakinlərlə görüşündə bu torpaqların Azərbaycana məxsus olduğunu bildirən Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri bu ərazini tərk etməyə çağırmışdı. Sülh sazişinin izalanmasına xəfif imkan yaradan bu çağırış rəsmi İrəvanı yeni müharibəyə hazırlayan Qərbin, ən başlıcası Fransanın, ABŞ-ın ürəyincə olmadığı üçün dəfələrlə sınaqdan keçirilən təcrübə, din xadimlərindən istifadə metodu yenidən aktuallaşmışdır.

Bu fikirləri hərbi ekspert Elxan Şıxəliyev "İki sahil"ə açıqlamasında bildirdi.

Elxan Şıxəliyev qeyd etdi ki, bəzi Qərb dövlətləri, o cümlədən Fransa Ermənistanın revanşist və separatçı qüvvələrini, həmçinin kilsəni Azərbaycana qarşı təxribatlara təhrik edirlər. Onlar unudurlar ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan, hərbi potensialı məhv edilən  Ermənistan nə revanş almaq, nə də reallığı dəyişdirmək iqtidarındadır. Hadisələrin gedişatı isə göstərir ki, avantürist qüvvələrin cəhdləri mənasızdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar: “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır”. Yəqin, Ermənistan və havadarları Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunun gələcək inkişafı baxımından son dərəcə önəmli olan  bu və digər mesajlarından nəticə çıxaracaqlar. 

Amma reallıq budur ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri davam edir. Delimitasiya işlərinin davam etdirilməsi göstərir ki, vasitəçilərsiz, ikitərəfli qaydada birgə işləməklə müsbət nəticələrə nail olmaq mümkündür.

Şəmsiyyə Əliqızı, “İki sahil”