21 may 2024 00:12
285

Əli Kərimlinin siyasi korafəhmliyi

O, peşəkar avantürist və donosçudur

1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən bədnam AXC-Müsavat iqtidarında təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin əslində qorxaq, cəsarətsiz, pula həris, özünün şəxsi mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 23 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması bu antimilli ünsürün  sosial şəbəkələrdəki statuslarından da aydın görünür. O, yazır: «Parlament seçkiləri nə zaman keçiriləcək? Konstitusiya və qanunlarla idarə olunan normal dövlətimiz olsaydı, hamı bilərdi ki, Milli Məclisə növbəti seçkilər bu ilin noyabr ayının ilk bazar günü, yəni noyabrın 3-də keçirilməlidir. Bəs, İlham Əliyev nəyə görə xalqa, hətta Milli Məclis üzvlərinə belə demir ki, seçkiləri nə vaxta təyin edəcək? Ona görə ki, cəmiyyəti, siyasi partiyaları, deputatlığa namizəd olmaq istəyənləri qəfil yaxalamaq istəyir.»

Görün bu adam nə qədər savadsız və yarımçıqdırsa, hələ də ölkə Konstitusiyasından və Prezidentin səlahiyyətlərindən,  Seçki Məcəlləsindən bixəbərdir. O, hələ də anlamır ki, Azərbaycan Respublikasının Prezidenti dövlətin ali rəhbəri kimi növbədənkənar prezident və parlament seçkilərinin vaxtını təyin etmək hüququna malikdir.  Digər tərəfdən, o, bilməlidir ki, həm parlament, həm də prezident seçkilərinin vaxtı təyin olunan kimi namizədlərin qeydiyyatı və seçkilərə hazırlıq müddəti Seçki Məcəlləsinə uyğun tənzimlənir. Yəni, seçki günü elan olunduqdan 2 ay sonra seçkilər keçirilir.

Burada Əli Kərimliyə veriləcək haqlı sual da yaranır: Əgər azad seçki istəyirdinizsə, nə üçün 2024-cü ilin fevralın 7-də demokratik şəraitdə keçirilən növbədənkənar prezident seçkilərində iştirakdan imtina etdiniz? Əvəzində sizlər siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri  növbəti dəfə boykot etməklə cəmiyyətdə sıfır səviyyəsində olan nüfuzunuzu pərdələməklə məşğul oldunuz. Təbii ki, siyasi ekspertlərin də söylədikləri kimi, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarı öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanırdı.

Əli Kərimli sosial şəbəkə statusunda statusunda yazır ki, rejim «Milli Şura»nın mitinq müraciətlərinə ardıcıl olaraq  «yox» deməklə ölkədə sərbəst toplaşmaq azadlığını qadağan etdiyini rəsmiləşdirib. Yenə də uydurma, yenə də böhtan. Əvvəla, onun hakimiyyəti «rejim» adlandırması heç bir siyasi etikaya sığmır. O, bu ifadəni işlətməklə Azərbaycan dövlətini və onun rəhbərini nüfuzdan salmağa çalışır. Bununla da xarici anti-Azərbaycan qüvvələrinə ölkəmizə qarşı kampaniya aparmaq üçün növbəti dəfə pas atmış olur. Düzdür, onun siyasi nüfuzu o qədər aşağıdır ki, bu antimilli ünsürü nə ölkəmizdə, nədə ki, xaricdə diqqət edib adam yerinə qoyan yoxdur. Ancaq bununla belə, atalarımız demişkən milçək bir şey olmasa da könül bulandırır…

Əli Kərimli daha sonra ağzı sulana-sulana Azərbaycanda siyasi məhbusların bolluğundan danışır. Halbuki, onun siyasi məhbus kimi beynəlxalq təşkilatlara təqdim etdiyi adamların əksəriyyəti özləri etiraf ediblər ki,  siyasi məhbus deyillər və konkret cinayət işi ilə əlaqədar həbs olunublar. Elə götürək keçmiş deputat, iş adamı Nazim Bəydəmirlini… O, müxalifətə sərt mesajlar verərək onu siyasi məhbus elan etmələrinə narazılığını ifadə edib.

Bundan başqa, dağıdıcı müxalifətin şəhərin mərkəzində mitinq tələbinə ona görə icazə verilmir ki, onlar paytaxtın ən qələbəlik yerlərində mitinq keçirməklə insanların hərəkətinə və istirahətinə maneçilik törədirlər. Bakı Şəhər İcra Hakimiyyətinin  müxalifətə təklif etdiyi yerlərə isə onlar getmək istəmirlər. Çünki sosial bazası çox zəif olan dağıdıcılar şəhərin mərkəzində, insanların gur olduğu yerlərdə mitinq keçirməklə saylarının azlığını  orada hərəkətdə olan və dincələn insanların hesabına pərdələmək istəyirlər.

Elçin Zaman, «İki sahil»