21 may 2024 01:15
363

Vətən bağı al-əlvan don geyinir!

Tezliklə Cəbrayıl da Böyük Qayıdışın növbəti ünvanlarından olacaq

Qarabağa və Şərgi Zəngəzura yenidən həyat qayıdır, erməni vəhşiliyinin qurbanına çevrilmiş yurd yerlərimiz bir-birinin ardınca cənnətə çevrilir. Uzun illər öz doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı prosesini sürətləndirmək, bərpa edilən, daha doğrusu yenidən tikilən yaşayış məntəqələrində sakinlər üçün rahat və müasir standartlara uyğun həyat şəraitinin yaradılması üçün işğaldan azad edilmiş torpaqlarımızda bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir. Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşması nəticəsində həyata keçirilən məqsədyönlü layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin inkişaf etmiş regiona çevrilməsi üçün zəmin yaradır.

Qeyd edilən işlərin gedişi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır, layihələrin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün dövlət başçısı müvafiq göstərişlər verir. Məhz möhtərəm Prezidentimizin bu diqqəti sayəsində Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biridir. Dövlət başçısının 2022-ci il noyabrın 16-da imzaladağı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam da məhz bu prioritetlərə əsaslanan hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Sözügedən Dövlət Proqramında keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. Beşillik müddəti əhatə edən həmin dövlət proqramı çərçivəsində 2026-cı ilin sonunadək ümumilikdə 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.

Əsas hədəf isə məcburi köçkünlük həyatı ilə vidalaşanlar üçün ən müasir standartlara uyğun yaşayış şəraitinin yaradılması, onların qısa vaxtda təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dediyi kimi: “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər”.

Təsadüfi deyil ki, dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir və hər növbəti səfər yeni açılışlar, həmçinin yeni təməllərin atılması, mühüm layihələrin icrasının başlanılması ilə yadda qalır. 2024-cü il mayın 18-də isə Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan yaşayış məntəqələrinin sırasına daha dörd kənd – Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri də əlavə edilib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib ki, Cəbrayılın sözügedən kəndlərinə birinci mərhələdə ümumilikdə 3193 sakin köçürüləcək.  İlkin olaraq Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. 2040-cı ilədək isə 6230 nəfər əhali üçün 1074 fərdi ev və çoxmərtəbəli yaşayış binaları layihələndirilib. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.

İ.Rzayeva Karxuluda görüləcək işlər haqqında məlumat verərkən bildirib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakinin dayanıqlı məskunlaşdırılması nəzərdə tutulur: “Burada iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən birinci mərhələdə 691 sakin üçün 145 fərdi evin tikintisi planlaşdırılır.”

Sarıcallı kəndində də iki tam orta məktəbin, 4 uşaq bağçasının layihələndirilməsi nəzərdə tutulub. Burada ilk mərhələdə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Cəbrayıl rayonunun dövlət başçısı tərəfindən təməli qoyulmuş daha bir kəndinin – Maşanlının isə 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Bu kənddə də tam orta məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. İlk mərhələdə Maşanlıda 236 fərdi evə 944 sakin köçürüləcək. Hər dörd kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq, inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək.

Bütün bu görülməsi planlaşdırılan işlər, həyata keçirilən genişmiqyaslı layihələr uzun illər doğma yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünləri sürətlə ən böyük arzularının reallaşacağı ana yaxınlaşdırır. Tezliklə didərginlik həyatı bitən onminlərin sırasına cəbrayıllılar da qoşulacaq. Onların köç karvanları “bağı al-əlvan don geyinən” Vətənə, yenidən qurulan cənnət Cəbrayıla istiqamətlənəcək...

Mahir Rəsuloğlu, “İki sahil”